“İlham Əliyev Ermənistan iqtidarını da, müxalifətini də seçim qarşısında qoyub”

0

İşğaldan azad edilmiş rayonlarda bərpa və quruculuq işlərinin dövlət başçısı tərəfindən daim nəzarətdə saxlanmasını müsbət hal kimi qiymətləndirirəm. Prezident İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərlər etməsi və bu səfərlər zamanı həm sözügedən ərazilərdə yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması, həm də postmünaqişə dövrünün reaallıqları ilə bağlı Ermənistana, onun havadarlarına və dünyaya ismarıclar verilməsi artıq bir ənənə halını alıb. Dövlət başçısının Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri səfəri və onun Zəngilanın Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən toxunduğu məsələlər, verdiyi bəyanatlar az öncə qeyd etdiyim ənənənin davamı kimi olduqca əhəmiyyətlidir.

İlham Əliyevin bu çıxışı həm Zəngəzurla bağlı, həm revanşistlərlə bağlı, həm də sülhün vacibliyi ilə bağlı İrəvana sərt xəbərdarlığı ilə diqqət çəkir. Postmünaqişə dövründə də gündəliyi bizim diktə etdiyimizi bildirən Azərbaycanın dövlət başçısı rəsmi Bakı tərəfindən irəli sürülən 5 prinsipdən ibarət sülh gündəliyinə qarşı Ermənistan tərəfinin hansısa absurd iddialar və tələblərlə çıxış etməsinin tamamilə yersiz olduğunu və bunun qarşılığında bizim də bir çox tələblərlə çıxış edə biləcəyimizi vurğuladı.

İlham Əliyev konkret olaraq tarixi torpağımız olan Qərbi Zəngəzurun Ermənistana necə verildiyi faktını gündəmə gətirdi: “Ermənistan əgər hansısa xüsusi tələb irəli sürərsə bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Bax, buraya çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki? Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var. Hər kəs açsın baxsın kitablara, ensiklopediyalara: nə vaxt Qərbi Zəngəzuru bizdən ayırıb Ermənistana verdilər? 1920-ci ilin noyabrında”.

Bəli, ortada konkret tarixi faktrlar və danılmaz həqiqətlər var. İnkarçı ermənilər hər şeyi dana bilərlər, ancaq tarixi faktları isə nə silə, nədəki gizlədə bilməzlər. Bu mənada Qərbi Zəngəzur məsələsinin həm Ermənistanın hazırkı rəhbərliyinin, həm də Köçəryan-Sərkisyan cütlüyünün rəhbərlik etdiyi revanşist erməni müxalifətinin diqqətinə çatdırılması onlar üçün əsl “soyuq duş” effekti sayıla bilər.

İlham Əliyev bu tarixi həqiqəti qabartmaqla Ermənistan iqtidarını da, müxalifətini də seçim qarşısında qoydu: ya 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etsinlər və sülh xəttini seçsinlər, yadaki, ”əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri – bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq, necə ki, İkinci Qarabağ müharibəsi zamanı”.

Bütün dünya, aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblərsə, ermənilər də bu yeni reallıqlarla hesablaşmalıdır. Çünki biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir. Ermənistanda hər kəs bu reallığı qəbul etməlidir. Ermənistan bu gün nə hərbi, nə siyasi, nə də iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla biləcək həddə deyilsə, bu ölkənin revanşizmə cəhd göstərməsi sadəcə və sadəcə absurddur. Revanşizm cəhdləri erməniləri indikindən də dəfələrlə ağır məğlubiyyətə və fəlakətə düçar edə bilər. Azərbaycan Prezidentinin bu ismarıcı hər bir ermənini düşündürməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

 44 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »