Kremlin təbliğatçıları çoxsaylı verilişlərdə və tok-şoularda gecə-gündüz Ukraynadakı “nasist”lərdən, “banderaçı”lardan, “faşist”lərdən dəm vurur, denasifikasiya siyasətini təbliğ edirlər. Ancaq aşkarda isə biz görürük ki, ən qatı faşist mövqeli fərdlər elə Rusiyanın özünün hazırkı siyasi elitasının içindən çıxır. Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyaginin Rusiyanın “Rossiya 24” telekanalında yayımlanan “60 dəqiqə” verilişində və Tvitter hesabında Azərbaycana qarşı təhdidlər səsləndirməsi bu fikrimizə əyani sübutdur.
Ancaq əfsuslar olsun ki, Delyaqin tək deyil. İndi Rusiyanın əksər nazirləri, siyasətçiləri, deputatları “məcburi vətənpərvərlik” kursunun tələbi ilə faşizm, şovinizm ovqatına kökləniblər. Bu adamlar sağlam düşüncə qabiliyyətini itirib, ifrat radikal, davakar mövqeyə keçiblər. Ona görə də Delyagin kimi məsuliyyətsizin biri ortaya çıxıb nümayişkaranə şəkildə Azərbycanı nüvə silahı ilə hədələyir, ölkəmizi “təcavüzkar” adlandırır və Bakının neft sənayesinə hərbi zərbə endirmək təklifi ilə çıxış edir. Bu dəliliyin, şizofreniyanın son həddidir.
Belələri hətta iki ölkə – Azərbaycan və Rusiya arasında bu ilin fevral ayında imzalanmış müttəfiqlik bəyannaməsini də ayaqlar altına atır, qeyri-adekvat və sərsəm fikirləri ilə Rusiya ictimaiyyətində, sıravi televiziya tamaşaçılarında Azərbaycana qarşı aqressiv münasibət formalaşdırmağa çalışırlar. Lakin Rusiya siyasi elitasının və mətbuatının ayrı-ayrı təmsilçilərinin qonşu ölkələrə qarşı bu cür hegemon və davakar yanaşmaları ilk növbədə Rusiya dövlətinin və xalqının öz maraqlarına ziddir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri