Bildiyiniz kimi, cari ilin 6 aprel tarixində Avropa İttifaqının paytaxtı Brüssel şəhərində həmin qurumun Prezidenti Ş.Mişelin təşəbbüsü və dəvəti ilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri N.Paşinyanın növbəti görüşü keçirilmişdir. Bu görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru kimi dəyərləndirmək olar. Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Məhz Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format olan Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilmişdi. Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınmışdır. Həmin məsələ ilə əlaqədar olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilmişdir.
Həmin sülh razılaşmasının əsas komponenti, Azərbaycanın irəli sürdüyü beynəlxalq hüquqa uyğun 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Azərbaycanın əsas tələbi onun ərazi bütövlüyünün tanınmasıdır. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.
Brüssel görüşündə Azərbaycan Avropa İttifaqının dəstəyini əldə etmişdir. Belə ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi nəzərdə tutulur. Avropa İttifaqı ilə birgə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır.
Üştərəfli görüşdən əldə olunan təkliflərin əksini tapdığı sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna heç bir istinad yoxdur. Bu isə ona dəlalət edir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində də yaranmış yeni reallığa əsaslanır. Artıq Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni bir mexanizm formalaşmışdır.
Müasir dövrdə Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtlərdir.
Artıq Avropa İttifaqı da Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi qəbul edir. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Azərbaycanın dövlət başçısı Cənubi Qafqazda yeni siyasi reallıqların yaradıcısı kimi, dünya liderlərinin diqqət mərkəzindədir.
Fidan Əzizova – “Bakı Avrasiya” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri, Nərimanov rayonun fəal gənci