İşğaldan azad olunan ərazilərdə hansı məhsullar yetişdiriləcək? – Komitə sədrindən AÇIQLAMA
İşğaldan azad olunmuş ərazilər aqrar sektorun inkişafı baxımından çox yaxşı potensiala malikdir. Tarixən həmin ərazilərdə çox geniş meyvə bağları mövcud olub və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Həmin bağlar erməni faşistləri tərəfindən məhv olunub, həmin ərazilər viran qalıb. Bəs işğaldan azad olunan ərazilərdə hansı məhsullar yetişdiriləcək?
Bununla bağlı İctimaiRey.az Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevdən münasibət öyrənib.
Onun sözlərinə görə, istehsal olunan məhsullar istər məhsuldarlığına, istərsə də keyfiyyətinə görə daim fərqlənib:
“İşğaldan azad olunan ərazilərin bir qismi minalardan təmizlənib və təhlükəli olmayan ərazilər əkinə hazırlanmaqdadır. Aran ərazilərdə, yəni Ağdam və Füzuli rayonlarında pambıq, üzüm, şəkər çuğunduru, qarğıdalı yetişdirmək çox faydalıdır və həmin torpaqlar çox məhsuldardır.
Bu ərazilər minalardan təmizləndikdən sonra insanlar həmin regionlara qayıdanda bağçılığın inkişafı da ön planda duran məsələlərdən biri olacaq. Təbii iqlim şəraiti yetişdirilən məhsullarin dadlı olması bağçılığın orada daha tez inkişaf etdirilməsinə imkan verir. Köhnə ənənə saxlanılmaqla yanaşı, yeni meyvə bağlarının salınması qəbul olunan layihələr sırasına daxil olacaq.
Bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir”.
Comments are closed.