Kazuyasu İşida: Qarabağ tezliklə insanların firavan yaşayacağı məkana çevriləcək

0

Qarabağa səfərim burada baş verən prosesləri daha dərindən anlamaq, daha obyektiv məlumatlar əldə etmək və həmin məlumatları yapon ictimaiyyətinə çatdırmaq üçün çox gözəl imkan oldu. Əminliklə deyə bilərəm ki, Qarabağ tezliklə həyatın qaynadığı, insanların firavan yaşayacağı məkana çevriləcək.

Bu sözləri AZƏRTAC-ın müxbirinə məxsusi müsahibəsində yaponiyalı tanımış yutuber Kazuyasu İşida bildirib.

Müsahibəni oxucularımıza təqdim edirik.

– Hörmətli İşida-san, bu yaxınlarda Azərbaycana səfərdən qayıtmışınız. Koronavirus pandemiyasına qədər Azərbaycana çoxsaylı səfərləriniz, orada təşkil etdiyiniz sərgilər barədə oxucularımıza kifayət qədər məlumat vermişik. Bilirik ki, əvvəlki səfərlərdə siz əsasən iş adamı, bu dəfəki səfərdə isə tanınmış yutuber kimi iştirak etmisiniz. Bu səfərin məqsədi barədə nə deyə bilərsiniz?

– Bu dəfə Bakıya səfərim Yaponiyadakı Azərbaycan diaspor təşkilatının təşəbbüsü ilə baş tutdu. Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkil etdiyi səfərdə məqsəd Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbirlərə qatılmaq və işğaldan azad edilmiş ərazilərlə tanış olmaq idi. Yeri gəlmişkən, səfərin yüksək səviyyəli təşkilinə görə həm dövlət komitəsinə, həm Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyinə, həm də AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə böyük minnətdarlığımı çatdırmaq istəyirəm.

Qeyd etdiyiniz kimi, mən Bakı, Naxçıvan, Şəki, Quba da daxil olmaqla, Azərbaycanın bir sıra şəhərlərində və digər rayonlarda dəfələrlə olmuşam. Həmin səfərlər zamanı ölkəniz sürətli inkişafı ilə yanaşı, multikultural və tolerant cəmiyyətə malik olması diqqətimi çəkib. Zəngin və qədim mədəniyyətiniz, xüsusən qonaqpərvərliyi ilə seçilən xalqınıza qarşı məndə böyük məhəbbət hissi yaranıb. Bu dəfə ki, səfər zamanı isə çoxdan arzusunda olduğum Qarabağla tanış olmaq imkanı qazandım. Bu imkanı mənə yaratdığına görə Azərbaycan hökumətinə bir daha minnətdarlığımı bildirirəm.

– Qeyd etdiyiniz kimi, səfər çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbirlərdə iştirak etmişiniz. Bu barədə nə deyə bilərsiniz? Tədbirlər çərçivəsində qarşılaşdığınız insanlar, görüşləriniz barədə fikirləriniz bilmək maraqlı olardı.

– Əvvəla qeyd edim ki, ilk dəfə səfər etdiyim Qarabağ diyarı məni öz gözəlliyi ilə heyran etdi, bu bölgə insanlarının səmimiliyi ilə diqqətimi cəlb etdi. Səfər zamanı keçmiş Sovet İttifaqının dağılmasından sonra Qarabağda baş vermiş prosesləri, ermənilər tərəfindən törədilmiş vandallığı öz gözlərimlə gördüm. Həmin faciənin qalıqları, baş vermiş dağıntılar mənim qəlbimi ağrıtdı. Faciənin şahidi olmuş insanların danışdıqları isə məndə onu törədənlərə qarşı böyük qəzəb hissi yaratdı. Xocalıdan olan bir qadının faciə haqqında dedikləri məni kövrəltdi, göz yaşlarımı saxlaya bilmədim. Qış fəslində, soyuq havada uşaqlara, qadınlara və qocalara verilən işgəncələr barədə onun danışdıqları ürəyimi ağrıtdı. Ermənilər yerli əhalini uzun illər boyu yaşadıqları evlərindən, ata-baba ocaqlarından qovublar. Təsəvvür edirsiniz, işğalçılar dinc sakinlərə şəhəri tərk etmək üçün humanitar dəhliz də yaratmayıblar. Əksinə bu barədə yalan məlumat yayaraq, həmin yerdən keçmək istəyənləri güllələyiblər. Bu çox böyük faciədir. Ermənilərin bütün insanlığa qarşı yönələn, insan adına layiq olmayan hərəkətləri mənə çox pis təsir etdi. Düşünürəm ki, insanlar bu faciəni unutmamalı, əksinə ondan dərs almalı, gələcəkdə belə faciələrin bir daha baş verməməsi üçün əllərindən gələni etməlidirlər.

– Azərbaycanın 30 ilə yaxın bir müddətdə işğalda qalmış ərazilərinə səfəriniz sizdə hansı təəssüratları yaratdı? Yaponiyanın Hiroşima və Naqasaki kimi atom hücumuna məruz qalmış şəhərlərinə bənzədilən Ağdam, Fizuli şəhərləri, digər yaşayış məntəqələri sizdə hansı hissləri doğurdu?

– Tamamilə haqlısınız, Qarabağda qarşılaşdığım səhnələri Yaponiyanın atom bombası atılmış Hirosima və Naqasaki şəhərlərinə bənzətmək olar. Amma yapon şəhərlərində bu dağıntılar atom bombası ilə, Azərbaycanda isə ermənilər tərəfindən törədilib. Xüsusən, Ağdamda erməni işğalından sonra bir dənə də olsun salamat tikili qalmayıb. Bu şəhər Birinci Qarabağ müharibəsində ən çox zərər görən şəhər kimi tanınır. Şəhər işğal edilməmişdən əvvəl burada təxminən 20 minə yaxın azərbaycanlı yaşayıb. Müharibə vaxtı bu şəhəri güclü atəşə tutan ermənilər işğaldan sonra buranı tamamilə dağıdıblar, evlərin qapıları, pəncərələri, damları, hətta daşları belə sökülərək daşınıb. Şəhər yerlə-yeksan edilib desək, daha doğru olar. Ərazidəki dini və tarixi abidələrə böyük zərər vurulub. Ağdam məscidinin qalıqları məndə qarışıq hisslər doğurdu. Yerli əhali üçün bura müqəddəs yer, ibadətgah olub. İndiki vəziyyətinə baxdıqda heç məscid olduğu bilinmir.

Düşünürəm ki, şəhəri bərpa etmək və yenidən qurmaq üçün xeyli vaxt lazımdır. Ağdam, həmçinin minaların da ən çox basdırıldığı yer sayılır. Biz minaların təmizlənməsindən sonra torpaqda qalan boşluqları öz gözlərimizlə gördük, sayı-hesabı yox idi.

Fizuli şəhərinə də böyük ziyan vurulduğunun şahidi olduq. Aydın görünürdü ki, işğalçılar bu ərazilərdə yaşamağa yox, buraları dağıtmağa gəlmişdilər. Bu yerlərin onlar üçün doğma yer olmadığı açıq-aşkar görünür. Hər yerdə vandalizmin, vəhşiliyin izləri qaıb. Doğrusu, ermənilərin bu ərazilərin guya onların tarixi torpaqları olmasını deməsi ilə gördüklərimizin arasında çox böyük ziddiyyət var.

– Rəhbərlik etdiyiniz YouTube kanalında paylaşdığınız materiallarda Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı böyük yenidənqurma və bərpa işlərindən də bəhs edirsiniz. Oxucularımıza bu barədə nə deyə bilərsiniz?

– Ağdam və Fizuli şəhərləri ilə tanışlıqdan sonra biz Şuşaya yollandıq. Dağın başında yerləşən bu şəhər bizə qaranlıqdan sonra doğan Günəş təsiri bağışladı. Müharibənin başa çatmasından qısa vaxt keçməsinə baxmayaraq, Azərbaycan hökuməti burada nəhəng işlər görüb. Şəhərə çəkilən yeni yol, burada bərpa edilən infrastruktur, dini və mədəniyyət abidələri Azərbaycanın bərpa və yenidənqurma işlərinə çox böyük məbləğdə vəsait ayırdığını təsdiq edir. Gecələdiyimiz “Xarı bülbül” mehmanxanası, şəhərdə aparılan quruculuq işləri burada həyatın tezliklə tam bərpa olunacağını deməyə əsas verir. Şuşada görkəmli şəxsiyyətlərin ev-muzeyləri, tarixi abidələr, Cıdır düzü məndə böyük təəssürat yaratdı.

Biz Füzuli Beynəlxalq Hava Limanında olarkən burada Azərbaycanın görünməmiş quruculuq işlərini sürətlə davam etdirməsinin şahidi olduq. İşğaldan yenicə azad edilmiş ərazidə belə bir aeroportun tikilməsi məni həqiqətən də heyran etdi. Paytaxtdan uzaqda belə müasir hava limanının inşası həqiqətən də çox möhtəşəm işdir. Mən hətta Yaponiyada paytaxtdan uzaq əyalətdə bu cür müasir hava limanı ilə qarşılaşmamışam. Burada həmçinin yeni, müasir tələblərə cavab verən yollar salınır, elektrik stansiyaları inşa edilir, digər sosial və mədəni obyektlər sürətlə tikilir. Mən deyərdim ki, qısa müddətdə inşa edilmiş bu hava limanı Qarabağın qapısına çevriləcək. Türkiyədən, İrandan və başqa ölkələrdən gələn iş adamları məhz bu qapıdan Qarabağa daxil olaraq bu gözəl məkana invesitisiyalar yatıracaqlar. Əminliklə deyə bilərəm ki, Azərbaycanın çox böyük potensialı var.

– Azərbaycanın dostu olaraq ölkəmiz haqda həqiqətlərin Yaponiyada obyektiv və hərtərəfli tanıdılması üçün həm internet televiziyanızın, həm də “Cross Border Club 3.0” YouTube kanalınızın imkanlarından geniş istifadə edirsiniz. Bu işdə Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə sıx əməkdaşlıq edirsiniz. Bununla bağlı gələcək planlarınızı bilmək maraqlı olardı.

– Doğrusunu deyim ki, bu səfərdən sonra Yaponiyada Azərbaycanın tarixinin öyrənilməsi istiqamətində işlərin daha da genişləndiirlməsi qənaətindəyəm. Düşünürəm ki, Yaponlara Azərbaycan tarixinin müxtəlif məqamları, xüsusən Qarabağın tarixi, bu ərazidə baş vermiş tarixi proseslər barədə daha çox məlumat çatdırılmalıdır. Fikrimcə, hazırda Ukraynada baş verən proseslər Azərbaycanın ötən əsrin 90-cı illərində qarşılaşdığı problemləri yaponların daha tez anlamasına mühüm təsir edə bilər. Biz Yaponiyada yaşayan azərbaycanlılarla, xüsusən də Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə birlikdə bu işləri daha da intensivləşdirməli, yapon ictimaiyyətinə Azərbaycan həqiqətlərinin daha geniş və intensiv şəkildə çatdırılmasına çalışmalıyıq.

– Maraqlı müsahibə üçün çox sağ olun.

 

Vüqar Ağayev

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »