Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 9 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edənlər narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri olduğunu bildiriblər. Qeyd edilib ki, respublikamızda narkomaniyanın qarşısının alınması istiqamətində bütün lazımi tədbirlər görülür. Hər bir xalqın, millətin özəyini onun gəncləri təşkil etdiyi və xalqın inkişafında da gənclər rolunun mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, bunun üçün gənclər də öz ətrafına diqqət yetirməli, bütün əmək və bacarıqlarını təhsil sahəsinə yönəltməlidirlər.
Sonra çıxış edənlər keçirilən belə görüşlərin əhəmiyyətindən və şagirdlərin sağlam ruhda böyüməsinə təkan verməsindən danışıblar.
Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib.