Ermənistanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimiz çox dinamik inkişaf edib. Rusiya və Ermənistan strateji tərəfdaş və müttəfiqdir. Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 20-də Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşündə belə deyib.
O əlavə edib ki, 30 illik yubiley İrəvanın və Moskvanın bu müddət ərzində gördüyü işləri təhlil etmək üçün çox yaxşı fürsətdir.
“Bu müddət ərzində çox dramatik hadisələr baş verib, biz hər şeyi təhlil edib görməliyik ki, əldə etmək istədiyimiz nəticələrə harada nail olub, harada çox da uğurlu olmayıb və bunun fonunda gələcək biznesimizi, və əlaqələrimizin daha da inkişaf etdirilməsində birgə layihələrimizi planlaşdıraq. Bu kontekstdə parlamentlərarası əlaqələr əsas rol oynayır”, – Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Rusiya və Ermənistan Aİİ və MDB çərçivəsində uğurla əməkdaşlıq edirlər.
“Ən effektiv formatlarda belə işin səmərəliliyini necə artırmaq barədə düşünmək vacibdir, çünki xüsusilə XXI əsrdə getdikcə daha çox yeni çağırışlar meydana çıxır. Biz çox sıx əməkdaşlıq etməliyik”, – Ermənistanın baş naziri qeyd edib.