Bərdədə uşaqlara bayram sevinci bəxş olunub- FOTO

0

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil edib. Tədbirdə regional idarənin, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər

İctimairey.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan sərgiyə baxış keçiriblər. Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova bildirib ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bayram dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş şəkildə qeyd edilir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

İdarə rəisi bildirib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan uşaqlarının sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olub

Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür.

Tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. Sonda uşaqların da iştirakı ilə səmaya sülh rəmzi olan göyərçinlər buraxılıb. Azərtac

 42 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »