Əmir Pəhləvan: BİR ANA YAŞADI BU YER ÜZÜNDƏ!

0

Kəmalə Ağayeva 10 iyul 1936-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Daha sonra 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində təhsilini davam etdirmişdir.

Kəmalə Ağayevanın “Hilal olaydım” adlı ilk mətbu şeiri 1957-ci ildə “Azərbaycan” jurnalında dərc edilmşdir. Bundan sonra şairə fəal bədii yaradıcılıqla məşğul olmuşdur. Onun “Bahar sözü” adlı ilk kitabı isə 1961-ci ildə işıq üzü görmüşdür. Kəmalə Ağayeva 15 şeir kitabının, 200-ə qədər oçerk və bədii yazıların müəllifidir. O, həmçinin çox görkəmli fransız ədiblərinin – Pol Elüar, Pol Verleni, L.Araqon və b. şeirlərini Azərbaycan dilinə tərcümə etmişdir. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1971-ci ildən Teatr Xadimləri İttifaqının üzvü olmuşdur.

Kəmalə Ağayeva 15 mənzum pyesin müəllifidir. Məhsəti Gəncəvi haqqında yazdığı, 1962-ci ildə tamaşaya qoyulan “Məhsəti” dramı onun ilk səhnə əsəri olmuşdur. Daha sonra “İsmət”, “Apardı sellər Saranı”, “O, bizim dağların oğludur”, “Mənim tanrım”, “Göyçək Fatma”, “Məlikməmməd”, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Tıq- tıq xanım”, “Sirli sözlər” pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulmuş, efirdə səslənmişdir. Dramaturqun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Kəmalə Ağayeva Ümumittifaq ədəbiyyat tədbirlərində iştirak etmişdir: 1980-ci ildə Özbəkistanda Azərbaycan incəsənəti günlərində, 1982-ci ildə Vaqif poeziya günlərində, 1967-ci ildə Ümumittifaq yazıçılar qurultayında nümayəndə olmuşdur. 1994-cü ildə Fatimeyi-Zəhra həzrətlərinin mövludu münasibətilə keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Eyni zamanda 1984-cü ildə Fransada Azərbaycan günlərində və 1989-1990-cı illərdə Türkiyədə təşkil olunmuş Yunis İmrə günlərində iştirak etmişdir. 1979-cu ildə sovet nümayəndə heyətinin tərkibində 20 gün ABŞ-nın Vaşinqton, Nyu-York, Çikaqo, San-Fransisko, Boston və Sietl şəhərlərində olaraq müxtəlif tədbirlərdə Azərbaycan şairi olaraq özünün vətənə, dostluğa, sülhə aid şeirlər ilə çıxışlar etmişdir.

Söz boyda dünyanın varı üzündə,

Çiçəkli baharı, barı üzündə,

İsməti, namusu, arı üzündə,

Bir Ana yaşadı bu yer üzündə!

Bayrağa döndərdi ucalığını,

Qələmlə qaladı söz ocağını,

Almadı boynuna qocalığını,

Bir Ana yaşadı bu yer üzündə!

Yaraşığı Günə, Aya bərabər,

Arzuları min bir çaya bərabər,

Söz atəşi “Aynalı”ya bərabər,

Bir Ana yaşadı bu yer üzündə!

Xəyalları səmalardan enmədi,

Günəş odu ürəyindən sönmədi,

Şeir adlı Vətənindən dönmədi,

Bir Ana yaşadı bu yer üzündə!

Uca etdi torpağını, daşını,

Qələmə çevirdi qan yaddaşını,

Apardı özüylə ömür yaşını,

Bir Ana yaşadı bu yer üzündə!

Bir nəslin, bir kökün budaqlarıydıq,

Şahbuzun gur çeşmə bulaqlarıydıq,

Kəngər babaların uşaqlarıydıq,

Bir Ana yaşadı bu yer üzündə!

Görüşlər, vidalar tərk etdi bizi,

İtirə bilmədi cığırı, izi,

Doğmalıq kövrəltdi hər ikimizi,

Bir Ana yaşadı bu yer üzündə!

Bu zalım dünyanın məzhəkəsi çox,

Dəhnəsi su sızan gölməçəsi çox,

Sirri bilinməyən bilməcəsi çox,

Bir Ana yaşadı bu yer üzündə!

 

 39 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »