Katibəsi ilə gündəmə gələn beyləqanlı məmur
Təxmin edirdik ki, Beyləqan Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azim Kərimovun korruptiv əməlləri barədə IctimaiRey.az saytında gedən və xeyli sayda ciddi qanunsuzluq faktlarını – işə çıxmayan yaxın qohumlarının (oğlunun, qızlarının, gəlininin, qardaşının, qardaşı oğlunun) adlarını idarənin ştat cədvəlinə salmaqla külli miqdarda dövlət vəsaitini mənimsəməsini, idarənin hesabında olan texnikanı qeyri-qanuni icarəyə verməsini, yanacaq və sürtgü materiallarını, ehtiyat hissələrini təyinatı üzrə istifadə etməyərək satdırmasını, habelə idarənin yardımçı təsərrüfatında baş verən maxinasiyaları və s. əks etdirən tənqidi məqalədən sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov məsələnin araşdırılmasını cinayət təqibi orqanlarına ötürməsə də, ən azından sözügedən təsərrüfat vahidində daxili yoxlamaların aparılmasına göstəriş verəcək.
Lakin bizim və Beyləqanın tərəqqipərvər ictimaiyyətinin, ələlxüsus da yerli su istifadəçilərinin gözləntiləri hələ ki özünü doğrultmur. Belə görünür ki, bu məsələdə də Azim Kərimovu himayəsinə sığındığı, ASC sədrinin birinci müavini və tələbə yoldaşı Rafiq Aslanovun əhəmiyyətli təsiri olub.
Bu məqaləmizdə Azim Kərimovun rəvac verdiyi neqativ hallara dair redaksiyamıza daxil olmuş növbəti məlumatları oxucularımızla bölüşməyə qərar verdik. Məlum olduğu kimi, “Meliorasiya və Su Təsərrüfatı” ASC üzrə aparılan islahat tədbirləri çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndiliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan idarələr ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Beyləqanda da Subartezian Quyularının İstismarı İdarəsi ləğv edilərək Subartezian Quyularının İstismarı Sahəsi kimi saxlanılmaqla Suvarma Sistemləri İdarəsinin tabeliyinə verildi. Beləliklə, Azim Kərimovun külli-ixtiyarı daha da genişləndi. Kərimov elə ilk başlanğıcda ləğv olunmuş Subartezian Quyularının İstismarı İdarəsinin köhnə işçilərini müxtəlif bəhanələrlə işdən azad eləməyə, öz qohum-əqrəbası ilə əvəzləməyə qərar verdi. Subartezian İstismarı Sahəsinin rəisi Vidadi Quliyev də Azim Kərimovun qərarlarını “ləbbeyk” deyərək müticəsinə yerinə yetirməyə başladı. Məlumata görə, V.Quliyev 20 nəfərə yaxın işçinin maaş kartını özündə saxlayıb, işləmədikləri halda hərəsinə ayda 30 manat pul verib, qalanını Azim Kərimova ötürür. Bu minvalla Kərimovun bəhrələndiyi “ölü canlar”ın sayı 80-ə çatır.
Bir məsələni də qeyd etməyi diqqətəlayiq hesab edirik. Azim Kərimovun öz katibəsinə qeyri-məhdud imtiyazlar verməsi, onu “yağ-bal” içində yaşatmasına dair ötən məqalədə bölüşdüyümüz məlumata reaksiya özünü çox gözlətmədi. Bir qadın redaksiyaya zəng vuraraq özünü həmin katibə kimi təqdim edib ünvanımıza qarğış-nalə yağdırdı. Sonradan araşdırıb yerinə çatdıq ki, zəng vuran şəxs katibə deyil, idarədə işləyən başqa qadın imiş. Görünür, katibə yazıda həqiqətin özünü gördüyündən, özü danışmağa cəsarəti çatmayıb. O mövzuya əlavə edərək bildirirk ki, əldə etdiyimiz yeni məlumata görə, A.Kərimov katibəsinə Bakıda da mənzil alıb.
Bu gün cənab Prezidentimiz əhalinin məşğulluğunun təmin edilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət ayırır, bu məqsədlə sosial proqramlar həyata keçirilir. Azim Kərimov kimi üzdəniraq məmurlar isə dövlət başçısının bu müstəvidə qərarlarını, tapşırıqlarını görməzdən gəlir, sosial ədaləti pozaraq haram kapitallarını, topdağıtmaz sərvətlərini artırır, haqlı insanların payını öz qohumlarına və katibələrinə yedirirlər. Yenə də ümid edirik ki, yuxarı instansiya, bizim misalda “Meliorasiya və Su Təsərrüfatı” ASC Beyləqan SSİ-də baş verən qanunsuzluqları ətraflı araşdıracaq və təqsirkar vəzifəli şəxslərin barəsində ölçü götürülməsini təmin edəcək. Və etməyə də borcludurlar. Söz “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılovdadır.
P.S. Azim Kərimovun yaxın qohumlarının, məsələn, oğlunun, qızlarının, gəlininin, qardaşının və qardaşı oğlunun adlarını idarənin ştat cədvəlinə salmaqla külli miqdarda dövlət vəsaitini mənimsəməsi korrupsiyaya şərait yaradan haldır və bu hallar konkret olaraq “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasın qanunun 7-ci maddəsində aydın şəkildə qeyd edilmişdir: Yaxın qohumların birgə işləməsinə yol verilmir:
Maddənin 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.