“Mənim atam şəhidliyə işləməyə gedib”-ŞƏHİD CƏFƏROV VÜSAL

0

“Bircə qəlpə yarasına dözə bilmədin, bəs mən necə dözüm bala dərdinə?”-ŞƏHİD CƏFƏROV VÜSAL

Şəhid məzarı. Ətrafında məktəblilər, bir də qara çadraya bürünmüş Könül ana. O, ana ki, şəhd oğlunun məzarı yanında diz çöküb əllərini göyə qaldıraraq oğluna vaysınırdı, yana-yana ağlayırdı. Elə ağlayırdı ki, o yanğıya kimsə tab gətirə biləmməzdi. Hər kəs dolub durmuşdu, bir himə bənd idilər ki, anaya qoşulub ağlasınlar. Göz yaşlarına bələnmiş ana üzünü şəhid oğlunun qara mərmərdən düzəldilmiş baş daşındakı şəklinə tutub deyirdi:
-Elə bilirsən dözmək asandır, bala?
Bir an da olsun hıçqırıqları kəsilmirdi. Elə ağlaya-ağlaya yenə deyirdi.
-Bala, sən bircə qəlpə yarasına dözə bilmədin. Bəs, mən necə dözüm, bala dərdinə?
Başını oğlunun sinə daşına qoyan ana göyüm-göyüm göynəyirdi. O an əlində ixtiyarı olsaydı sinəsini yarıb ürəyini çıxarardı, oğlunun həyata qayıtması, yaşaması üçün “uf” da demədən ona verərdi. Amma…
…Ailədə iki qardaş, bir bacı olmalarına baxmayaraq, Vüsalın bir özgə yeri vardı. Övladları arasında ayrı-seçkilik salmasalar da, nədənsə ailədə o, daha çox sevilirdi. Bu nədənini heç özləri də bilmirdilər. Doğulan gündən şəhid olana qədər hər il ad günün də keçirərdilər. Tək bircə dəfə keçirməmişdilər. Onda da Vüsal hərbi xidmətdə olmuşdu. Vüsalın ad günlərinin birində dediyi son sözlərini heç vaxt unuda bilmirdi Könül ana:
-16 yanvar 2020-ci ildə 24 yaşı tamam olacaqdı Vüsalın.-Göz yaşları içndə dillənir ana.- Bu evdə ona süfrə açmışdıq. Əlinə kampot dolu stəkanı götürdü. O, heç yadımdan çıxmır. Üz tutdu əmilərinə. Qardaşı da oturmuşdu. Dedi, mən istəyirəm ki, atamla anam məndən çox yaşasınlar. O sözdən tutuldum, çox pis oldum. Dedim, Vüsal, elə demə, bala. Dedi, yox. Bir dəfə ad günümdə gözümü açıb görsəm ki, siz yoxsunuz, mən onda neynərəm, ana? İndi, Vüsala deyirəm, gözünü aç, bax, gör biz nə çəkirik, bala. O gün yoldaşımla məzarının üstünə getmişdik. Üzündən öpdüm ki, gözünü açsın. Açmadı gözlərini. Bilirəm Şəhidlər oyanmır, əbədi gedirlər.
Vüsal ailəcanlı idi. Anası Könül xanımı, atası Şəfi kişini çox istəyirdi. Bir oğul kimi həmişə onların hörmətini saxlayırdı. Ömrü boyu valideynlərini incidəcək söz deməmişdi. Elə doğulduğu Abadkənd kəndində də kimsənin xətrinə dəyəcək bir hərəkət etməmişdi. Əksinə kənddə hamının xeyir-şərində iştirak edərdi, onlarlabir köynək yaxın olardı. Gənc olmasına baxmayaraq, hamı ona hörmətlə yanaşırdı.
Vüsal orta təhsil almışdı. Hərbi xidmətdə də olmuşdu. Elə xidmətdən qayıdan kimi 20 yaşında ailə qurmuşdu. Ayxan adlı bir oğlu da dünyaya gəlmişdi.
Mənim atam şəhidliyə işləməyə gedib”-ŞƏHİD CƏFƏROV VÜSAL
Atası Şəfi kişi I Qarabağ müharibəsinin iştirakçısı idi. Odun-alovun içindən çıxmışdı. Dəfələrlə ölümlə üz-üzə gəlmişdi. Döyüş yollarından, ermənilərin vəhşiliyindən övladlarına da danışmışdı. Hər şey Vüsalın yaddaşında idi. O, Mübariz İbrahimovun vurğunu idi. Özünü ona oxşatmaq, onun kimi qəhrəman olmaq istəyirdi. Mübariz İbrahimovun şəkillərinə baxıb onun duruşu kimi şəkillər çəkdirər, sonra montaj edərdi. Və deyərdi ki, hər oğulun işi deyil, Vətən uğrunda şəhid olsun.
Bəlkə elə buna görə, hərbçi olmaq, əsgər formasını geyinmək istəyirdi Vüsal. İstədiyinə də nail oldu. 2020-ci il avqustun 1-də Beyləqanda müddətdən artıq xidmətə başlayanda atası Şəfi kişi ilə bir qədər zarafatlaşmşdı da.
– Mən özüm də döyüşçü olmuşam, 92-ci ildə.- deyə Şəfi kişi qəhərlənmiş halda bildirir.- Vüsal MAXE kimi işə başlayanda evə gəldi. Dedi ki, ata sən erməniləri qıra bilmədin, ancaq mən ermənilərin axırına çıxacam. Xalası oğlu da bizdə idi. O, da oğlumla zarafat elədi. Dedi ki, hamısını qırma, bizim üçün də saxlayarsan ermənilərdən.Biz də qırarıq.
O günü xeyli gülü-danışdılar, zarafatlaşdılar. Vüsal üç yaş yarımlıq oğlu Ayxanla da oynadı. Və Beyləqanda xidmət etdiyi “N” saylı hərbi hissəyə yola düşdü. Ailəsi ilə əlaqə saxlamağı unutmadı. Evə sonuncu gəlişini və gedişini anası Könül xanım hələ də unuda bimir.
– Sentyabrın 22-də Vüsal məzuniyyətə gəlmişdi.-göz yaşları ovcunun içində olan anası deyir.- Bu tezliklə ona məzuniyyət verilməsinə təəccübləndik. Soruşdum ki, bala, nə yaxşı bu az müddətdə səni evə buraxıblar? Dedi, 4 günlük məzuniyyət veriblər mənə. Geri qayıdıb işimi davam edəcəm. Sən deyən elə fikirli, qayğılı görünmürdü. Bir gün qaldı. Ayın 23-də zəng gəldi, o, təcili qayıtmalı oldu. Onu sübh tezdən yola saldıq. Kəndimizdə istixana var, biz də ora getdik işləməyə. Heç üçtündən on-onbeş dəqiqə keçməmiş bir də gördük oğlum gəldi iş yerimizə. Bizimlə təkrar görüşməyə. İstixananın iki yerdə qapısı var. Ön qapıdan bizimlə görüşdü, öpüşdü, getdi. Sonra mən keçdim arxa qapıya, orda qadınlar işləyirdi. Gördüm Vüsal yenə qayıtdı. Fikirləşdim ki, yəqin nəsə yadından çıxıb. Soruşdum ki, oğlum, niyə qayıtdın? Dedi, ana, halallaşmaq yadımdan çıxmışdı. Onda güldüm. Dedim Vüsal, bir həftədir getmisən, təzədən qayıtmısan. Nə halallaşmaq? Dedi, yox ana, gedirəm, dünyanın işini bilmək olmaz. O, demədi müharibə olacaq, olmayacaq. Öpüşdük, görüşdük yenə. Əlimi uzatdım ona, məni özünə tərəf çəkdi. Qucaqlaşdıq. Qucaqlaşanda üzünü məndən gizlətməyi, gözlərini məndən qaçırtmağı yadımdan çıxmır. Mən bilmədim, Vüsal bəlkə də kövrəldi, bəlkə də ağladı. Ya məni darıxdırmaq istəmədi. Bilmədim.
Valideynləri ilə halallaşdıqdan sonra Vüsal yol gedə-gedə doğma kəndi, doğma ocağı ilə vidalaşdı. Xidmət etdiyi hissəyə qayıdandan 4 gün sonra Vətən müharibəsi başladı. İlk döyüş yolu Füzuli istiqamətindən başladı. Döyüşə gedərkən heç ailəsi, valideynləri ilə əlaqə saxlamağa macal-mafarı olmadı.
Qanlı döyüşlər. O və silahdaşları gülə-gülə döyüşə atıldılar. Bu günün həsrətini çəkmirdilərmi? Qəvi düşmənlə haqq-hesab çəkməyin vaxtı çatmışdı artıq. Odur ki, döyüşlər zamanı bir dəqiqə də olsun bir yerdə dayanmırdılar. Nə qədər çətin, əzablı, qorxulu olsa da düşməni məhv edə-edə irəliyə doğru addımlayırdılar. Könül ana xatırlayır:
-Bir komandiri vardı, o, bizə dedi. Dedi ki, Vüsal bir dəfə əmrə itaətsizlik elədi, döyüş əmri verilən kimi irəli yüyürdü. Mən ona irad tutdum ki, Cəfərov, sən uzaq mənzilli silah atırsan, sonra da sən bizə yenə lazım olacaqsan. Hər əmr veriləndə yüyürmə, səni vuracaqlar. O, dedi, komandir, mən on metr qabağa qaçıb ölsəm, deməli, məndən arxada qalan on metr torpaq bizim olacaq, Azərbaycanda qalacaq. Demək, mən ölümümlə 10 metr torpağı xilas edə bilərəm.
Vüsalın Füzulidən başlanan döyüş yolu Cəbrayıl, sonra isə Şuşaya qədər davam edir. Müharibə zamanı gec də olsa ailəsi, valideynləri ilə əlaqə saxlayır. Bir dəf isə…
-Nəvəm Ayxanın ad günü id.-yana-yana deyir Könül ana.- Zəng vurub uşağı təbrik elədi. Sonra mənə dedi ki, atama de, həyətə bayraq bağlasın. Soruşdum ki, Vüsal, neynirsən bayrağı, şəhid qapısı deyil ki? Dediyim sözə də peşiman oldum. Soruşdu, ay ana, təkcə şəhidin həyətinə bayraq bağlayırlar? O bayraqları ürəyinin başında gəzdirən oğlanları görsəniz, onlardan biri şəhid olanda digəri onun bayrağını götürür ki, kim qabağa getsə o bayrağı sancsın.
Könül ana susur. Yanında oturmuş əri Şəfi kişiyə baxa-baxa yanaqları boyu axan göz yaşlarını silir. Bir anlıq susur. Və handan-hana sözünə davam edir.
– Biz Vüsalla sonuncu dəfə oktyabrın 29-da danışdıq. O bacısıynan, onda qardaşı Elvin də müharibədə idi. Qardaşıynan, əmiləri ilə, yoldaşı, oğlu ilə telefonla danışdı. Həmin günü həddindən artıq çox zəng elədi. Zarafat da elədim ona ki, Vüsal, sən nə yaxşı arxayınçılıqdasan? Dedi ki, bu gün istirahətdəyik. Sən demə, döyüşdən yenicə qayıdıblarmış. Dedi ki, ola bilsin mənə zəng çatmasın. Narahat olmayın. Soruşdum, sizi hara aparırlar? Dedi ki, Başkəndə. Əvvəlcə bir şey anlamadıq. Sonra başa düşdük ki, Şuşanı nəzərdə tuturmuş. Hamiynan da halallaşıb. Hətta bizim kəndimizdən, orda döyüşən bir oğlan varmış. Onunla da sağollaşıb, gedəndə deyib ki, cənnətdə görüşərik.
Vüsalın son döyüşü Şuşa şəhərinin Şuşa kəndində olub. O, kəndi, ətrafdakı yüksəklikləri düşməndən təmizləmək üçün qanlı döyüşlər başlayır. Və o döyüşlərdə yoldaşları ilə birlikdə pusquya düşür. Altı gün ac-susuz düşmən mühasirəsində qalırlar. Könül ana:
-Döyüş yoldaşları ağlaya-ağlaya deyirdi ki, mühasirədə olanda Vüsalda bir butulka su var idi. Vüsal onun ağzını açdı, qaldırdı başına, işmədi, verdi yoldaşlarına. 14 nəfər o butulkanın suyunu içdik. Axırda çəkdi başına. Bəlkə də bir udumluq su olardı ya olmazdı, içdi. Onun sonuncu qidası bir udumluq su oldu.
Mühasirədən çıxacaqlarına heç kəsin gümanı yox idi. Bu yalnız Allahın möcüzəsi ola bilərdi. Odur ki, hər kəs öz kəlmeyi-şəhadətini oxumuşdu. Şəhadətlərini göz önünə almışdılar. O vaxt Vüsal ailəsi ilə əlaqə saxlaya bilməsə də digər döyüşçü yoldaşlarından biri onun valideynləri ilə əlaqə saxlayırdı. Könül ana:
-Bizə bir oğlan zəng eləyirdi. O, oğlan noyabrın 3-nə qədər bizimlə əlaqə yaratdı. Vüsalın döyüş yoldaşı idi. O, atasına zəng eləyirmiş, Vüsalın. O, deyirmiş ki, mən təminatdayam, aşağıdayam. Biz hərbçilərin yanına təminat aparırıq, Vüsalın yanında telefon işlətmək mümkün deyil. Vüsal deyir, aşağı düşəndən sonra atamı yığ, ona denən ki, mən salamatam. Üçündən sonra oğlan da bizə zəng vurmadı. Bizim tamam əlaqəmiz kəsildi.
Noyabrın 5-də elə bil möcüzə yarandı. Gözləmədikləri halda “052”-nin döyüşçüləri mühasirədə qalan Vüsalgilin köməyinə çatır. Yenidən qanlı savaşlar başlayır. Düşmənin bir çox postlarını ələ keçirirlər. Canlı qüvvə və texnika sarıdan xeyli itki verən düşmən artıq geri çəkilməyə başlayır. O günü Könül ana belə xatırlayır.
– O gecə yuxu gördüm. Yuxuda gördüm ki, (onun qardaşı da müharibədə idi) o şəkili görürsünüz, şəkildə onun qolunda həmayil var. Kimsə ona hədiyyə edib. Mənim oğlum mamaz qılırdı, oruc tuturdu. Dinə, imana bağlı uşaq idi. Yuxuda gördüm ki, qardaşı həmayılı gətirdi, qoydu stolun üstünə. Soruşdum ki, Elvin bu nədir? Bu Vüsalın qolunda idi. Hardan gətirmisən bunu? Dedi, Vüsalın qolunda olduğun bilmirəm, bunu döyüş yoldaşlarım meşədən tapıblar. Sonra gördüm ki, (ora Vüsalın otağıdır) gurultulu səs gəldi. Yuxuda qaçdım. Gördüm Vüsalın otağında tavandan asılmış çilçıraq qırılıb, düşüb yerə. Sonra yuxudan ayıldım. Getdim Vüsalın otağına, işığı yandırdım. Gördüm yox, çilçiraq, hər şey yerindədir. Salamatçılıqdır. Səhər açıldı. Ayın altısı idi. Qardaşı ilə əlaqə saxladıq. Qardaşı dedi ki, Vüsaldan nə xəbər var? O, da axtarırdı qardaşını. Dedim ki, xəbərimiz yoxdur.
O günü güclü yağış yağırdı. Elə bil yer-göy ağlayırdı. Buna baxmayaraq, döyüşlər bir an da olsun səngimirdi. Artıq düşmənlə aralarında beş-on metr məsafə vardı. Səngərlərə girən zaman əlbəyaxa döyüş başladı. Əlbəyaxa vuruş zamanı Vüsalgil düşməni cəhənnəmə vasil edir, yerlərini möhkəmləndirirdi. O, qanlı savaşda şəhid olanlar da vardı, yaralananlar da.
Vüsal gözündən ağır qəlpə yarası alan silahdaşlarından birini kürəyinə qaldırdı. Və onu güllə yağışı altından çıxartmaq üçün yola düşdü. Bir xeyli yol qət elədi. Yaralı silahdaşının gözündən isə qan dayanmadan axırdı. O, zarıya-zarıya, Vüsal, son anımdır, qoy məni yerə. Səni də mənə görə vuracaqlar. Vüsal “möhkəm ol, səni mütləq mənzil başına çatdıracağam. Sonra bir gün anan səni bizdən istəsə onda nə cavab verərəm?”-deyə islanmış halda yoluna davam etdi. Elə bu zaman arxada, lap yaxınlığında minamyot mərmisi partladı. Mərmi qəlpələri onu da tutdu. Həyatını xilas etmək istədiyi döyüşçü yoldaşı ilə birgə Vüsal 25 yaşında ikən canından artıq çox sevdiyi torpaq uğrunda şəhadətə ucaldı. Valideynləri isə hələ də bundan xəbərsiz idi.
-Noyabrın 7-si idi, gecə yatmışdım-deyə Şəfi kişi deyir.-And olsun Allaha! Yuxuda gördüm məni çağırırlar. Durdum paltarımı geyindim. Düşdüm aşağı. Həmin o kastyum (barmağ ilə arxada oğlunun vurulmuş portretini göstərir) onun əynində. Gördüm darvazanın ağzında dayanıb. Soruşdum ki, ay Vüsal, orda niyə dayanmısan? Mənə cavab vermədi. Dayandı, ancaq baxırdı gözümün içinə. Özüm yeridim buna tərəf. Mənə cavab vermədiyi üçün qəribə hislər keçirtdim. Bədənim üşəndi. Bu hərbçi olsa da, amma mülkü formada idi.Yaxınlaşdım oğluma, o, uzaqlaşdı. Ay Vüsal! Vüsalı bir də möhkəm çağıranda qəfil yoxa çıxdı. Ayıldım, bismilah, bismillah elədim, gördüm artıq mən həyətdəyəm. Saata baxdım, gördüm dördün yarısıdır. Ondan sonra başladım özlüyümdə fikirləşməyə. Mən necə oldu həyətə düşdüm? Fakt məni çağırırdılar. Vüsal məni çağırırdısa, mən düşdüm həyətə, onu gördüm, bəs mənə niyə cavab vermədi? Belə bir yuxu gördüm onda.
Vüsalın nəşi döyüşçü yoldaşı ilə birlikdə neytral zonada olduğundan çıxartmaq mümkün olmur. Artıq Şuşa şəhəri düşmən işğalından azad edilir. Noyabrın 8-də Zəfər qələbəsi çalınır. Vüsaldan isə səs-soraq gəlmir. Buna görə, valideynlərinin narahatlığı başlayır.
-Müharibə qurtardı, zəng eləmədi.-Şəfi kişi kövrəlmiş halda dillənir.-Fikirləşdim bu ola bilməz. Qeyri-mümkün deyil, müharibə qurtara Vüsal zəng eləməyə. Vüsal mənim oğlumdursa, müharibə qurtarıbsa, bu şad xəbəri deməlidir. Deməlidir ki, ata biz torpaqlarımızı aldıq, müharibə də dayandı. Çox narahat idim. Mən bilirdim ki, nəsə olub. Ürəyimə də dammışdı.
Noyabrın 11-də Vüsalın nəşi götürülüb doğulduğu ocağa yola salındı. Məhz o zaman valideynləri, yaxınları, doğmaları onun şəhadətə ucalmasından xəbər tutdular.
Soyuq payız küləyi. Yolda sıralanmış insan seli. Əllərdə dalğalanan üçrəngli bayraq. Ambulans Vüsalın doğulduğu ocağa yaxınlaşdı, arxa qapısı açıldı. Şəhidin üçrəngli bayrağa bükülmüş tabutu çiyinlərə qaldırılanda qadınların hönkürtüsü, fəryadı göylərə bülənd oldu. Evin arşısında vida mərasimi keçiridi və Vüsalın nəşi Xalac kənd qəbristanığına yol aldı. Özü də “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə. Əbədilik torpağa tapşırıldı.
O günü Vüsalın üç yaş yarımlıq oğlu Ayxan da bütün bunları görürdü. O, anaların fəryadını, doğmalarının ağlamasını görürdü. Ancaq nə baş verdiyini, buraya toplaşan bu insanların niyə ağladığını, vay-şivən qopardığını hələ də anlaya bilmirdi. O, da ağlayırdı, özü də içdən ağlayırdı. Onu ovutmaq isə kiminsə yadına düşmürdü. Könül ana:
-Vüsaldan bizə yadigar qalan batinkaları, bir də qanlı köynəyi oldu. Hər ikisi qanın içində idi. Mən elə bildim ki, onun öz qanıdı. Sonra döyüş yoldaşları bizə gəlib danışanda dedilər ki, o. yaralı şəhidin qanıdır. Çünki onun qanı qurtarana qədər Vüsal onu yerə qoymamışdı.
Analar oğullarından sonra nəsə yaxalarında yadigar bir şey gəzdirir. Məndə də var. Mən bu yadigarı bir ay çıxartdım boynumdan. Allahımıza and olsun, Vüsal yuxuma girmədi. Bunu boynuma asdığım günü gecə yuxuma girdi. Gördüm, əlində atvyorka nəsə iş görür. Dedim, ay Vüsal, sən ölmüsən axı. Səni biz basdırmışıq. Üstümə gəldi, hirsli, hirsli. Dedi, ölməmişəm. Niyə başa düşmürsən. Mən şəhid olmuşam.
O gündən balaca Ayxanın gözləri atasını axtarır. Atasını görmək ümidi ilə ora bura vurnuxur, amma görməyəndə elə kövrəlir ki…Nənəsinin yanına gəlib onun qucağına qısılır, atasını soruşur. Amma..
Könül ana:
-Atasını soruşur, çox soruşur. Biz ona heç nə deyə bilmirik. O qədər aciz qalırıq ki. Çox ağıllı, dərrakəli uşaqdır Ayxan.
Bir dəfə getmişdik Vüsalı ziyarət etməyə. Gedəndə maşına minən kimi anasına da, mənə də deyir ki, ağlamayın. Sonra dönür üzümüzə baxır, əllərini gözlərimizə çəkir, görüm bunlar ağlayır, ya ağlamır. Getdik məzarının üstünə. Qaça-qaça getdi atasının baş daşını qucaqladı, atasının şəklini öpdü. Sonra sinə daşının qırağından tutdu qaldırmağa. Soruşdum, Ayxan, bala, neynirsən? Dedi ki, mən bilirəm, atam burdadır. Kömək eləyin bunu qaldıraq, atamı çıxardaq.
Şəfi kişi:
-Hərbi formada adam görən kimi, o saat deyir, baba, bunlar gəlib, bəs atam nə vaxt gələcək? Deyirəm, bala, gələcək, darıxma, gələcək.
Balaca Ayxan öz uşaqlığını yaşamaq, uşaqlıq aləminə qatılmaq üçün onu bağçaya qoyurlar. Şəfi kişi:
-O, psixi travma ald. Vüsalı gətirəndə hamımızın başı qarışıq oldu. O uşağı gərək evdən çıxarardıq. Eləmədik onu. Hər şeyi gözüynən gördü. Uşaq belə pis oldu. Bağçaya qoyduq onu. Biz bağçadan onu götürəndə, qayıtdı ki, baba, Allah haqqı, atam gəlmişdi. Gəldi, oynatdı atam məni. Gördü müəlliməm gəlir, çıxdı getdi. Allah haqqı, atam gəlmişdi. Atam dedi, yenə gələcəm.
Könül ana:
-Soruşdum ki, nənə qurban, Ayxan, ata gələndə sənin müəllimən gördü? Dedi ki, nənə, müəllmə otağa girəndə atam mənə belə əl elədi, çıxdı getdi. O uşaq onu öz beynində qurub ki, atam belə gələr. İndi də, həyətimizdə balaca bir ot göyərəndə, gül açan kimi qopardır. Deyir ki, nənə, bu çiçəyi aparaq atama. Onun fikri-zikri yalnız atasıynandır. Atasına o qədər bağlıdır ki, indi də ümidlə gözləyir onu.
Könül ana susur. Əlinin arxası ilə qeyri-ixtiyarı yanaqlarına axan göz yaşlarını silə-silə:
-Oğlumun şəhadətindən sonra onun telefon nömrəsini mənə verdilər, mən işlədirdim. Bilirdim ki, dost-tanışları Vüsalı bu nömrədən axtarırlar. Bir gün Ayxan balam gəldi yanıma, telefona baxdı-baxdı, sonra dedi ki, nənə, atamın telefonun apar ver özünə. Dedim bala, ata Allah babanın yanındadır. O, sonra getdi əmisinin yanına. Dedi, əmi, Allah babanın nömrəsini bilirsən? Zəng elə, atamı göndərsin.
Bir də görürsən deyir. “Mənim atam şəhidliyə işləməyə gedib”. O, hələ şəhidlik nə olduğunu dərk eləmir, başa düşmür. İndi oğlumun şəhadətindən il yarım keçib. Nəvəmin də beş yaşı var.
Eh, Vüsal hamımıza elə bir ağır zərbə vurub getdi ki, bu heç vaxt ağalmayacaq. 30-50 il keçsə belə. Biz yaşasaq da onun yoxluğu ilə barışmaq olmur. Vallah barışmaq olmur.
Şəhid Vüsal Cəfərov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Təbii ki, ölümündən sonra. Təsəlli yeri kimi, doğulduğu kənddə xatirəsinə kompleks abidə də ucaldılıb.
…Həyətdə balaca bir kətil var. Əvvəllər Könül ana evdə tək qalanda o kətilin üçtündə oturar, gözünü zilləyərdi oğlunun gəldiyi yola. Hər dəfə Vüsal axşam saatlarında evə gələndə yaxınlıqdakı Poçt binasının qarşısından keçərdi. Binanın qarşısında yanan işığın şüası onu apaydın göstərərdi. Ana oğlunun gəldiyini görərdi.
Könül ana indi o kətildə oturmur. Hava qaralar-qaralmaz xəlvəti otağına keçir. İşığı söndürüb pəncərənin pərdəsini yana çəkir. Göznü dikir o pçt binasına. Dikir ki, bəlkə, oğlu Vüsal yenə o işığın altından keçər.
Təyyar Nəsirli.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »