Məlum olduğu kimi. Cari ilin aprel ayının 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Müharibədən sonrakı ilk ilin nəticələri bizə deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbir keçirilmişdir. Bu, çox mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir.
44 günlük müharibə zamanı 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.
BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadılmışdır. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.
Digər bir beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir.
Keçmiş qarabağ münaqişəsinin həll edilməsi üçün Minsk qrupuna verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır.
Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.
Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. 30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olmuşdur. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır.
Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər.
Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb. Bu maraq investisiya layihələrində öz əksini tapır. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək.
Birinci rübün yekunları göstərir ki, Ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı salınmışdır. Xarici ticarətin balansı çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ixracımız idxalı üstələyir. Dövlət büdcəsi profisitlə icra olunur. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar.
Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə basdırılmış minalardan 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Gəlsinlər, kömək göstərsinlər. Avropa İttifaqı Azərbaycana 2 milyardlıq paket elan edib. Bu müsbət haldır. Ancaq elə layihələr var ki, o layihələri Azərbaycan borc götürmədən icra edə bilər. Azərbaycanda 10 min kvadratkilometr ərazidə bir salamat bina yoxdur. Ona görə bu amil mütləq nəzərə alınmalıdır.
– İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər. Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq.
Azərbaycanda ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğdası ilə isə özümüzü cəmi 25 faiz təmin edirik. Sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Azad edilmiş torpaqlarda indi böyük əkin işləri aparılır. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparılır və bu il 50 min hektarda əkin aparılacaq.
Bildiyiniz kimi, Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və onların əsasında işlərə start verilib. Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Burada 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub.
Işğaldan azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik -İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində inşa edilmişdir. Cari ildə daha beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaqdır. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər müraciət edirlər. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür.
Ötən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi – Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında bu layihələr icra olunmuşdur. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və tezliklə burada da razılıq əldə olunacaqdır. Çünki bu stansiyaların potensialı çox böyükdür – 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq. “BP” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir.
Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var. Azərbaycan dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alır. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.
Qonşu İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Eyni zamanda, o memorandumda elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa var. Azərbaycan ərazisində görüləcək işlərlə bağlı bu il konkret təkliflər verilməlidir. Cəbrayıl yarımstansiyasından Zəngilana qədər xətlərin çəkilməsi və İran İslam Respublikası ilə son razılaşmaya gələndən sonra artıq İran üzərindən bu xətt gedə bilər.
Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq.
Bərdə-Ağdam dəmir yolunun inşası davam edir. Gələn il bu yol istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir. Zəngilan Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası 2024-cü ilə planlaşdırılır.
Bu il Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox qısadır. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcəkdir.
Ölkənin yol infrastrukturu surətlə şaxələnir. Avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq.
Şuşa şəhərinin içməli su layihəsi önəmlidir. Çünki artıq Şuşada insanlar yaşayır. Şuşada yaşayış binaları da tikilir və tezliklə insanlar qayıdacaqlar. Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı çox önəmlidir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi.
Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq bu ənənənə də bərpa olunub. Çox fərəhli haldır ki, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.
Suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq. Bu layihələr elə icra edilməlidir ki, ümumi suvarma təsərrüfatımıza inteqrasiya olunsun. Azad edilmiş torpaqlarda, xüsusilə Kəlbəcər, Laçın, Qubadlı zonasının relyefi elədir ki, oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çata bilər.
Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı xüsusi məruzə hazırlandı və qəbul edildi. Orada hər şey açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. İndi biz Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək.
Azərbaycan vətəndaşları və dünya dövlətləri ermənilərin 30 ildə törətdikləri cinayətlərin fəsadlarını bilməlidirlər. Həkəri, Bazarçay (Bərgüşad çayı da deyilir), Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay və Oxçuçayı ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə oradakı mis kombinatını işlədiblər.
Zəngilan rayonunun Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yaşaya biləcəklər. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaqdır. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa olunacaqdır.
Bu il Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəb tikilib. Təhvil veriləcəkdir. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaqdır.
Nigar Məsimova – Odlar Yurdu kollecin tələbəsi, Nərimanov rayonun fəal gənci