“Brüssel görüşündə nəticə əldə olunması bizim üçün ümidvericidir”.
Bunu Modern.az-a türkiyəli tanınmış ekspert, təqaüddə olan kontr-admiral Cihad Yaycı Azərbaycan və Ermənistan rəhbərlərinin ötən gün Brüsseldə keçirilən görüşü barədə danışarkən deyib.
Onun fikrincə, iki ölkə münasibətlərinin müsbət irəliləyişin əldə olunması hələ başlanğıc mərhələdir:
“Görüşlə bağlı açıqlamalara diqqət etsək, görərik ki, bu hələ başlanğıcdır. Deyirlər ki, hələ çətinliklər qarşıdadır. Ermənistanın Baş naziri Nikol Paşinyanla tam razılaşma üçün erməni silahlı qüvvələri Qarabağdan tamamilə çıxmalıdır. Makronun görüşlərdə iştirak etməsi diqqət çəkir. O, danışıqlarda fəal olduğunu nümayiş etdirməyə çalışır. Dünyaya göstərmək istəyirlər ki, Azərbaycan və Ermənistan arasında problemin həllində guya Fransa mühüm rol oynayır. Hamımız bilirik ki, Qarabağ məsələsində Fransa açıq-aşkar Ermənistanı dəstəkləyir. Tarix boyu da belə olub”.
Üçtərəfli danışıqların nəticələrinə gəlincə, türkiyəli mütəxəssis Ermənistanın Azərbaycanın tələblərini qəbul etdiyini vurğulayıb:
“Anlaşma göstərir ki, Fransa da, Ermənistan da Azərbaycanın istəklərini qəbul edib, əks təqdirdə bu, mümkün deyildi. Burada söz sahibi olan ölkə Azərbaycandandır, çünki Azərbaycan böyük qələbə qazanıb. Zəfər qazanan ölkə danışıqlar masasında uduzan tərəfdən üstün olur. Uduzan tərəf qələbə qazananın şərtlərini qəbul etmək məcburiyyətindədir. Ermənistanı dəstəkləyən Makronun da danışıqlarda rol alması son dərəcə sual doğurur. Burada Fransa Ermənistan vasitəsilə Qafqazda yer tutmaq istəyir. Amma bir şeyi unudurlar ki, Azərbaycan və Türkiyə arasında bağlanan ittifaqa görə regionda söz sahibi olan ölkələr Azərbaycan və Türkiyədir. Fransanın etdiklərini hələ də unutmuruq, pilotsuz uçuş aparatları istifadə olundu deyə Türkiyəni müharibə günahkarı kimi göstərmişdilər, amma nəticədə Azərbaycan böyük zəfər qazanıb. Bundan sonra da Türkiyə və Azərbaycan birlikdə hərəkət etməlidir”.
Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub.
Onu da bildirək ki, Azərbaycan tərəfi ötən ayın ortalarında “iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsipləri”nə dair təkliflər paketini Ermənistana göndərmişdi. Həmin təkliflərlə tanış olan rəsmi İrəvan Azərbaycanla sülh sazişinin imzalanması üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət etmişdi.
Rəsmi Bakının Ermənistana təqdim etdiyi sülh sazişinə dair təkliflər paketinə aşağıdakı 5 prinsip daxildir:
– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.