Şuşa qurultay iştirakçılarını hərarətlə alqışlayır

0

Xalqımızın çağdaş tarixində böyük tarixi əhəmiyyət kəsb edən unudulmaz hadisə baş verir. Belə ki, dünya azərbaycanlılarının növbəti, beşinci qurultayı hər birimizin qəlbində xüsusi yeri olan gözəl Şuşa şəhərində keçirilir. Şübhə yoxdur ki, bu hadisə xal­qımızın qədim və şanlı tarixinin ən parlaq səhifələrindən birinə çevriləcək.

Müstəqillik tariximizdə ilk dəfə qurultay düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilir. Bu hadisə bütün dünyaya mesajdır. Yəni, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər. Şuşada keçirilən qurultay dünya azərbaycanlılarına tor­paqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də, erməni vandaliz­minin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırıb.

Bəli, bu gün Şuşada möhtəşəm hadisələr baş verir. Dünyanın hər yerindən bura təşrif buyuran soydaş­larımız tarixi Cıdır düzündə bir araya gəliblər. Cəmi iki il bundan əvvəl belə bir xoşbəxtliyin baş verəcəyini təsəvvür etmək çətin idi. İki il bundan əvvəl bu arzu bizə xəyal kimi görü­nürdü.

Bu gün isə Şuşa azaddır, xoşbəxtdir. Şuşa ilə bərabər xalqımız da özünü haqlı olaraq xoşbəxt sanır. Bu xoşbəxtlik bizə Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli ordumuzun igid əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində nəsib olubdur.

Ötən il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Şuşa şəhərini ziyarət ediblər. Dövlətimizin başçısı Cıdır düzündə çıxış edərək deyibdir: “Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Bəllidir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra diaspor quruculuğu işinə böyük önəm verirdi. Dahi siyasətçi bir qayda olaraq xaricə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşər, onlara doğma vətənləri ilə sıx əlaqə qurmağı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı tövsiyə edərdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi də bu məqsədlərə xidmət edirdi.

2006-cı il martın 16-da dünya azərbaycanlılarının ikinci, 2011-ci il iyulun 5-6-da üçüncü, 2016-cı il iyu­nun 3-4-də dördüncü qurultayları ke­çirilib. Hər bir qurultayda Azərbaycan diaspor təşkilatlarının keçdiyi inkişaf yolu, əldə olunan nailiyyətlər, qarşı­da duran mühüm vəzifələr müəyyən edilibdir. 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlanmışdır.

Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan evinin (Tallin, Varşava, Budapeşt, Brüssel, Zalsburq Barse­lona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Sa­loniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) yaradılıbdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.

Azərbaycan diasporu İkinci Qarabağ müharibəsində xalqımızın ədalətli mübarizəsini fəal surətdə dəstəkləyib. Ölkəmizin diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirib, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak ediblər. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndəribdir.

Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı düşü­nülmüş, məqsədyönlü xarici siyasət nəticəsində müstəqil Azərbaycan dünyada sayılıb seçilən nüfuzlu ölkələr sırasında yer alıb. Azərbaycan diasporu indi yüksək səviyyədə təşkilatlanmış formadadır.

Qurultay nümayəndələrindən biri söhbət zamanı bizə dedi ki, biz diaspor nümayəndəsi kimi, əldə etdi­yimiz uğurlarla kifayətlənməli deyilik, çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil for­mada fəaliyyət göstərərək yaşadıqları ölkələrin, şəhərlərin siyasi həyatında da yer alsınlar. Parlament seçkilərinə, bələdiyyə seçkilərinə qoşularaq bu seçkili orqanlarda təmsil olunmağa çalışsınlar. Prezident İlham Əliyev bunu dəfələrlə çağırışlarında vur­ğulayıb. Biz böyük xalqıq! Dünyada 50 milyon soydaşımız yaşayır, daha aktiv və strateji fəaliyyət qurmalıyıq ki, səsimiz daha yüksəklərdən eşidilsin.

Milli Məclisin deputatı Fatma Yılıdırım isə qurultayın əhəmiyyəti barədə danışarkən bunları dedi: “Dünya Azərbaycanlılarının V Qurul­tayının Şuşa şəhərində keçirilməsi olduqca tarixi əhəmiyyət kəsb edən hadisədir. Biz xoşbəxtik ki, belə bir əlamətdar hadisəyə şahidlik edəcəyik”. Deputatın fikrincə, dün­ya azərbaycanlılarının həmrəyliyi milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dünya azərbaycanlılarının be­şinci qurultayı Zəfər qurultayı hesab olunur. Qurultayda “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qaraba­ğın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Qeyd etmək lazımdır ki, xalqımı­zın 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsi ölkəmizin hər yerində böyük ruh coşğunluğu yaratmışdır. İki il əvvəl cəbhədə tarixi qələbə qaza­nan Azərbaycan bu gün artıq Qara­bağda böyük tikinti-quruculuq işləri ilə məşğuldur. Dövlətimiz və xalqımız bu gün əl-ələ verib işğaldan azad edilmiş ərazilərdə düşmənin vandalcasına dağıtdığı şəhər və kəndləri yenidən inşa edir. Gözlərimizin önündə əvvəlkindən də gözəl şəhərlər tikilir, parklar və yollar salınır.

Prezident İlham Əliyevin müdrik liderliyilə Azərbaycan sürətli inkişaf və tərəqqi yolundadır. Azərbaycanın diaspor təşkilatları milli intibahımıza öz yeni töhfələrini vermək, ölkəmizin adını, şöhrətini daha da ucaltmaq arzusu ilə yaşayıb yaradırlar.

Dünya azərbaycanlılarının be­şinci qurultayı dövlətimizin diaspor siyasətində yeni mühüm vəzifələr irəli sürəcək. Hər bir soydaşımız xalqımızı bundan sonra da beynəlxalq arenada ləyaqətlə təmsil etməyə çalışacaq. Biz birlikdə güclüyük. Bu, böyük həqiqəti heç vaxt unutmamalıyıq.

Məsaim ABDULLAYEV,  Xalq Qəzeti

Leave A Reply

Your email address will not be published.

Tərcümə »