Sən kimsən, bizim adımızdan danışırsan, “KQB” mollası?

0

Rusiya Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin iddia edib ki, “İslam dünyası Putinin, Rusiyanın Ukraynada apardığı “xüsusi əməliyyat”da qələbəsini gözləyir”.

Tatar kökənli bu “din xadimi” ardınca utanıb-eləmədən geosiyasətə baş vurur və bəyan edir: “Bütün İslam dünyası, ərəb dünyası prezidentimizin qərarına rəğbət bəsləyir, Rusiya siyasətinin qələbəsini gözləyir və bir dövlətin hegemonluğunda, birqütblü dünyanın yaradılmasında qətiyyən maraqlı deyil”.

Xatırladaq ki, R.Qaynutdin artıq neçənci dəfədir Kremlin təbliğat kuklaları olan Simonyan sayağı, Solovyev sayağı danışır. İslam müftisi adına iddialı olmasaydı, yenə boş verərdik. Ancaq o, üstəlik, sənin, mənim, bizim, ümmətin adından hökm çıxarır!

Yada bu yerdə Peyğəmbər (s) əfəndimizin məşhur kəlamlarından biri düşür: “Vaxt gələr məscidlər çoxalar, iman azalar, şeytan başında əmmamə, əlində isə Quran islamı “təbliğ” edər”.

Deyəsən həmin zamana çatmışıq. Adama deyərlər: sən kimsən bizim, müsəlman aləminin adından danışırsan? Kim sənə bu haqqı, səlahiyyəti tanıyıb? Sən hələ öncə öz ailənin adından danış görək, danışa bilərsənmi? Əminik ki, bu adamın heç öz qohum-əqrəbasında onun mövqeyini bölüşənlər çoxluqda deyil…

Ravil tipli “müsəlmanlar”dan biri də Çeçenistanın başında oturub. Özünü “Putinin piyadası” sayır və bununla fəxr edir. Amma möminlərə, gerçək iman adamlarına ağıl öyrədir, yol göstərir. Bilə-bilə ki, müsəlman çeçen xalqı da, türk-müsəlman tatar xalqı da əsrlərdir rus əsarətində inləyir, öz qutuluşları üçün milyonlarla qurban veriblər, deportasiyalara, qırğınlara məruz qalıblar. Tatarların bir qismi hətta İvan Qroznının dönəmində zorla dinindən döndərilərək “xaç suyu”na salınıb, yəni zorla xristian edilib. İndinin özündə Tatarıstanda xristian tatarlar yaşayır. Kilsələri də var.

Yəni yenə bu sözləri Rusiya patriarxı Kirill dilə gətirsəydi, dərd yarı idi. Çünki Rusiya Pravoslav Kilsəsi tarixən rus istilaçılığını, rus imperializmini dəstəkləyib, sonuncunun mənəvi güc qaynağı olub. Rusiyanı daim yeni ərazilərin işğalına təşviq edib. İndi də belədir əfsus ki. İndi də 200-dən çox uşağın öldürüldüyü Ukraynanın tam işğalı üçün rus kilsələrində dualar edirlər. Allah bu “duaları”ı eşidərmi?..

Şəxsən mən pis-yaxşı bir namaz əhli, müsəlman olaraq Ukraynada Putinin, rusun qələbəsini əsla arzu eləmirəm. Əksinə, “xalqlar həbsxanası olan, faşist ermənilərin 1 nömrəli müttəfiqi və dayağı, qardaş Türkiyənin isə tarixi düşməni Rusiyanın tezliklə “tikişlər” üzrə sökülməsini istəyirəm. Mənim kimi düşünən müsəlmanlar isə əminəm ki, on milyonlarladır. O cümlədən Rusiyanın özündə.

İslam aləmi Putnin qələbəsini arzulayırmış sən demə. Rusiya Ukraynanı işğal eləsin, sonra da keçsin, Orta Asiyanın müsəlman ölkələrinə, müsəlman Azərbaycana, eləmi?..

O ki qaldı ərəb dünyasına, ac-yalavac müsəlmanlardan xəbəri olmayan tox və zəngin ərəb şeyxləri hələ ərəb dünyası, islam aləmi demək deyil. Bunlar mınasız söhbətdir. Bir də indi hansı əsrdir ki? Kimin qulağından əriştə asırsan, cənab “KQB” mollası?!

Ukraynada 3 aydır nə baş verdiyini hamı əla bilir. İslam nə vaxtdan təcavüzü, zülmü, zorakılığı, zalımlığı, günahsız insanların, uşaqların kütləvi qətlini, insanları yurd yerdlərindən didərgin salınmasın, şəhər-kəndlərin viran qoyulmasını təşviq edib? Bu nə küfrdür sən dinimiz adına püskürürsən?

Get, ciddi işlə məşğul ol, halal yolla ruzi qazan. Görünür ki, yerində deyilsən. islam əxlaqı, islam dəyərləri sənlik deyil. Heç olmazsa, bir dəfə Qurani-kərimi yaxşı-yaxşı oxu. İslam Peyğəmbərinin (ə), məsumların həyatı ilə, hədisləri ilə tanış ol. XXI əsrdə möminlərə moizə oxuma, iman adamlarını avam yerinə qoyub müsəlman dünyasını təhqir eləmə!

Sən necə o boyda ölkənin dini rəhbərisən ki, İslam peyğəmbərinin bu kəlamından da bixəbərsən: “Zülmə qarşı çıxın, əgər bunu bacarmırsızsa, sözdə etiraz edin, bunu da bacarmırsızsa, barı ürəyinizdə zülmə qarşı olun”.

Yəni dinimiz, Allah elçisi bütün hallarda istənilən növ zorakılığa, zülmə, zalımlığı, irticaya qarşıdır. “Zülmə dözən olmasa, zülm də olmaz”. Ancaq əgər özünü din xadimi sayanlar belə, zülmkarın önündə əsirsə, əyilirsə, münafiqlik edirsə, görəsən zülm necə bitə bilər?.. Musavat

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »