Yaz fəslinin ortalarına təsadüf edən günləri yaşayırdıq. Hava gözəl idi. Günəşin qırmızı şöləsi artıq hər tərəfə yayılmışdı. Atam masa arxasında əyləşib son günlərin qəzetlərini nəzərdən keçirirdi. Bağımızın qarşısında yerləşən “Calqalıq” adlı yerə gedən qardaşım əlində qəzetə bükülü iki kilo ətlə qayıdıb gəldi və atama bildirdi ki, “Heyvan kəsən əmi dedi ki, ətin kilosu daha iki manata yox, iki manat əlli qəpiyədir”. Atam ona bir manat verib dedi, tez apar ət satan kişiyə çatdır. Nənəm otağın yuxarı tərəfində döşəyin üstündə oturub, corabların süzülən yerlərini gözəyirdi. Arada eyvana çıxır, üzünü suyla yuyub qayıdırdı. Vaxtaşırı sağ əli ilə gözlərinin ətrafını ehmallıca qaşıyırdı. Onun gözlərinin ətrafi dairəvi qızarmışdı, bəbəkləri qalınlaşmış, gözlərinin görünüşü yorğun adamın gözlərini xatırladırdı. Atam nənəmə dedi: “Ay ana, sən gözlərini qaşıdıqca gicişmə daha da güclənir, gözlərinin ətrafı da pörtüb, get Osman həkimə dərdini danış”. Nənəm yaxşı deyib, əlindəki əşyaları ehmallıca pencərəqabağı taxtanın üstünə səliqəylə düzdü, sonra keçdi o biri otağa, paltarını dəyişib, bir neçə dəqiqədən sonra qayıtdı. – Mən gedirəm – dedi. Oğul gəl bir yerdə gedək – deyib mənim sol əlimdən tutdu. Biz bağımızın çaccağını addayıb yola çıxanda yuxarıdan Püstə nənə gəlirdi. O, nənəmin sifətinə diqqətlə baxıb, “Gözlərinə nə olub, ay Gülcamal bacı?” – deyə soruşdu. Sonra da bildirdi ki, tez getmək lazımdı Osman həkimin yanına, o bir əncam çəkəcək, müalicə edəcək.
-Bir dəfə mənim əllərimin üstü də bu cürə qızarmışdı, möhkəm də gicişmə gətirirdi. Osman həkim müayinədən keçirib, müalicə təyin elədi, iki-üç günə qızartı da, gicişmə də yoxa çıxdı – söylədi həmsöhbətimiz.
-Mən də elə bu uşaqla yollanmışam Osman həkimin yanına – cavab verdi nənəm.
Xancan müəllimgilin fındıq bağından keçib, gəlib çatdıq xəstəxanaya. Bir kişi bizimlə üz-üzə gəldi. O, sifətini yaylıqla tutmuşdu. Salamlaşan kimi dedi: “İndicə Nənəxanım həkim mənim ağrıyan dişimi çəkdi. Allah köməyi olsun, canım qurtuldu bu ağrıdan! Nənəmin gözlərinin qızartısını görüb – “Siz Osman həkimin yanına gedirsiz?” – deyə soruşdu. Nənəm bəli deyən kimi, o, bildirdi ki, həkim iş otağındadır. Biz ikimərtəbəli binanın birinci mərtəbəsindəki otağa daxil olanda, Osman həkim masanın üstündə səliqə ilə düzülmüş jurnalları vərəqləyirdi. Nənəmə əyləşməyə yer göstərib, onun gözlərini səbrlə yoxladı, barmaqlarını ehmallıca pörtən yerlərə çəkdi, bəbəklərini gözlərindən aralayıb lap yaxından diqqətlə baxdı və dedi ki, təhlükəli bir şey yoxdur. Masanın arxasında əyləşib resept yazdı. – Gülcamal bacı, bu mazdı, uşağı göndərərsiz aptekdən alar, səhər axşam nazik layla gözlərinizin ətrafına sürtərsüz, keçib gedəcək – dedi. Nənəm təşəkkür elədi Osman həkimə. Biz evə gələn kimi, atam resepti istədi, məktəbdən qayıdanda mazı alıb gətirdi. Nənəm bir iki gün gözlərinə sürtdü onu, gözlərində olan ağrılar yoxa çıxdı.
Günlər keçdi, aylar ötdü, növbəti yaz fəslində nənəmin gözlərində yenə həmən problem yarandı. O, yenə də mənimlə birgə yollandı Osman həkimin yanına, o da öz növbəsində həssaslıqla yoxlayıb, müalicə təyin elədi. Biz evə qayıtdıq. Axşamüstü atam da məktəbdən gəldi, nənəmdən resepti istədi ki, dərmanı alsın. Nənəm gülümsəyərək bildirdi ki, dərmanı almağa ehtiyac yoxdur. İzah elədi ki, Osman həkim barmaqları ilə onun gözlərini yoxladıqdan sonra, gözündə mövcud olan ağrılar da, gicişmə də keçib gedib, indi özünü normal hiss eləyir. Növbəti gün nənəm elə bir yaxşı vəziyyətdəydi ki, sanki dünən onun gözləri ağrımamış və gicişməmişdi. Atam xoş bir təbəssümlə qeyd elədi ki, həkimin əlləri səbəb olub, bu yaxşı haldır, amma təyin olunmuş mazı da istifadə etmək lap yerinə düşər. Nənəm səmimi qaydada müalicədən imtina elədi.
* * *
İsti yay günlərindən birində məhəlləmizdəki kiçik meydançada həmyaşıdlarımla çilingağac oynamaq istəyirdik. Uşaqlardan biri bizi fikrimizdən yayındırdı, dedi bu isti havada tullanıb-düşməkdənsə gedək Yel pirinə, ziyarət edək, orada torpaqdan süzülüb gələn soyuq sudan da içək. Biz razılaşdıq. – Qayıdıb gələndə də nənəmə bildirəcəm ki, həmişə səninlə Yel pirini ziyarət edirdik, bu gün uşaqlarla getmişdik ziyarətə – dedi. Bazar yerinin o başında rayon mərkəzinə gedən maşınların dayanacağının arxa tərəfində tikinti gedirdi. Uşaqlardan biri dedi: – Mən bilirəm burda nə tikirlər, bu kino klubu olacaq. Biz dayanacağın yanında ayaq saxladıq. Sevincimizi bölüşürdük ki, bir-iki ildən sonra öz kəndimizin klubunda kinoya tamaşa edə biləcəyik. Dayanacaqda taxtadan düzəldilmiş oturacaqlarda kişilər sıra ilə əyləşmişdi. Onlar eşitdikləri, gördükləri hadisələri nağıl edirdilər. Osman həkim xəstəxana tərəfdən gəlib evlərinə doğru gedirdi. Onu görən kimi, ağsaqqallardan biri söylədi ki, on gün əvvəl axşam vaxtı halı pisləşmişdi, başı ağrıyır, qulaqlarında kənar səslər eşidilirdi. Uşağı göndərib, Osman həkimgilə. O, tez özünü çatdırdı, məni müayinə və bu gün nəylə qidalanmağım barədə sorğu-sual elədi, tibbi çantasından çıxarıb mənə həb verdi, vəziyyətim normallaşdı. Gedəndə də dedi ki, təzyiqli adama qoyun əti yemək məsləhət deyil. Sonra Osman həkim haqqında çox danışdı. Onun söylədiklərindən yaddaşımda ilişib qalan bu sözlərdir: “Osman həkim mərhəmətli, olduqca savadlı, alicənab, qabiliyyətli insandır, həkimlik peşəsinin vurğunudur”. Dayanacağın yaxınlığında yaşayan Bilal əmi də burdaydı. O, söhbətə qarışıb bir açıqlama verdi: “Mənim yaxşı yadımdadır, Osman Hacıyev orta məktəbdə əla qiymətlərlə oxuyurdu. O vaxtlar ölkəmizdə Ümumittifaq savadlanma kampaniyası gedirdi. Əlaçı şagirdlərlə birgə o da biz yaşlı adamlara dərs deyirdi, savadlandırırdı kəndimizin yaşlı sakinlərini. O, yeddiillik təhsilini bitirdikdən sonra, Şəki Tibb Məktəbinə daxil oldu. O zaman nəqliyyat sarıdan indiki rahatlıq yox idi. Gənclər bəzən Şəkiyə kimi uzanan səksən kilometr yolu piyada qət etməli olurdular. Əgər at, ya da kəl arabası rast düşürdüsə, bu zaman araba ilə gedirdilər. Gənc Osman da al-əlvan meşəyə bürünmüş dərələrdən, təpələrdən keçən bu yolla uzun-uzadı getməli və təhsil dövründə orada aylarla yataqxanada qalmalı olurdu. O, vaxtını səmərəli keçirib, yaxşı oxuyub, indi həkim kimi camaatımızın sağlamlığının keşiyində layiqincə dayanır” – söylədi Bilal əmi. Sonra da əlavə etdi ki, Osman Hacıyev Böyük Vətən müharibəsinin ağır döyüşlər gedən cəbhələrində vuruşub, orada həkimlik də edib, yaralıları ölümdən xilas edib, həm də tibb işçisi kimi təcrübəsini artırıb. Onun şücaətləri orden, medallara layiq görülüb.
* * *
1970-ci il idi, səhv eləmirəmsə. Kənddə qarın hündürlüyü bir metr on beş santimetrə çatmışdı, insanların hərəkət etməsi üçün məhəllələrarası ümumi yolları səhər tezdən kolxozdan təyin edilmiş traktorla təmizləmişdilər. Qalan cığırlar hamısı fındıq, şabalıd, qoz, alma bağlarından keçirdi. İşə tələsən, xəstəxanaya gedən adamlar, məktəbə yollanan müəllimlər, şagirdlər bəzən qar örtmüş çığırları çətinliklə keçməli olurdular. Bunlara baxmayaraq iş vaxtından bir neçə dəqiqə qabaq Osman həkim otağında olar, müayinəyə gələnləri qəbul edər, xəstəxanada müalicə alanları yoxlayar, təyinatlar verərdi. Mən xəstəxananın həyətindən keçən cığırla dayımgilə gedirdim. Bu zaman, kənd orta məktəbinin direktoru, bizə ədəbiyyat dərsi tədris edən Rəhimov Müzəffər müəllim xəstəxananın ikinci mərtəbəsindən pilləkənlə birinci mərtəbəyə düşürdü. Burda müalicə olunanların qohumları, yaxınları da, həkimin qəbuluna gələnlər də var idi. İnsanlar sual dolu baxışlarilə Müzəffər müəllimə tərəf çevrilmişdilər. O da üzünü adamlara tutub “gəlmişəm burda müalicə olunan şagirdlərimizə baş çəkməyə. Onların müalicəsi yaxşı gedir. Buna görə də Osman həkimə minnətdaram. İndi öz gözlərimlə gördüm ki, bu xəstəxanada bütün işlər yaxşı təşkil olunub. Bunlar Osman həkimin xidmətləridir. Bu o Osman həkimdir ki, müraciət edənlərin hamısına diqqət və qayğı ilə yanaşır” – danışdı, Müzəffər müəllim. Həmin vaxt Osman həkimin qəbulundan orta yaşlı bir kişi çıxırdı. Onun qolundan tutan adam da çox oxşayırdı ona, deyəsən qardaşı idi.
– Mən Uludaş kəndindən ümidlə gəlmişdim yanınıza həkim, indicə verdiyiniz həb vəziyyətimi xeyli yaxşılaşdırdı – kişi dedi.
– Bir neçə gün burda qalıb müalicə olunduqdan sonra, tam sağalıb evinizə gedəcəksiniz – bildirdi Osman həkim.
* * *
Beşinci sinifdə oxuduğumuz vaxtlar idi. İdman dərsi olmalıydı, müəlimlə birgə Osman həkimin də gəldiyini gördük. Müəllim şagirdlərə üzünü çevirib dedi ki, bu dərsi Osman həkim keçirəcək. Biz – uşaqlar təəcüb dolu baxışla müəllimə, sonra da bir-birimizə nəzər yetirdik. Bunu görən müəllim gülümsədi. – Təəcüblənməyin, görəcəksiz, həkim olduqca maraqlı məsələlərdən, sağlamlığı necə qorumaqdan, bir-birimizə qarşı səmimi, doğma münasibətdən söhbət açacaq – dedi.
Osman həkim möhkəm bədənli, xoş təbəssümlü, saçlarını arxaya darayan, daim bilik dairəsini genişləndirən, həmsöhbətini səbrlə dinləməyi bacaran, həkim peşəsini ürəkdən sevən, ona müraciət edənləri müalicə etmək uğrunda bilik və bacarığını əsirgəməyən, bununla da, təkcə Bum camaatının yox, eləcə də ətraf kəndlərin sakinlərinin etimadını qazanmış bir şəxsiyyət idi. O, bizə sağlamlıq üçün vacib açıqlamalar etdi, tövsiyələr verdi:
-Uşaqlar, hər şey təmizlikdən başlayır, bu həm də mədəniyyətdir. Hər hansı bir meyvəni təmiz yumamış yemək olmaz. Paltarınızı dəyişdikdən sonra da əllərinizi təmiz yumalısınız. Paltar vasitəsilə əlinizə, sonra da orqanizmə müxtəlif mikroblar keçə bilər. Paltarınız təmiz və səliqəli olmalıdır. Bu həm sağlamlıq üçün, eləcə də estetik baxımdan önəmlidir. Unutmayın, məktəbdən evə qayıtdınız, əllərinizi, sonra da üzünüzü sabunla yumalısınız. Səhər yataqdan tezdən qalxmaq, əl-üzünüzü yuduqdan, dişlərinizi təmizlədikdən sonra təmiz havada bədən tərbiyəsilə məşğul olmaq və düzgün qidalanmaq lazımdır… Səhhətinizdə narahatlıq əmələ gələndə, utanmaq lazım deyil, həkimə müraciət etmək vacibdir. Məsələn, qrip yoluxucu xəstəlikdir. Ona görə də başqalarına yoluxmanın qarşısını almaq və öz sağlamlığını bərpa etmək məqsədilə, qrip xəstəliyinə tutulmuş hər kəs dərhal həkimə müraciət etməlidir… Bir neçə kəlmə də mənəvi münasibətlərdən demək istərdim. Belə ki, əhvalımızı korlayan, ürək zədələyən, heysiyyat aşağılayan təhqiramiz, şəxsiyyəti alçaldan, ədəb davranış qaydalarına və mədəni vərdişlərə zərbə vuran ifadələr, sözlər ünsiyyətimizdən çıxarılmalı, yox dərəcəsinə endirilməlidir. Çünki hər bir acı, kobud söz insanın əsəbinə toxunur. Xəstəliklərin əksəriyyəti isə əsəbdən yaranır. Odur ki, yuxarıda deyilənlərə əməl edəriksə, fərdlərin yalqız, tənha həyat tərzi, bir-birindən uzaqlaşma vərdişləri, daxili həyəcan, kədər, iztirab, əsəbilik, yersiz narahatlıq aradan götürülər və əsaslı, ciddi yaşamaq, yaratmaq həvəsi gətirən ruh yüksəkliyi, yaxşı əhvali-ruhiyyə əvəz edər o mənfi davranışları, kobudluğu. Əlbəttə ki, bu zaman cəmiyyətimizdə xəstəliklər azalar, ömür uzanar, insanlar arasında qarşılıqlı etimad, ruhən yaxınlıq, saf münasibətlər bərqərar olar, yaşamaq istəyi çoxalar… Osman həkim bizimlə sağollaşanda vurğuladı ki, burda deyilənlər söz kimi qalmamalı, hər birimiz tərəfindən daim yerinə yetirilməlidir.
* * *
Payız təzəcə başlamışdı. Günlərin birində nənəm yenə gözlərindən şikayətlənməyə başladı. Yollandı Osman həkimin yanına, lakin tez qayıdıb gəldi evə. Bu zaman atam da məhləmizin qapısına yaxınlaşırdı ki, məktəbə getsin, ikinci növbə dərs deməyə. Nənəmdən həkimin müayinəsinin nəticəsini soruşdu atam. O, tələsmədən, səbrlə danışdı ki, Xancan müəllimgilin bağından keçən kimi görüb ki, Osman həkim arxın üstündən addayıb getdi nahar fasiləsinə və həkimi görən kimi gözlərinin ağrıları çəkilib. Sonra da əlavə etdi ki, tez qayıtdım ki, həkim məni görməsin, çünki görsə, mütləq qayıdıb müayinə edəcəkdi. Atam da təkid elədi ki, amma müalicə olmaq vacibdir. Nənəmsə, yumşaq bir tərzdə yox dedi, mövqeyindən dönmədi. Əlavə etdi ki, gözlərim sağalıbsa, daha müalicəyə nə ehtiyac var!? Bəs bilmirsiniz ki, inam ölünü diriltməsə də, xəstəni sağaldır – deyib, nənəm xoş bir təbəssümlə çıxdı eyvana…
1997-ci ildə camaatımıza ağır itki üz verdi, insanlar matəm libasına bürünmüşdü – Osman həkim ömrünün 78-ci baharında dünyasını dəyişdi. Allah rəhmət eləsin! – hamı dedi bir ağızdan.
Amma bir təsəlli var idi ki, onun beş övladının hər biri ali təhsil almışdı. Onlardan üçü ali təhsilli həkimdir, böyük oğlu Babaxan tibb elmləri namizədidir, uzun illərdir Amerikada fəaliyyət göstərir.
Tanınmış şair-yazıçı, bumlu Emin Baratoğlu camaatımızın mövqeyini ifadə etdiyi “El atası” adlı şeirində yazdığı kimi:
Kəndimizin fəxri idi,
Adı Osman, özü loğman.
El atası sayılırdı,
Bum kəndində gözəl insan.
Qar yağanda o, quşlara,
İnsaf edər, dən səpərdi.
Xəyalında elə bil ki,
Qucub onları öpərdi.
Ramin Məmmədov Yazıçı-publisist.