Azərbaycanda kiçik broyler müəssisələri toyuq ətinə normadan çox su vurur.
“Marja” xəbər verir ki, bunu “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” (APEPEA) İctimai Birliyinin sədri Mürvət Həsənli Qida Təhlükəsizliyi Agenliyinin (AQTA) rəhbərliyi ilə görüşdə bildirib.
Onun sözlərinə görə, narahatedici məsələ kiçik kəsim müəssisələrinin toyuq ətinə normadan çox su vurması nəticəsində ümumilikdə broyler məhsuluna münasibətin pisləşməsidir. Qida təhlükəsizliyi dövlətin milli strateji təhlükəsizliyinin tərkib hissəsidir:
“Bu baxımdan, AQTA-nın üzərinə böyük məsuliyyət düşür. Biz Agentliklə yaxşı əməkdaşlıq edirik. Bir neçə dəfə ölkəyə yaşlıq quşların, istehsal müddəti göstərilmədən quş əti və yumurta idxalına dair faktları qurumun müvafiq qurumlarına təqdim etmişik və dərhal da tədbir görülüb. Assosiasiya üzvü olan istehsalçıların bir sıra problemləri var. Bunlardan biri pərakəndə ticarət şəbəkələrində saxlama avadanlıqlarının normalara cavab verməməsidir. Quş əti üçün zəruri olan temperarur rejimi təmin edilmir, nəticədə məhsulun keyfiyyəti aşağı düşür. Eyni zamanda geriqayıtma faizi yüksəlir ki, bu da bizə zərər vurur”.