Nizami Gəncəvi beynəlxalq mərkəzinin təşkilatçılığı ilə baş tutan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq hökumət və dövlət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, həmçinin digər nüfuzlu qonaqlar iştirak ediblər. Forum çərçivəsində Azərbaycanda səfərdə olan Ekvadorun sabiq Prezidenti, Ekvadorun tarixində ilk qadın dövlət rəhbəri olan Rosalia Arteqa Serrano Nizami Muzeyini ziyarət edib.
İctimairey.az xəbər verir ki, qonağa muzeyin yaranma tarixi, zəngin ekspozisiya zallarında saxlanılan eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycan ədəbiyyatının keçdiyi şərəfli yol, bu ədəbiyyatı yaradan dahilər – Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli və başqaları haqqında məlumat çatdırılıb. Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan dəyərlər böyük marağa səbəb olub. Muzeyin ekspozisiyasında nümayiş etdirilən xalçalar, miniatürlər, orta əsrlərə aid kaşılar və xatirə əşyaları ekvadorlu qonaqları heyran edib.
Sonra muzeyin baş direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovla görüşən Rosalia Arteqa Serrano muzeyin binasını unikal memarlıq abidəsi adlandıraraq ekspozisiyasını görməkdən də böyük zövq aldığını dilə gətirib.
“Britannika” ensiklopediyasının redaksiya şurasının üzvü olan sabiq Prezident Nizami Muzeyinin zəngin ekspozisiyası ilə tanışlığından sonra muzeyin “Rəylər kitabı”na da ürək sözlərini yazıb. Azərtac