Mayın 21-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı çərçivəsində türk mətbəxinin təqdimatına həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində, həmçinin “Türk mətbəxi” kitabının da təqdimatı olub.
İctimairey.az xəbər verir ki, türk mətbəxinin ləziz nemətlərini bir yerə toplayan kitab Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə ərsəyə gəlib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, Türkiyədə bir həftə boyu “Türk mətbəxi həftəsi” keçirilir: “Biz mətbəximizi dünyaya tanıtmağa çalışırıq. Mətbəx mədəniyyəti dünyada önə çıxmış ən populyar mədəniyyətlərdən biridir”
Sonra səfir Türkiyədə ən çox bişirilən yeməklər haqqında məlumat verib, qidalanma mədəniyyətinin insan həyatında önəmindən danışıb.
Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç tədbirin mahiyyəti barədə məlumat verib. Bildirib ki, Yunus Əmrə İnstitutunun dünyanın 70 ölkəsində mərkəzləri var. Məqsəd Türkiyənin mədəniyyətini, ədəbiyyatını, mətbəxini hamıya tanıtmaqdır.
Qeyd edib ki, qida mədəniyyəti türklər üçün bəsit formada qarın doyurmaq deyil. Bu, tarix boyu formalaşan fəlsəfi bir mədəniyyətdir. Türkiyənin fərqli bölgələrində bu mətbəx zəngiləşərək dəyişib və inkişaf edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, türk mətbəxinin təbliğinə böyük ehtiyac var: “Biz başqa ölkələrə səfər edərkən görürük ki, türk mətbəxi ilk beşliyə daxil olub. Bu istiqamətdə qardaş Türkiyə böyük işlər görüb. Türk mətbəxi hamımızın mətbəxidir. Azərbaycan da bu istiqamətdə böyük işlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan mətbəxini UNESCO səviyyəsində geniş təbliğatını aparır”.
Dünya İslam Kulinariya Birliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmraslanov çıxış edərək türk mətbəxinin qədim ədəbiyyatda, Nizami Gəncəvinin əsərlərində adı çəkildiyini söyləyib, İslam mədəniyyəti ilə qarşılıqlı əlaqəsindən danışıb.
Sonra qonaqlar əsrlərlə təriflənən türk mətbəxinə daxil olan İstanbul menyusunun müxtəlif təamlarına qonaq edilib. Azərtac