Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunda hərbi hissənin açılışında iştirak edib

0

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Müdafiə naziri yeni inşa edilən hərbi şəhərciyin baş planı barədə Ali Baş Komandana məlumat verdi.
Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti salamladı və hərbçiləri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdi.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışından…

– Bu gün biz Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edirik, azad olunmuş Kəlbəcərdə. Eyni zamanda, bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi açılır.
Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə – hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.
Biz Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi hissəsi açılmışdır. Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq.
Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq….

Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər…
Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qeyd edirik, qürurla qeyd edirik. Onu da deməliyəm, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi. Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur.
Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub – işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!
Hərbçilər: Qarabağ Azərbaycandır!

x x x

Sonra Azərbaycan Respublikası Prezidentinin komando hərbi hissəsinə döyüş bayrağının verilməsi haqqında təqdimatı oxundu.
Polkovnik-leytenant Fəxrəddin Cavadov döyüş bayrağını Ali Baş Komandandan qəbul edərək and içdi.
Sonra komando hərbi hissəsinin şəxsi heyəti Müzəffər Ali Baş Komandan qarşısında “Komando andı”nı qəbul etdi.
Ali Baş Komandan “Komando andı”nı qəbul edən şəxsi heyəti təbrik etdi.
Şəxsi heyət təntənəli marşın sədaları altında döyüş bayrağı ilə tribunanın önündən keçdi.
Daha sonra Prezident İlham Əliyev hərbi şəhərcikdə əsgər yeməkxanası, tibb məntəqəsi, əsgər yataqxanası ilə tanış oldu, yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə maraqlandı.
Qərargah binasındakı akt zalında Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev əməliyyat şəraiti barədə Ali Baş Komandana məlumat verdi.
Sonra Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində uzunömürlülük rəmzi kimi çinar ağacı əkdi, şəhidlərin xatirəsinə ucaldılan abidə-kompleksini və “Dəmir yumruq” abidəsini ziyarət etdi.
Ali Baş Komandan Silahlı Qüvvələr Günü və yeni hərbi hissənin açılışı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyini və şəxsi heyəti bir daha təbrik etdi, onlara uğurlar arzuladı.

 

 190 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »