MHP sədri xalqımızı Ramazan bayramı münasibətilə təbrik etdi

0

Milli Həmrəylik Partiyasının (MHP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

MHP mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:

“Əziz soydaşlar!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və hər birinizə ən xoş arzularımızı bildiririk.

Dini bayramımız olduğu qədər, həm də artıq çoxdan milli bayramımıza çevrilmiş Ramazan bayramı uşaqlarımızdan tutmuş böyüklərimizə, ağsaqqal və ağbirçəklərimizə qədər hamının böyük sevinc hissilə gözlədiyi, qarşıladığı ən əziz bayramlarımızdan biridir.

Bu aya əbəs yerə “on bir ayın Sultanı” deyilmir. Çünki bu ayda çoxlu fəzilət, rəhmət və bərəkət cəmlənib. Bu ay təkcə cismani dözüm və sınaq ayı deyil, bu ay eyni zamanda mənəvi kamilləşmə, arınma-durulma ayıdır.

Biz bu ayı həmçinin həmrəylik və vəhdət ayı hesab edirik. İslam dini zatən vəhdət dinidir, həmrəylik dinidir, xoşgörü dinidir, barış dinidir. Ancaq Ramazan ayı isə bütün bu keyfiyyətlərin ən qabarıq şəkildə üzə çıxdığı, zirvə nöqtəyə yüksəldiyi zaman kəsiyidir. Bu zaman kəsiyində təkcə biz azərbaycanlılar deyil, bütün türk və müsəlman dünyası bir nöqtədə birləşir. Məhz bu xüsusiyyətinə görə də Ramazan ayını tam əminliklə həmrəylik ayı adlandıra bilərik.

Artıq ikinci ildir ki, müqəddəs Ramazan bayramını işğaldan azad edilmiş torpaqlarımızla – Qarabağımızla, Şərqi Zəngəzurumuzla birgə qeyd edirik. 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin sayəsində, indi Şuşada, Ağdamda azan səsləri ucalır, bayram namazları qılınır. Bu, xalqımız üçün ən xoş, qürur dolu anlardan biridir.

Əzanlar və dualar, birlikdə qılınan bayram namazları hamımızı birliyə, milli həmrəyliyə səsləyir, mənfur erməni vandallarının talan etdiyi şəhər və kəndlərimizi dövlətimizlə əl-ələ verib birlikdə dirçəltməyə təşviq edir, bizi Böyük Qayıdışa səsləyir, kökləyir. İnşAllah qarşıdakı illərdə Qarabağın, Şərqi Zəngəzurun hər bir kəndində, hər obasında bayram namazları qılacaq, milli-mənəvi dəyərlərimizi bərpa etməyə, yaşatmağa davam edəcəyik.

Bu əziz bayram günündə, dünyadan köçən doğmalarımızın ruhları üçün dua etmək, onları xatırlamaq ən gözəl ənənələrimizdən biridir. Eyni zamanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əziz şəhidlərimizi də xatırlamaq həm ilahi, həm də insani borcumuzdur. Biz bütün şəhidlərimizi böyük ehtiramla yad edir, yaralı qazilərimizə Allahdan şəfqət və sağlamlıq diləyir, əsgər və zabitlərimizi isə bayram münasibətilə təbrik edirik.

Həmçinin Ramazan bayramı münasibətilə mənə və partiya üzvlərimizə dövlət başçının təbrikini çatdıran Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə öz təşəkkürümüzü bildirir, biz də bu müqəddəs bayram münasibətilə Prezident İlham Əliyevi ürəkdən təbrik edir, ona Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar diləyirik.

Dəyərli həmvətənlər və bütün dünya azərbaycanlıları!

Bir daha hamınıza səmimi bayram təbriklərimizi çatdırır, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət diləyirik. Allah oruc və dualarınızı, bütün xoş arzu və niyyətlərinizi qəbul etsin, bu mübarək ayın nurunu, hüzurunu sizdən əsigəməsin. Həmrəyliyimiz və birliyimiz həmişə sarsılmaz olsun! Ramazan Bayramınız mübarək olsun!

Hörmətlə:   Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri”

 52 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »