Bu il Kəlbəcər yaylaqlarına 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır. Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatacaq.
İctimairey.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, azad olunmuş ərazilərə ötən il olduğu kimi, yenə də yalnız həmin rayondan olan fermerlərin təsərrüfatları köçürüləcək. Bu il Kəlbəcər yaylaqlarına, həmçinin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən damazlıq arıçılıq və qoyunçuluq təsərrüfatlarının da köçürülməsi nəzərdə tutulur.
Portalda qeydiyyatdan keçmiş arıçılıq təsərrüfatlarının rəhbərləri 10-12 may tarixlərində Göygöldə yerləşən ANAMA-nın Təlim Mərkəzində azad olunmuş ərazilərdə xüsusi davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunacaq. Təlimləri başa vurmuş fermerlər köç etdikləri ərazilərdə müvafiq təlimata uyğun davranacaqlarına dair iltizamnamə imzaladıqdan sonra, onların mərhələli şəkildə yaylaqlara köçü təmin ediləcək.
Aprelin 29-da təlimləri başa vurmuş 13 arıçıdan ibarət 5 arıçılıq təsərrüfatı Kəlbəcər yaylaqlarına yola salınıb. Göygöl rayonu ərazisində keçirilən yola salma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycan Arıçılar Assosiasiyasının, Peşəkar Arıçılar İctimai Birliyinin rəhbərləri, Kəlbəcər rayonundan olan 150-dən çox arıçı fermer iştirak edib.
Mərasimdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov yaylaq mövsümünün başlaması münasibətilə kəlbəcərli arıçıları təbrik edib. O bildirib ki, ötən il ilk dəfə pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü təmin edilib. Mövsümü doğma yaylaqlarda keçirən arıçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq əldə olunub. 2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı ailəsi köçürülüb, bu il isə təkcə Kəlbəcər rayonu ərazisinə 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır.
Təsərrüfatların yaylaqlara köçürülməsi prosesi digər dövlət qurumları ilə koordinasiya edilir və xüsusi reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, ən azı 40 arı ailəsinə sahib olan, arı ailələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirərək subsidiya alan kəlbəcərli fermerlər öz rayonlarındakı yaylaqlara köç üçün müraciət edə bilərlər. Fermerlər müraciətlərini istənilən rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində rəsmiləşdirmək imkanına sahibdir. Bundan başqa fermerlər özləri müstəqil şəkildə köçlə əlaqədar yaradılmış https://koc.eagro.az ünvanında yerləşən portala daxil olaraq müraciətlərini rəsmiləşdirə bilərlər.
Fermerlərə məlumat verilib ki, ötən il pilot layihə çərçivəsində heyvandarlıq təsərrüfatlarının da Kəlbəcər yaylaqlarına köçürülməsi təmin edilib. Köçün nəticələri nazirlikdə qiymətləndirilərək 2022-ci il üçün ilkin proqnozlar müəyyənləşdirilib. Qiymətləndirilməyə uyğun olaraq, bu il tərkibində ən azı 200 heyvan olan qoyunçuluq təsərrüfatlarının da Kəlbəcər yaylaqlarına köçünün təşkili nəzərdə tutulub. Yaylaqlara köç edəcək hər bir heyvandarlıq təsərrüfatında qiymətləndirmə aparılacaq və təsərrüfatların məhsuldarlıq göstəriciləri nəzərdən keçiriləcək.
Çıxışlardan sonra fermerlərin köçlə əlaqədar çoxsaylı sualları cavablandırılıb, irəli sürülən təkliflər qeydə alınıb. Tədbirin sonunda ANAMA-nın Təlim Mərkəzində təlimləri başa vurmuş fermerlərin rəhbərlik etdiyi təsərrüfatlar Kəlbəcər yaylaqlarına yola salınıb. Azərtac