Misirin daha bir universitetində Azərbaycan dilinin tədrisi davam edir

0

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Qahirə Universitetindən sonra bu ölkənin daha bir nüfuzlu ali təhsil ocağı olan Əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir.

Əl-Əzhər Universitetində Azərbaycan dilini cəmiyyətin fəal üzvü İnarə Osmanova tədris edir. Bu ali təhsil ocağının Humanitar fənlər fakültəsinin türk dili bölməsində birinci və ikinci kurslarda təhsil alan tələbələr dilimizin öyrənilməsinə böyük maraq göstərirlər.

İ.Osmanova artıq beş ildir ki, bu ali təhsil ocağında ana dilimizi könüllü şəkildə tələbələrə öyrədir. O, həmçinin altı ildir ki, Qahirədəki Azərbaycan diaspor mərkəzində Azərbaycan dili və ədəbiyyatını tədris edib. Bu illər ərzində mindən çox tələbəyə Azərbaycan dilini tədris etmişdir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir.

Bu il əl-Əzhər Universitetində Azərbaycan dili dərslərində 204 tələbə iştirak edir. Dilimizə böyük maraq göstərən gənclər onu təkmilləşdirmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün əlavə kurslar təşkil olunacaq.

Qədim tarixi olan – 975-ci ildə təsis edilmiş əl-Əzhər Universiteti dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə 115 ölkədən 500 mindən çox tələbə təhsil alır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »