Hüquqi mədəniyyət, sivil davranış və ədəb-əxlaq qaydalarına uyğun ritorika. Bax, bu üç prinsip cəmiyyət olaraq gündəlik həyatımızda hamımız üçün adi yaşam normalarına çevrilməlidir. Nə məmur-vətəndaş münasibətlərində, nə siyasi liderlər arasında, nədəki vətəndaşların bir-birilə təmaslarında dərəbəylik, qoluzorluluq, harınlıq, tərbiyəsizlik və küçə əxlaqına qətiyyən yer olmamalıdır.
Məmur öz vəzifə səlahiyyətlərindən istifadə edib vətəndaşın üzərinə gəlməməli, onu əzməyə, aşağılamağa çalışmamalıdır. Siyasi partiya sədrləri, QHT rəhbərləri, ictimai fəallar da debatlarda, tədbirlərdə, kütləvi akziyalar zamanı və ələlxüsus da canlı efirdə çıxış edərkən etik çərçivələri mütləq gözləməli, söyüş ritorikasından istifadə etməməlidirlər.
Heç kimin bir başqasını küçə söyüşləri ilə təhqir etməyə ixtiyarı yoxdur. Heç kim ictimai məkanlarda özünü qoçu zənn edib digər(lər)inin şərəf və ləyaqətini alçaltmamalıdır. Bunu istər yazılmış qanunlarımız, istərsə də yazılmamış qanunlarımız, örf və adətlərimiz hər birimizdən tələb edir.
Ancaq əfsuslar olsun ki, bu son günlərdə yaşanan iki xoşagəlməz hadisə söyüş ritorikasının hələ də cəmiyyətimizin gündəlik həyatında və leksikonunda öz hökmranlığını qoruyub saxladığını göstərdi. Belə ki, əvvəlcə paytaxt küçələrindən birində motosiklet sürən bir gənc yaşlı məmur tərəfindən döyülüb təhqir edildi və bu olay cəmiyyətimizdə geniş rezonans doğurdu, məmurun harınlığı haqlı olaraq qınanıldı.
Daha sonra isə “AzerFreedom TV” adlı Yutub kanalının efirində Qurban Məmmədovla İqbal Ağazadənin başdan-başa söyüşdən, təhqirdən ibarət olan telefon söhbətinin yayımlanması cəmiyyətdə şok effekti yaratdı. Siyasətçilərin öz aralarındakı bu cür söyüşləri, savaşları onların xalq arasındakı nüfuzuna sarsıdıcı zərbə endirir. Ümumiyyətlə, söyüş ritorikası siyasətlə məşğul olan insanlarımızı siyasi məhvə doğru aparır.
Siyasi qüvvələr, siyasi liderlər sağlam siyasi münasibətlərə üstünlük verməlidirlər. Biz partiya sədrləri hansısa açıqlamalarımıza görə, bu və ya digər taktiki addımlarımıza görə bir-birimizi tənqid edə bilərik. Bu normaldır. Ancaq qarşılıqlı təhqirlərə isə heç bir halda yol verməməliyik. Çünki bizim hər sözümüz, hər bir hərəkətimiz cəmiyyətdə yaxşı və ya pis mənada örnək olur. Odur ki, biz ölkənin ictimai-siyasi mühitinə söyüş ritorikasından uzaq yeni siyasi mədəniyyət gətirməliyik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri