Üzeyir Cəfərov: Şahbaz da, Dilqəm də sussa yaxşıdır – FOTO

0

Üzeyir Cəfərov: “Onların uğrunda 6 il mübarizə apardıq, indi adam danışmağa utanır”

“Bəzi media qurumlarına da çağırış edirəm ki, həmin şəxslərin bir-birinə yönəlik ağır ittihamlarla dövlətimizə ziyan vurmalarına imkan yaratmasınlar, onlara meydan verməsinlər”

Uzun müddət erməni girovluğunda qalmış Şahbaz Quliyevin səsləndirdiyi iddialar və itttihamlar sosial şəbəkələrin və bəzi media qurumlarının gündəminə çevrilib. Bir müddət əvvəl şəhərdə təkbaşına etiraz aksiyası keçirən Şahbaz Quliyevin yenidən müzakirə olunmasının səbəbi onun və Dilqəm Əsgərovun Kəlbəcərə “Qaçqınkom”un keçmiş sədri Əli Həsənov tərəfindən göndərilməsi ilə bağlı iddiası olub.

Ş.Quliyev Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salındıqlarını, əllərinə silah, qranat verildiyini, kəşfiyyat üçün getdiklərini iddia edib. Daha sonra mətbuata açıqlama verən Dilqəm Əsgərov Şahbazın iddialarının əsassız olduğunu, yalan danışıdığını bildirib. Lakin Dilqəm də Şahbaz əleyhində ağlasığmaz ittihamlar səsləndirib. O, Şahbazı Həsən Həsənovu öldürməkdə, “ermənilərə işləməkdə” və satqınlıqda suçlayıb. Ünvanına ağır ifadələr dilə gətirib. Məlumat üçün bildirək ki, “Qaçqınkom”un keçmiş sədri Əli Həsənov barəsindəki iddiaları təkzib edərək, Şahbaz Quliyevin dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib. Ümumən, hər iki şəxsin qarşılıqlı şəkildə bir-birini ittiham etməsi və qandonduran açıqlamalar verməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və təəssüf hissi doğurub. Sosial şəbəkədə məsələyə münasibət bildirənlərin əksəriyyəti Şahbaz və Dilqəmin səsləndirdikləri ittihamların dövlət və milli təhlükəsizliyə, ölkəmizin maraqlarına zidd olduğunu vurğulayıblar. Onların, xüsusən Şahbazın susmasını, nəzarət altına alınmasını, hətta həbsini belə tələb edənlər olub. Qeyd olunub ki, Azərbaycan dövləti və ictimaiyyəti 6 il erməni girovluğunda qalmış bu şəxslərin azadlığı istiqamətində ən yüksək səviyyədə iş aparıb. Bütün tribunalarda onların öz ata-baba yurdlarını ziyarətə getmiş mülki şəxslər olduqları, ermənilərin sivil adamlara illərlə “diversant” kimi işgəncə verdikləri hayqırılıb. Belə məqamda həmin şəxslərdən birinin özünü “kəşfiyyatçı” kimi qələmə verməsi yolverilməzdir.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Şərq”ə açıqlamasında baş verənlərin çox pis hal olduğunu və yaşananlardan dərin təəssüf hissi keçirdiyini deyib. Ekspert vurğulayıb ki, bir vaxtlar haqları uğrunda Azərbaycan cəmiyyətinin mübarizə apardığı bu iki şəxslə bağlı cərəyan edənlər çox məyusedicidir: 

“Çox iyrənc vəziyyət yaranıb. Onların bir-birini günahlandırması, ittiham etməsi, Həsən Həsənovun ölümü ilə bağlı ortaya atılan iddialar ürəkbulandırıcıdır. Adam bu barədə danışmağa utanır. Əfsuslar olsun ki, belə söz-söhbətlərlə düşmənlərimizi sevindiririk. Ermənilər bu məsələdən maksimum istifadə edirlər və edəcəklər. Erməni mətbuatı və onlara havadarlıq edənlər beynəlxalq arenada Azərbaycanı gözdən salmaq üçün kampaniyaya başlayacaqlar. Bəs bu şəraiti kim yaradır? Əlbəttə ki, özümüz. Özümüz deyəndə konkret adamları nəzərdə tuturam. İnanın, bu açıqlamalar çox ciddi ziyanımıza işləyəcək. Əgər az-çox nəsə faydaları olmuşdusa, əzab-əziyyət çəkmişdilərsə, hamısını yerə vurdular. Dilqəm və Şahbaz bir-biri ilə düşmən münasibətdədir. Halbuki, biz onları belə təsəvvür etməmişdik. Özümüzü, dəyərlərimizi niyə bu qədər ucuzlaşdırmalıyıq, buna imkan yaratmalıyıq? Çox üzgünəm, deməyə söz tapmıram. “Fılankəs ermənilərə işləyirdi, onlara satqınçılıq edirdi” cümlələri insanı şoka salır. Vallah, hər ikisi sussa daha yaxşıdır, ümumiyyətlə danışmasınlar. Bəzi media qurumlarına da çağırış edirəm ki, həmin şəxslərin bir-birinə yönəlik ağır ittihamlarla dövlətimizə ziyan vurmalarına imkan yaratmasınlar, onlara meydan verməsinlər. Özümüzü rüsvay etməyək”.

Ü.Cəfərov bildirib ki, erməni əsirliyindən qayıdan adamların Ermənistan xüsusi xidmət orqanları, yaxud başqa kimlərləsə əlaqəsi olub-olmaması araşdırılır. Bu, prosedur qaydasıdır:

“Əgər Dilqəm və Şahbaza nəzarət məsələsində hansısa boşluq olubsa, çox güman bunun səbəbi onların cəmiyyət tərəfindən tanınması ilə bağlıdır. Hər iki şəxsə görə 6 il ərzində Azərbaycan dövləti və ictimaiyyəti, hüquq müdafiəçiləri əllərindən gələni etmişdilər. Onların azadlığı üçün ən yüksək səviyyədə beynəlxalq qurumlara müraciətlər olunub. Görünür, Dilqəm və Şahbaz “immunitet” qazanıblar. Düşünüblər ki, nə etsələr, onlara “gözün üstə qaşın var” deyən olmayacaq. Bir müddət əvvəl Şahbazın şəhərdə etiraz aksiyası keçirməsi, ardınca “Xural tv”dəki açıqlamaları hamımızı məyus etdi. Bu cür davranışlar bizə yaraşmır. Azərbaycan xalqı qəhrəman xalqdır, 44 gündə 30 il işğalda qalmış torpaqlarımızı düşmən təcavüzündən xilas etmişik. İllərlə iki şəxsin azadlığı uğrunda millətimiz səfərbər olub. Ancaq sonradan üzə çıxdı ki, bu qədər mübarizə əbəs yerə imiş. Cəmiyyətdə çox böyük xəyal qırıqlığı yaranıb. Məyus olanlardan biri də mənəm”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »