Küçədə məktəbli qıza şillə vuran şəxs – “Bu hərəkəti televizorda görmüşdüm”-VIDEO

0

Fevralın 5-də Yasamal rayonu, Şərifzadə küçəsində məktəbli qıza qəfil şillə vuran şəxsə hökm oxunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi 29 yaşlı Əhməd Hüseynovu Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilərək ona 6 ay müddətinə həbs cəzası verib.

Araşdırmalar zamanı məlum olub ki, Əhməd Hüseynov İqtisad Universitetinin 2014-cü il məzunudur və Şərifzadə küçəsində yaşayır. O, həmin gün marketə gedərkən küçədə yüksək səslə söyüşlər söyüb və qarşısına çıxan 11-ci sinif şagirdi A.Q.nin üzündən qəfil vurub. Hadisə haqda həmin qızın atası Musa Quliyev saytımıza müraciət edib görüntüləri təqdim etdikdən sonra məsələ ictimailəşib, Əhməd tutulub və barəsində cinayət işi açılıb.

Məhkəmədə Əhməd Hüseynov əməlindən peşman olduğunu bildirib: “Şərifzadə küçəsində yaşadığım mənzilin yanında yerləşən şirniyyat evində işləyib anama və bacıma baxıram. Bu ilin 5 fevralında,14 radələrində marketə bazarlıq etmək üçün gedən zaman metronun “İnşaatçılar” stansiyasının qarşısında tanımadığım bir nəfər qızın yol getdiyini görüb yanından keçən zaman əlimi cibindən çıxarıb zarafat edən şəxs kimi təsadüfən üzündən şillə ilə vurub heç nə olmamış kimi hərəkət edib yoluma davam etdim. Bu vaxt ətrafdan keçənlər təəcüblə baxsalar da, özümü bilməzliyə və görməzliyə qoydum. Yoluma davam etdim. Həmin gün etdiyim hərəkətlərin mahiyyətini dərk edib düz etmədiyimi başa düşdüm, amma nədənsə həmin hərəkətləri etmək içimdən gəldiyi üçün bunu etdim. Həmçinin həmin gün televizorda göstərilən şou proqramda olduğu kimi insanlarla zarafat edən şəxslər kimi hərəkət etdim”.

Məktəbin 11-ci sinfində oxuyan qızın atasının bildirdiyinə görə, vurulan şillənin təsirindən qızı ağzından və burnundan xəsarət alıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »