Prezident İlham Əliyevin Misir və BƏƏ-nin yeni səfirlərinin etimadnamələrini qəbul etməsi ərəb KİV-in diqqət mərkəzində olub
Azərbaycan Prezidenti İlham Əliyevin Misir və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizə təyin edilmiş yeni səfirlərinin etimadnamələrini qəbul etməsi ərəb KİV-in diqqət mərkəzində olub.
İctimairey.az xəbər verir ki, Misirin “Əl Bələd”, “Əl Əhram”, “Əl Masr Əl Yom”, “Əl Şuruq”, “Mubtada”, “Əl Ğad” və s. qəzetlərində bu ölkənin Azərbaycanda yeni səfiri Hişam Mohamed Nağı Abdel Hamidin öz etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi barədə xəbərlər dərc olunub. Materiallarda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı ölkəmizin Qoşulmama Hərəkatına sədr seçilməsi və sədrlik müddətinin uzadılmasına, Ermənistanın işğalı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrə verdiyi dəstəyə görə Misirə minnətdarlığını bildirib.
Misir KİV-i qeyd ediblər ki, səfir bu ilin noyabrında Şarm əl-Şeyxdə keçiriləcək Qlobal İqlim Dəyişikliyi Konfransına hazırlıq barədə Azərbaycanın dövlət başçısına məlumat verib, iki dost ölkə arasında əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.
BƏƏ-nin rəsmi “Emirates” agentliyi, “Khaleej Times” qəzeti və digər mətbu orqanlarında Prezident İlham Əliyevin bu ölkənin yeni səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul etməsi barədə xəbərlər yayımlanıb. Materiallarda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberin bu yaxınlarda Azərbaycanda səfərdə olduğunu və səfər zamanı BƏƏ-nin ölkəmizdə konkret investisiya layihələri ilə bağlı səmərəli müzakirələr aparıldığını diqqətə çatdırıb. O, həmçinin BƏƏ-nin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasının önəmini vurğulayıb, hazırda ölkələrimiz arasında bərpaolunan enerji sahəsində çoxmilyardlı investisiya portfeli üzərində iş aparıldığını bildirib.
Ərəb KİV-in xəbərlərində səfirin BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Abu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdığı, Prezident İlham Əliyevin onun da salamlarını Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana çatdırmağı xahiş etdiyi vurğulanıb.
Oqtay Bayramov AZƏRTAC