Siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin Zəngilana səfəri başlayıb

0

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşır.

İctimairey.az xəbər verir ki, Zəngilana təşkil olunan səfər çərçivəsində iştirakçılar işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti, habelə “Böyük qayıdış”ın rəmzi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə tanış olacaq, habelə Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu səfər sayca dördüncüdür. Siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Prezident İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə üstünlük verməsinin təzahürüdür.

Xatırladaq ki, ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam və Şuşa şəhərlərinə təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri ötən il martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfər oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Ölkə siyasiləri üçüncü dəfə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə cari il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıb, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar iqtidar tərəfindən təşkil olunmuş rəsmi dövlət tədbirində iştirak ediblər.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »