Paytaxt sakini Əziz Məmiyevin uzun müddətdir güc strukturları tərəfindən təqibə məruz qalması, ölümlə hədələnməsi ilə bağlı iddiaları tamamilə absurddur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkə seqmentlərində paylaşılan bu iddiaların məqsədi humanitar viza partfelinə əlavə “həbs, cəza, təqib” sənədlərinin toplanmasından irəli gəlir:
“Baxaq – sələfləri necə edirdi? İndi onlar hardadır, necə siyasi mühacir ola bildilər? Bu, o yoldur, həmin koordinantdır. Onun müraciətlərinə baxılmaması, araşdırılmaması da əsassızdır. Dəfələrlə müxtəlif polis orqanlarına dəvət olunub, dinlənilib. Sonra nə baş verib? Çıxandan sonra iddia edib ki, ona təzyiq edilib. Axı, niyə təzyiq edilsin, buna nə lüzum var? Hardadır burda məntiq?”
E.Hacıyev, eyni zamanda bildirib ki, vətəndaşın bank hesabları ilə bağlı məsələyə də aydınlıq gətirib:
“DİN tərəfindən onun bank hesabından barəsində tətbiq olunan inzibati tənbeh tədbirlərinə görə cərimə rüsumu tutulub. İzah olundu, danışıldı, ancaq mənası olmadı. Bu kimi çeşidli iddiaların mahiyyəti aydındır, məlumdur. Polisə qarşı bu və ya digər iddiaların heç bir halda təməl əsası yoxdur, həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Əziz Məmiyev Müsavat Partiyasının Gənclər Təşkilatının fəalıdır. O yanvarın 24-də sosial şəbəkələrdə tənqidi statusuna görə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.