Pakistanda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

0

 Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda 28 May – Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirib.

İctimairey.az xəbər verir ki, tədbirdə Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi, bu ölkənin Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra ölkəmizin Pakistandakı səfir Xəzər Fərhadov çıxış edərək 104-cü ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) keçdiyi müstəqillik yolu haqqında danışıb. Səfir demokratik respublikanın 1918-ci il mayın 28-də yaradıldığını bildirib və müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu diqqətə çatdırıb.

X.Fərhadov AXC dövründə demokratik hüquq və azadlıqların bərqərar olduğunu, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların tanındığını vurğulayaraq o dövrdə hətta bir çox Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verildiyini qeyd edib. Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsilin inkişafına xüsusi diqqət yetirildiyini bildirib.

Səfir 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqının AXC-nin ənənələri əsasında müstəqil Azərbaycan Respublikası qurduğunu və bərpa edilmiş müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyətinin inkişafı prosesi uğurla davam etdirildiyini bildirən X.Fərhadov bu uğurların Azərbaycan xalqının həyatının bütün sahələrində öz əksini tapdığını qeyd edib. Vətən müharibəsindən söhbət açan səfir 2020-ci ildə məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayıb.

Azərbaycan – Pakistan münasibətlərinə də toxunan səfir 2022-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu bildirib və bu əlamətdar günün silsilə tədbirlərlə qeyd olunacağını diqqətə çatdırıb. X.Fərhadov həmçinin iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini deyib və nümunə olaraq artıq cari ilin martından etibarən Lahor və Karaçi şəhərlərindən Bakıya birbaşa reyslərə start verildiyini, iyun ayından isə İslamabaddan ölkəmizin paytaxtına birbaşa uçuşlara başlayacağını, eləcə də Hökumətlərarası Birgə Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qruplarının sayının 10-a çatmasını vurğulayıb.

Murtaza Caved Abbasi öz çıxışında ilk öncə ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Azərbaycan və Pakistan münasibətlərindən danışan federal nazir Azərbaycanın Pakistan xalqının ürəyində xüsusi yerə sahib olduğunu bildirib və Azərbaycanı qardaş ölkə kimi qəbul etdiklərini ifadə edib. Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edən nazir bu ölkənin keçmiş Dağlıq Qarabağ münaqişəsi, eləcə də Vətən müharibəsi dövründə qardaş Azərbaycanı dəstəklədiyini söyləyib. 44 günlük Vətən müharibəsindən söz açan Murtaza Caved Abbasi Azərbaycanın öz əzəli torpaqlarını 2020-ci ildə işğaldan azad etdiyini vurğulayıb və bu münasibətlə Pakistanın qardaş Azərbaycanı təbrik etdiyini diqqətə çatdırıb.

Pakistan üçün qardaş Azərbaycanın vacib ölkə olduğunu ifadə edən nazir ölkələrimiz arasındakı bütün sahələr üzrə, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda Müstəqillik Gününün 104-cü ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkdirilib.

Tədbirdə ölkəmizin tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi keçirilib. Həmçinin ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.

Qulu Kəngərli Azərtac

 56 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »