Hər bir gənc vətənpərvər olmalıdır

0

Asim Vəliyev: “Hər bir dövlətin varlığı və gələcəyi həm də gənclərin tərbiyəsindən asılıdır”

Milli kimlik, milli mənlik şüuru bugünədək ictimai, siyası və mədəni mövzularda ən çox müzakirə edilən məsələlərdən biridir. Xüsusən də son dövrlərdə baş verən qloballaşma, qərbə inteqrasiya meyilləri millik mənlik məsələsinin önəmini yenidən diqqət mərkəzinə çıxarır. Tarix göstərir ki, öz milli kimliyindən, mənliyindən uzaqlaşmış, uzaqlaşdırılmış millətlər ya tarix səhnəsindən silinmişdir, ya da assimiliyasiya olaraq başqa millətlərə qarışmışdır. Keçmişini, hansı milətə məxsusluğunu unudan bir cəmiyyət məhv olmağa məhkumdur. Bu baxımdan da özəlliklə gənc nəsil arasında millik kimlik, milli mənlik şüurunun inkişaf etdirilməsi ən vacib məsələ olaraq qalmaqda davam edir. Millik kimlik həm də məxsus olduğumuz millətin identifikasiya kodudur.

Mövzu ilə bağlı “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev “Xalq Cəbhəsi”nə bildirib ki, milli kimliyimizin, mənliyimizin əsas sütunlarından biri dilin qorunub saxlanmasıdır: “Tarixdə dilsiz yaşamış heç bir millət yoxdur. Buna hititləri, etruskları, latınları misal göstərə bilərik. Dil bir millətin düşüncə sistemini göstərir. İnsan olaraq düşüncələrimizi dillə söylədiyimiz kimi, bir dil də onu istifadə edən millətin necə düşündüyünü, milli düşüncə tərzini ortaya çıxarır. Millətlərin dünya görüşləri, düşüncə tərzləri, ruhunun dərinliyi o millətin dilində gizlidir. Bu baxımdan atalar sözlərimiz, deyimlərimiz bunun ən bariz nümunələridir. “Dil düşüncənin aynasıdır” sözü də bunu ifadə edir”.

QHT sədri onu da qeyd edib ki, dil həm də bir millət üçün milli mənliyin, milli xatirələrin, duyğuların və düşüncələrin, bütün maddi və mənəvi dəyərlərin ortaq xəzinəsidir. Millət olaraq keçmişdə yaşadığımız bütün hadisələri öz dilimizlə ifadə edirik. Tariximizin, ədəbiyyatımızın ifadə vasitəsi öz dilimizdir. Mustafa Kamal Atatürk də bir millətin varlığını davam etdirməsində dilin vacibliyini gözəl bir şəkildə ifadə edir: “Türk dili, Türk milləti üçün müqəddəs bir xəzinədir. Çünki Türk milləti yaşadığı çox sayda fəlakətlər içində əxlaqını, ənənələrini, xatirələrini, bu gün öz milliyətini formalaşdıran hər şeyini dil sayəsində qorumuşdur. Türk dili, türk millətinin qəlbidir, zehnidir”.

Onun sözlərinə görə, bu gün dövlətimizin də əsas prioritetlərindən biri gənc nəslin milli mənlik şüurunda yetişdirilməsidir. Milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir. Bu siyasətin əsas mahiyyəti milli xüsusiyyətlərimizin saxlanması, dilimizin saflığının, təmizliyinin, milli dəyərlərimizin, adət və ənənələrimizin, milli dövlətçiliyimizin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edən siyasətdən ibarətdir. Bununla paralel olaraq mənəvi dəyərlərin qorunması siyasəti həyata keçirir ki, onun da kökündə unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində faydalanmq durur: “Məhz bunun nəticəsidir ki, millət olaraq dünya birliyinə inteqrasiya prosesində milli kimliyimizi qoruyub saxlaya bilirik. Həmçinin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş dövlət gənclər siyasətinin də əsas istiqamətlərindən biri gənclərin milli-mənəvi dəyərlərə malik, vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir. Ulu öndər Heydər Əliyevin də təbiri ilə desək, “Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”. Milli kimliyi qoruyub saxlayan əsas amillərdən biri də öz tarixini bilən, sevən, biganə qalmayan gənc nəsl yetişdirməkdən ibarətdir. Bu da nəticə etibarilə vətənpərvərlik hissinin inkişafına gətirib çıxaracaqdır. Vətənpərvər olaraq yetişən hər bir gənc də harda olmasından asılı olmayaraq öz vətəndaşlıq borcunu yerinə yetirəcək və vətəni sevməyi özünə mənəvi bir borc hesab edəcəkdir. Tarixdə unutqanlığımız başımıza bir çox qanlı faciələrin gəlməsinə və torpaq itkisinə səbəb olmuşdur”.

A.Vəliyev onu da vurğulayıb ki, gənc nəslin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biri də mənəviyyat məsələsidir. Mənəviyyat olmayan yerdə nə milli mənlik şüurundan, nə də vətənpərvərlikdən söz gedə bilməz. Maddi və mənəvi dəyərlərə malik yetişdirilən, tərbiyə olunan gənc nəsil heç bir halda zərərli axınların qurbanına çevrilməz və gələcəkdə də dövlətin yükünü layiqilə daşıya bilər: “Hər bir dövlətin varlığı və gələcəyi həm də gənclərin tərbiyəsindən asılıdır. Dövlətimiz öz müstəqilliyini yenidən bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri uşaq və gənclərin sağlam və vətənpərvər ruhda böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyəsi məsələsi oldu. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Sevindirici haldır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də cənab prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti nəticəsində həm ölkə daxilində, həm ölkə xaricində Azərbaycanımızı layiqi ilə təmsil edən gənclər yetişdi. Həmin gənclər xarici dövlətlərin aparıcı və qabaqcıl universitetlərində oxuyaraq ölkəmizi həmin ölkədə layiqilə təmsil edirlər. Hər birimizə yaxşı məlumdur ki, bir dövlətin bayrağı başqa bir dövlətdə iki halda qaldırılaraq dalğalanır. Biri ölkə başçısı başqa bir ölkəyə rəsmi səfər etdikdə, digəri isə idmançılar beynəlxalq tədbirlərdə qələbə qazandıqda. Məhz bu baxımdan da idmançılarımızın beynəlxalq tədbirlərdə qazandığı qələbə aparılan uğurlu siyasətin bariz nümunəsidir”.

Gənc nəslə dövlət səviyyəsində göstərilən diqqət və qayğı onların vətənpərvər ruhda böyümələrinə, formalaşmasına şərait yaradır. Uşaqlarda vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə zəmin yaradır. Məhz dövlət siyasətin uğurlu nəticəsidir ki, gənc nəsl 44 günlük müharibə zamanı da böyük qəhrəmanlıq, şücaət göstərərək düşmən tapdağı altında qalan milli qeyrətimizi işğaldan azad etdi. Məscidlərimizi donuz axırına çevirmiş, qəbirlərimizi darmadağın etmiş, tarixi abidələrimizi özününküləşdirməyə çalışan mənfur düşmənimizə unudulmayacaq dərs verdi. Cildlərlə kitaba sığacaq qəhrəmanlıq dastanı yazdı: “Gənc nəslin vətənpərvərlik ruhda yetişdirilməsində vətəndaş cəmiyyəti institutlarının da rolu böyük olmuşdur. Vətəndaş cəmiyyəti institutları tərəfindən bu istiqamətdə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

Biz də “Gənclərin Töhfəsi” İctimai Birliyi olaraq 14 ilə yaxın fəaliyyətimiz dövründə əsas icra etdiyimiz layihələr, həyata keçirdiyimiz tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərinə bağlı, vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlmişdir. Bu istiqamətdə bu günədək “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizli hərbi vətənənpərvərlik düşərgələri təşkil etmişik. Gənc nəsil arasında əyani vasitələrlə dövlət rəmzlərimizin təbliği istiqamətində Azərbaycanımızın 30-a yaxın rayonunda maarifləndirici tədbirlər, görüşlər keçirmişik. Həmçinin genafondumuzun qorunması istiqamətində bır sıra vacib layihələr həyata keçiririk. Gənc nəsil arasında sağlam həyat tərzinin təbliği istiqamətində də fəaliyyətimizi davam etdiririk. Xüsusən də yeniyetmə və gənclər arasında sağlam və düzgün qidalanma, fiziki aktivliyin təşviqi, qida təhlükəsizliyi, zərərli vərdişlər, ətraf mühitin qorunması mövzularında maarifləndirmə işlərini davam etdiririk. Azərbaycanda ilk dəfə ana dilimizdə “Qida təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GMO” adlı 2 cildli kitab nəşr etdirmişik. Həmçinin “Sağlam gələcək, sağlam qidadan başlayır”, “GMO-ya yox”, “Sağlam həyat tərzi”, “Sağlam qida bələdçisi” adlı müxtəlif maarifləndirici kitablar da hazırlayaraq gənc nəsilin sağlam böyüməsi yönündə fəaliyyətimizi davam etdiririk.

Bundan sonra da hər bir vətəndaş cəmiyyəti institutunun qarşısında duran əsas vəzifələrdən biri gənc nəslin vətənpərvərlik ruhda böyüməsi yönündə fəaliyyətlərini davam etdirməsi və müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadəti ordumuzun qazandığı zəfəri qoruyub saxlayacaq gənc nəsil yetişdirməkdir”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »