Azərbaycan-Ermənistan münasibətləri necə inkişaf edəcək?
İctimaiRey.az Brüssel görüşündən sonra həm Ermənistan, həm də Azərbaycandan yekun sülh müqaviləsinin imzalanması ilə bağlı müsbət mesajlar səsləndirilir. Xüsusilə, Ukrayna müharibəsi nəticəsində Rusiyada yaranmış iqtisadi çətinliklər fonunda rəsmi İrəvan müqavilənin imzalanması ilə bağlı daha sürətli davranmağa çalışır. Paşinyan administrasiyası təkcə Qarabağla bağlı sələflərindən fərqli olaraq daha sülhməramlı davranmağa çalışmır, eyni zamanda dolayısı yolla Rusiyanın fəaliyyətini tənqid edərək, onun ölkədəki nüfuzunu maksimum şəkildə azaltmağa çalışır. Bununla belə Ermənistan hökumətinin dayanıqlı mövqelərə sahib olmaması, eləcə də Moskvanın hələ də İrəvanda böyük təsir imkanlarına saxlaması regionun gələcəyi, Ermənistan-Rusiya münasibətlərinin necə davam edəcəyi, Azərbaycanla Ermənistan arasında başlayan sülh prosesinin nə cür inkişaf edəcəyi ilə bağlı ortaya maraqlı suallar çıxarır.
Beləliklə, Azərbaycanla Ermənistan arasında başlayan sülh prosesinin necə bitəcəyi ilə 6 mümkün ssenarini təqdim edirik:
Nikbin ssenari: Böyük barışıq
Bu ssenariyə əsasən, Azərbaycan və Ermənistan arasında Brüssel görüşünün ruhuna uyğun olaraq təmaslar artır. Xarici işlər nazirlərinin birbaşa təmasından sonra analoji addımlar müdafiə nazirləri, iqtisadiyyat nazirləri, baş nazirlərin müavinləri və hətta liderlər səviyyəsində artırılır. Ermənistan rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qarabağdan Ermənistan ordusunun çıxarılmasının zəminini hazırlayan Paşinyan administrasiyası bu istiqamətdə fəaliyyətlərini artırır və Azərbaycandan Qarabağdakı ermənilərinin haqlarının təmin olunacağına dair zəmanət aldığını bildirir. Həmçinin Qafqazda sülh quruculuğuna töhfə vermək adı altında Ermənistan qoşunlarını yekun olaraq Qarabağdan çəkəcəyini elan edir. Ordunun çəkilməsi ilə bağlı ölkələr arasında birbaşa və ya vasitəçi ölkələrin iştirakı ilə razılıq əldə olunur. Mərhələli şəkildə çəkilən Ermənistan ordusunun yerini Azərbaycan ordu bölmələri tutur. Tərəflər arasında ilk belə mübadilənin aprelin sonu, mayın ilk günlərindən gerçəkləşdirilməsi planlaşdırıla bilər. Lakin bir sıra məsələlər Ermənistan ordusunun Qarabağdan çəkilməsini ilin sonuna qədər uzadacaq. Razılığa əsasən, ilk olaraq ordu bölmələri Xocalı rayonu və keçmiş Ağdərə indiki Tərtər və Kəlbəcər rayonlarının Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərindən çəkilə, sonrakı dövrdə mərhələli şəkildə digər bölgələrdən qoşunlar çıxarıla bilərlər. Qarabağdan çıxan Ermənistan ordusu ilə bərabər İrəvan Qarabağdakı separatçı dəstələrin silahı yerə qoyması ilə bağlı öhdəlik götürəcək Tərəflər arasında razılığa əsasən, Azərbaycan həmçinin Bakının hakimiyyətini qəbul etməyə erməniləri Ermənistana immiqrasiya etməsinə imkan yaradacaq.
Bu prosesə paralel şəkildə tərəflər arasında sülh danışıqları ilə bağlı təmaslar sürətlənəcək. Bakı və İrəvan sülh danışıqlarında qərarlı olmaları ilə bağlı ilkin bəyanat da imzalaya bilərlərlər. Üstəlik, münasibətlərin normallaşması Zəngəzur ərazisindən daşımalarla bağlı müzakirələri daha produktiv edir və nəticədə bu istiqamətdə ilkin real uğurlar əldə olunur. Delimitasiya və demarkasiya ilə bağlı komissiyanın tərkibinin müəyyənləşdirilməsindən sonra sıx təmaslar artacaq, lakin tərəflər arasında sərhədin həddən artıq uzun olması, bu istiqamətdə tez bir zamanda həllin əldə olunması imkanlarını məhdudlaşdırır. Bu bəzi məntəqələr üzərində mübahisələri saxlayacaq, amma tərəflər artıq bu mübahisələri silahla yox, danışıqlar yoluyla həll etməyə cəhd edəcəklər, bunun da ilkin göstəricisi növbəti bir neçə il ərzində sərhəddəki ordu bölmələrinin sərhəd qoşunları ilə əvəz edilməsi olacaq. Bununla belə delimitasiya və demarkasiya ən yaxşı halda 2025, ən pis halda isə 2030-cu ilə qədər uzana bilər.
Sülhün zəmanət altına alınması üçün tərəflər arasında qarşılıqlı səfərlər təşkil ediləcək. Üstəlik, tərəflər xalq diplomatiyasını gücləndirərək, barışığın yekun təmini üçün müxtəlif forumlar və gənclər arasında görüşlər təşkilində maraqlı olacaqlar.
Azərbaycanla əldə olunan razılıq Ermənistan baş nazirinin cəmiyyətdə dayaqlarını gücləndirməklə yanaşı ona ciddi təhdidlər də yaradacaq. Üstəlik qoşunların Qarabağdan çıxarılması, bu təhdidləri bir qədər artıracaq. Cəmiyyət üzərində nəzarətin təmini və keçid mərhələsinin uğurla başa vurulması üçün Paşinyan nəzarəti gücləndirəcək ki, bu da Ermənistanda avtoritar idarəetmə elementlərinin ortaya çıxmasına gətirib çıxara bilər. Bu isə öz növbəsində Ermənistanda və ümumilikdə Qafqazda Rusiya təsirini mərhələli şəkildə zəiflədəcək. Bununla barışmaq istəməyən Moskva ilkin mərhələdə sakit davransa da sonrakı dönəmlərdə əks həmlələr edə bilər ki, bunun da kifayət qədər uğurlu olacağı inandırıcı görünmür. Qarabağla bağlı razılıq Qərbin, xüsusilə, Avropa Birliyi və Türkiyənin bölgədə nüfuzunu artıracaq. Bu da öz növbəsində Türkiyə-Ermənistan-Azərbaycan, həmçinin “1+3” adlanacaq Türkiyə-Ermənistan-Azərbaycan-Gürcüstan platformalarını 2026-cı ilə qədər ortaya çıxara bilər. Moskvanın Qafqazda çıxarılması, eləcə də dayanıqlı sülhün saxlanılması üçün Paşinyan hakimiyyətinə həm Qərbdən, həm Tiflisdən, özəlliklə də Ankara və Bakıdan maksimum dəstək veriləcək.
Bu, optimist ssenari olaraq dəyərləndirilir. Onun reallaşma ehtimalının artması, Bakı və İrəvanla yanaşı Ukrayna savaşının gedişindən asılıdır.
Sələflərin mirası: Antiterror Əməliyyatları
Bu ssenariyə əsasən, danışıqlarla bağlı hazırkı dönəmdə nikbin bəyanatlar verən Ermənistan hakimiyyəti qəti addımlar atmaqdan qorxur. Hakimiyyəti bundan çəkindirən əsas səbəblər Rusiya faktoru, eləcə də müxalifətin güclü təzyiqi faktoru olur. İqtidarı itirməkdən qorxan Paşinyan administrasiyası nikbin bəyanatlarını davam etdirsə də Qarabağda ermənilərinin haqlarının təmin olunmasıyla bağlı Azərbaycandan tam zəmanət ala bilmədiyinə dair iddialar, eləcə də bir sıra başqa xırda məqamlara istinad edərək, danışıqları uzatmağa çalışacaq. Bu fonda Ermənistan hakimiyyəti həmçinin Rusiya faktorunu və cəmiyyətin kəskin reaksiya verə biləcəyinə dair sələflərinin bəhanələrini əsas gətirərək, danışıqlar masasında özünü siğortalamağa cəhd edəcək. Bununla belə Paşinyanın sələflərinin taktikasından yararlanmaq istəyi yetərli qədər uğurlu olmayacaq. Ona görə ki, enerji təhlükəsizliyi və Qərb-Rusiya qarşıdurması fonunda Brüsseldə və Vaşinqtonda daha sərt seçimlər etməsi gündəmə gələ bilər ki, bu da İrəvan üçün arzuolunmaz şərait yaradır.
İrəvanın danışıqları uzatması niyyətini başa düşən Bakı İrəvandan qəti addımlar tələb edəcək. Bu fonda Ermənistan üzərində təzyiqlərini artıran Azərbaycan həm sərhəddə, həm də Qarabağ istiqamətində bir sıra həmlələr gerçəkləşdirə bilər. Ermənistanın mövqeyinin dəyişməkdə maraqlı olmadığını anlaması Azərbaycanı sərt addımlara məcbur edəcək. Rusiya faktorunu heç vaxt xarici siyasətində diqqətdən kənarda saxlamayan Azərbaycan Moskva ilə təmaslarını gücləndirə və iki ölkə arasında imzalanmış müttəfiqlik deklarasiyasına dair təbliğat kampaniyası apara bilər. Müxtəlif vasitələrlə Moskvanın bitərəfliyini təmin edəcək, Bakı Qərbin və Türkiyənin aktiv dəstəyinə arxalanaraq, güvənli şəkildə antiterror əməliyyatlarına başlayacaq. Antiterror əməliyyatları ilə Xocalı, Ağdərə, Xocavəndin böyük hissəsinə nəzarəti təmin edən Bakı Xankəndini sonrakı mərhələyə saxlaya, eləcə də Rusiya sülhməramlılarının ərazidə saxlanılmasını təmin edərək, Moskvanın narazılığının qarşısını almış olacaq. Bu əməliyyatlar Ermənistan hakimiyyətə qarşı təzyiqləri artıra, nəticədən Paşinyan hakimiyyətinin təmini üçün sərt idarəetmə üsuluna keçə bilər. Bu isə istənilən halda Azərbaycan üçün sərfəlidir, çünki nəticədə Paşinyanın sərbəst qərar qəbul etmək imkanları genişlənəcək ki, bu da özünü danışıqlarda göstərəcək. Azərbaycanın əməliyyatlarından sonra ictimaiyyət daxilində təbliğatını gücləndirən Paşinyan administrasiyası Bakı ilə real danışıqlara oturacaq. Bu ssenarinin ən maraqlı məqamı Bakı ilə danışıqlara gələcək İrəvanın qarşısına əvvəlkindən daha ağır şərtlərin, xüsusilə də Zəngəzurla bağlı sərt tələblərin qoyulması olacaq ki, buna da İrəvan ilkin mərhələdə qarşı çıxsa da sonrakı dönəmdə onlarla qismən razılaşa bilər ki, bu da Azərbaycan üçün məqbul sayılacaq.
Bu ssenari iki ölkə arasında konfliktin qısa zamanda həll imkanlarını azaltsa da onun gerçəkləşməsi real görünür.
II Nemezis əməliyyatı: III Qarabağ müharibəsi başlayır
Bu ssenariyə əsasən, Brüssel danışıqları sonrası nikbin bəyanatlar verən İrəvanda gözlənilməz hal yaşanır. Belə ki, Bakı ilə münasibətlərin bərpası və Qarabağdan qoşunların çıxarılmasına razılıq verən Paşinyan Azərbaycanla sıx təmaslardan sonra kəskin təzyiqlərə məruz qalır. Xüsusilə, Ukrayna savaşında situasiyanın qəlizləşməsi, Rusiyaya qarşı sərt sanksiyaların şiddətinin bir qədər də Moskvanın aqressiyasını bir qədər də artırır. Yaşanan iqtisadi silkələnmələr fonunda Kreml xüsusilə müttəfiqi sayılan KTMT ölkələri üzərində nəzarəti daha da sərtləşdirməklə yanaşı onların xəyanət etməməsi üçün qəti mesajlar verir. Ermənistanın Moskvanın vasitəçiliyi olmadan Bakı ilə danışıqları gücləndirməsi Moskvanın qəzəbini artırır. Digər tərəfdən Moskvanın qəzəbinə səbəb olan əsas faktor Ermənistanın Qərblə təmaslarını gücləndirməsi olur. Ermənistanı itirəcəyi təqdirdə Qafqazda tam məhrum olacağını anlayan Moskva Paşinyanın addımlarını bağışlamır. Nəticədə Ermənistan istiqamətində aktiv addımlar başlayır. İlk növbədə Nikola qarşı təbliğat kampaniyası güclənir. Təbliğat kampaniyasında Paşinyanın 2018-ci ildən öncə Moskva ilə bağlı səsləndirdiyi fikirlər gündəmə gətirilməklə bərabər, onun Corc Soros əlaqələrinin olduğuna dair saxta iddialar ortaya atılır. Bu fonda həmçinin Ermənistan hökumətiylə ittifaq dövlət razılaşmasının imzalanması fikri Kreml tərəfindən gündəmə gətirilir. İrəvanı birbaşa xəyanətdə ittiham etməyən Moskva eyni zamanda Ermənistan daxilində balansı pozaraq müxalifətə dəstəyini artırır. Xüsusilə, bu fonda gündəmə eks-prezident Robert Köçəryan, eks-deputat Armen Aşotyan, eks-ombudsman Armen Tatoyan, milyarder Ruben Vardanyan, eks-müdafiə naziri naziri Seyran Ohanyan gətirilir. Məhz bu şəxslər arasından Moskva gələcəkdə Paşinyanın xələfini seçməyə çalışa bilər. Ermənistandakı müxtəlif hücrələri vasitəsiylə müxalifətin mitinqləri gücləndirilir. Mitinqlərə xalqdan yetərli dəstək təmin edə bilməyən, eləcə də bununla Paşinyan devirə bilməyəcəyini anlayan Moskva alternativ addımlar atmağa çalışır. Belə ki, bu addımlardan biri 102-ci bazadan istifadə edilməməsi şərti ilə İrəvandakı Ermənistan ordusunun beşinci korpusunun (Rusiya-Ermənistan vahid ordu birləşməsi) hərbçilərinin iştirakı ilə hərbi çevrilişin edilməsi ola bilər. Çox riskli addım olduğu üçün, üstəlik çox sərt reaksiyalar ala biləcəyindən çəkinən Moskva bu planı sona saxlamağa çalışacaq. Onun əvəzində Ermənistanda 1998-ci ilin parlament teraktına bənzər aksiyalar gerçəkləşdirilə bilər. Xüsusilə də yerli hərbi hazırlıq şirkətləri (VOMA da daxil olmaqla), eləcə də Daşnaksütyun Partiyasının Gənclər Təşkilatları arasından seçiləcək şəxslər vasitəsilə qruplaşmalar yaradılması ehtimalı var ki, bununla “II Nemezis” əməliyyatının reallaşdırılması mümkündür. İlkin mərhələdə qruplaşmalar tərəfindən hədəfə müdafiə naziri Suren Papikyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, ictimai fəal və hökumətin ideoloqu Daniel İoanisyan, spiker Alen Simonyan, Müdafiə Komitəsinin sədri Andranik Köçəryan, vitse-spiker Ruben Rubinyan, baş nazirin baş müşaviri Araik Arutyunyan, eks-müşaviri Arsen Qasparyan, baş qərargah rəisi Artak Davtyan, deputat Ayk Koncoryan, baş nazirin həyat yoldaşı Anna Akopyan, Respublika Partiyasının sədri Aram Sərkisyan və hətta baş nazir Nikol Paşinyanın özü də qoyula bilər. Gerçəkləşəcək teraktlar Ermənistan daxilində vəziyyəti gərginləşdirməklə Bakı-İrəvan danışıqlarına da ümidi azaldacaq. Paşinyanın devrilməsi onun yerinə Rusiyaya loyal qüvvələri gətirəcək ki, onlar da Bakı ilə danışıqlardan imtina edəcəklər. Üstəlik, Bakıya qarşı Qarabağdakı ermənilərin öz müqəddəratının təyinatı ilə bağlı tələblər güclənəcək. Ermənistanın Rusiya ilə İttifaq dövləti müqaviləsi imzalaması, buna arxayın olaraq Bakıya qarşı sərt ultimatum diliylə danışması müharibəni yaxınlaşdıracaq. İrəvanın həmçinin Qarabağda bəzi əraziləri öz nəzarətinə qaytarmağa cəhd etməsi, Azərbaycan tərəfindən “kazus belli” kimi qəbul ediləcək və Bakı savaş başladacaq. Savaşın Ukrayna savaşı fonunda başlaması, Rusiya ilə Azərbaycan münasibətlərindəki gərginliyi də artıracaq. Bununla belə ikinci cəbhə açmaq istəməyən Moskva Qərbin və Türkiyənin Azərbaycanın yanında yer almasından ehtiyat edərək, ilkin mərhələdə Azərbaycanla qarşıdurmadan yayınacaq. Bununla belə Qarabağdakı ermənilərə Rusiyanın hərbi dəstək verməsi gərginliyi pik həddinə çatdıracaq. Rusiya təhdidini əsas gətirərək, Şuşa bəyanatı üzrə Türkiyədən dəstək istəyən Bakı bu yardımı ən qısa zamanda almış olacaq. Bununla belə Qarabağda gərginliyin artması, Azərbaycana qarşı təhdidi azaltmayacaq. Ermənistanın tələblərindən imtina etməməsi fonunda Azərbaycan Zəngəzurla bağlı tələblərini də sərtləşdirəcək. Nəticədə Moskva ilə bütün istiqamətlərdə ağır rəqabətə girən Qərbin aktiv dəstəyi ilə Zəngəzura müdaxilə üçün zəmin hazırlanacaq. Üstəlik, bu fonda İranın bitərəfliyinin maksimum təmin edilməsinə cəhd ediləcək. Bütün cənub sərhədləri boyunca yaranmış müharibə təhdidi, eləcə də ağır sosial-iqtisadi gərginlik fonunda savaşa müdaxilə etməkdən çəkinəcək Tehran, hibrid müharibə metodundan yararlanmağa çalışacaq ki, bu da güclü effekt verməyəcək. Üstəlik Zəngəzura müdaxilə təhdidi Türkiyə ilə Moskvanın münasibətlərini kəskinləşdirəcək. Bununla belə Kremlin bu halda hansı reaksiya verəcəyi qeyri-müəyyəndir. Qafqazda Türkiyə ilə baş-başa gəlməkdən çəkinən Rusiya bunun qarşılığını Şimali Qafqazda alacağını bildiyi üçün çox ehtiyat edəcək. Moskvada buradakı narazılıqların sonradan digər subyektlərdə domino effekti yaradacağından qorxacaq. Savaşın genişlənib-genişlənməyəcəyini isə tərəflərin güzəştləri və müdrikliyi müəyyən edəcək.
Bu ssenari qismən real görünür.
Bu ssenariyə əsasən, Ermənistanda “Ter-Petrosyan olayı” yenidən yaşanır. Müxtəlif vasitələrlə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa müvəffəq olan Rusiya hakimiyyətə özünə yaxın olan siyasi qüvvələri gətirir. Eyni zamanda ölkədə Azərbaycanla barışıq tərəfdarı olan qüvvələrə qarşı terror dalğası aparılır və müəmmalı cinayətlər gerçəkləşdirilir. Azərbaycanla Paşinyan dövründə başladılan prosesin tam nəzarətdən çıxmaması üçün Moskva öz vasitəçiliyini təklif edir. Vəziyyətin tam nəzarətdən çıxmaması, Qafqazda əlavə problemin yaranmaması, eləcə də Qərb təzyiqləri fonunda həyati əhəmiyyət kəsb edən Türkiyə və Azərbaycanın itirilməməsi üçün Moskva yeni Ermənistan hökumətini Azərbaycanla danışıqlara vadar edir. Bu danışıqlar fonunda Ermənistan qoşunlarının böyük qismi Qarabağdan çıxarılır, Xocalı, Xocavənd daxil olmaqla bir sıra yaşayış məntəqələri Azərbaycanın tam nəzarətinə verilir. Bununla belə Qarabağda Rusiya sülhməramlılarının mövcudluğu saxlanılır. Üstəlik, Ermənistan delimitasiya və demarkasiya ilə bağlı Paşinyan dövründə götürülən öhdəliklərin icra ediləcəyi ilə bağlı vəd verir və Azərbaycanla Zəngəzur yolunun açılışıyla bağlı substantiv danışıqlara start verir.
Azərbaycan həm də dünyadakı nizam dəyişikliyi fonunda, həm də Qərblə Rusiya arasında yaranmış kəskin rəqabət fonunda özünün obyektə çevrilməməsi üçün müvəqqəti də olsa da əldə etdikləri ilə kifayətlənməli olur. Əvəzində isə Moskvaya qarşı dayaqlarının artırılması üçün Qərblə aktiv konsultasiyalar aparılır və iqtisadi, siyasi, özəlliklə də hərbi əməkdaşlıq imkanları artırılır. Xüsusilə də Şərqi Avropa dövlətləri və ABŞ-la əməkdaşlığını sürətləndirən Bakı bununla özünü zəmanət altına almağa çalışır. Türkiyə ilə hərbi əməkdaşlıq ən yüksək formaya çatdırılır və ordunun Türkiyə standartlarına keçirilməsi, eləcə də inteqrasiya fəaliyyətlərinin 2027-ci ilə qədər bitirilməsi üçün mühüm həmlələr edilir. Ermənistanda rusiyayönlü hökumət hakimiyyətə gəlsə də yaranmış iqtisadi çətinlik Qərbə emiqrasiyanı artırır. Üstəlik, Ermənistana Rusiya ilə əməkdaşlığa görə tətbiq edilən bəzi məhdudiyyətlər ölkədə sosial narazılığı daha da artırır. Bu da öz növbəsində Qərbin nüfuzunun Ermənistan cəmiyyəti sıralarında artması üçün münbit şərait yaradır. Nəticədə Ermənistan yeni inqilab ərəfəsinə yaxınlaşmış olur.
Bu ssenari qismən real görünür.
Yeni Donbas ssenarisi
Bu ssenariyə əsasən, Qarabağla bağlı nikbin bəyanatlar verən Paşinyan administrasiyası ilə Qarabağdakı separatçılar arasında narazılıq idarə olunmaz səviyyəyə yüksəlir. Paşinyanın situasiyanı nəzarətdə saxlamaq cəhdləri öz bəhrəsini vermir. Nəticədə Ermənistan daxilində Rusiyanın dəstəyi ilə aktiv etirazlar başlayır. Ordu ilə Paşinyan administrasiyası arasında narazılıq maksimum həddə çatır. Vəziyyətdə nəzarətdə saxlaya bilməyəcəyini görən Paşinyan hakimiyyətini qorumaqdan ötrü geri addım atmış olur. Bu isə İrəvanla Bakı arasında yaranmış ümidlərin məhv olmasına gətirib çıxarır. Bununla belə Qarabağ məsuliyyətindən azad olmaq üçün Paşinyan maksimum şəkildə Ermənistan ordusunun Qarabağdan çıxarılması məsələsində israr etməyə davam edir.
Bakı isə öz növbəsində Ermənistana təzyiqlərini artırır. Bu fonda Qarabağda antiterror əməliyyatlarına başlamağa hazırlaşan Bakı Moskvanın sərt müqavimətiylə üzləşir. Digər tərəfdən Ukrayna savaşının şiddətlənməsi fonunda qəti qərarlar qəbul edən MDB məkanı ilə bağlı strategiyasında müəyyən yenilənmələrə getmiş olur. Regionlarda özünə etibarlı dayaqlar yaratmaq və mövcud olan konfliktlərlə nəzarət etmək istədiyi regionlardakı ölkələr üzərində təsir rıçağını saxlamaq istəyən Moskva bəzi qondarma respublikların o cümlədən Qarabağın müstəqilliyini tanıyacaq. Erməni xalqının və rusdilli əhalinin haqlarının müdafiəsi altında bölgəyə ordusunu yeridəcək Moskva Bakını fakt qarşısında qoymağa cəhd edəcək. Moskva bununla Bakını Qərb və Türkiyə ilə yaxınlaşmasına reaksiya vermiş olacaq. Digər tərəfdən Qarabağa ordu yeritməklə Moskva həm gələcəkdəki niyyətləri üçün plasdarm yaratmış olacaq, həm də özünə Ermənistandan daha etibarlı dayaq əldə edəcək.
Bakı, əlbəttə ki, bununla hesablaşmayacaq. Bu, Azərbaycanla Moskvanın münasibətlərini ən minimum səviyyəyə endirəcək. Bununla belə münasibətlər nə qədər zəifləsə də Azərbaycan real güc balansını nəzərə alaraq təmkinini maksimum qorumağa çalışacaq. Bu öz növbəsində Azərbaycanın Qərbə inteqrasiya prosesini sürətləndirəcək və məcburi seçimlərə məcbur edəcək. Bakının həmçinin Rusiyaya qarşı formlaşacaq yeni alyanslara qoşulmaq şansı da artacaq. Bununla belə bu addımlarını atarkən Bakı maksimum şəkildə ehtiyatlı davranacaq ki, Moskvanın əlinə bəhanələr verməsin. Digər tərəfdən isə Moskvanın Qarabağın müstəqilliyini tanıması, Bakını məcbur edəcək ki, öz ərazisində Türkiyənin hərbi bazasının və hərbi mövcudluğunun artırılması imkanlarını nəzərdən keçirilsin. Bu öz növbəsində NATO qoşunlarının rəsmi olaraq Qafqazda yerləşməsi anlamına gələcək ki, o da Moskvaya ağır zərbə olacaq.
Ermənistana bu fəaliyyətlər fonunda Qərbi sanksiyaları artacaq. Nəticədə ölkədə yoxsulluq səviyyəsi 40%-i keçəcək. Eləcə də Ermənistan təcrid edilən ölkəyə çevrilməklə yeni rəngli inqilaba hazırlanacaq.
Bu ssenari qismən real görünür.
İsti Qafqazda Soyuq Müharib
Bu ssenariyə əsasən, Brüssel görüşündən sonra Qərbin aktivliyi öz bəhrəsini vermir. Azərbaycan-Ermənistan münasibətləri Ukrayna savaşının əsirinə çevirilir. Belə ki, Ukraynanın faktiki olaraq iki yerə bölünməsi, Qərblə Rusiya arasında çatları daha da dərinləşdirir. Öz müttəfiqlərini qətiyyən itirmək istəməyən Moskva bu fonda Ermənistana təzyiqlərini pik səviyyəyə çatdırır. Böyük təzyiqlər qarşısında davam gətirə bilməyən Ermənistan Rusiya ilə İttifaq Dövlətin yaradılması barədə müqavilə imzalayır. Bununla da Ermənistan de-fakto Rusiyaya birləşdirilmiş olur. Bu da öz növbəsində Avropa İttifaqının Ermənistan üzərində təsir imkanlarını sıfırlayır. Ermənistanın Azərbaycan şərtləriylə danışıqlardan imtinası, tərəflərin bir-biriylə görüşdən imtinası, iki tərəfin razılıq verdiyi ortaq vasitəçinin tapılmaması vəziyyəti donmuş formada saxlamağa məcbur edir. Üstəlik, Rusiyanın fəaliyyətlərini diqqətlə izləyən Azərbaycan Moskva ilə qarşıdurmaya risk etməyərək, sadəcə sərt bəyanatlarla verməklə hərəkət üçün daha uyğun zamanı gözləyəcək. Eyni zamanda Azərbaycan Rusiyanın vasitəçiliyi keçiriləcək görüşlərdə də iştirak edəcək.
Digər tərəfən Ukraynanın iki yerə bölünməsi Qərblə-Rusiya arasında Avropada soyuq müharibə yaradacaq ki, bunun da əksi özünü məhz Qafqazda göstərəcək. Rusiyanın fəaliyyəti ilə barışmayan Azərbaycan Qərblə əməkdaşlığını gücləndirməklə yanaşı, Türkiyə-Gürcüstan-Azərbaycan üçlü hərbi əməkdaşlıq və müdafiə platformalarının yaradılmasında maraqlı olacaq.
Moskvanın addımı Cənubi Qafqazı faktiki olaraq iki düşərgəyə böləcək ki, bu düşərgədə də Ermənistan dalan dövlət olaraq qalmış olacaq. Bölgədə təsirini artırmaq üçün fəaliyyətini gücləndirən Moskva bölgə ölkələrindəki milli ədavətləri qızışdırmağa çalışacaq. Bu fonda xüsusilə Cavaxetiyada erməni fəallarının aktivləşdirilməsi, Kvemo-Kartli bölgəsində azərbaycanlılarla svanlar, eləcə də azərbaycanlılarla ermənilər arasında ziddiyətlərin artırılması, Azərbaycanda müxtəlif etnik və hətta dini birliklərin yaradılması və təsiri imkanları prioritet olacaq. Üstəlik, Ermənistan daxilində nəzarəti maksimum səviyyəyə çatdıran Moskva Qərbin Ermənistanda inqilab həyata keçirəcəyindən ehtiyac edəcək.
Soyuq Müharibə həmçinin Ermənistana sanksiyaları da artıracaq. Bu da iqtisadiyyatın ağır zərbə almasına, eləcə də ixracatın kəskin azalmasına gətirib çıxaracaq.