Bu gün Türkmənistanda səhər saat 7-dən ölkədə növbədənkənar prezident seçkilərində səsvermə üçün məntəqələr işə başlayıb.
İctimairey.az xəbər verir ki, bu barədə Türkmənistan Dövlət aparatının saytında məlumat yayılıb. Bildirilir ki, ölkə üzrə ümumilikdə 2577 seçki məntəqəsi yaradılıb. Vətəndaşların təhlükəsizliyi üçün, burada sanitar-profilaktik tədbirlər həyata keçirilib, 300-dən çox sahə innovativ dezinfeksiya cihazları ilə təchiz edilib.
Paytaxt vətəndaşları, vilayət və ətraf yaşayış yerlər üzrə səs verirlər və seçicilər qabaqcadan seçkiyə dəvətnamə, şəxsi nömrə, habelə səsvermə təlimatı alıblar.
Artıq 2726 milli müşahidəçi, eləcə də MDB-dən olan müşahidəçilər missiyası seçkiləri izləməyə başlayıb.
Bütün seçki məntəqələrində populyar müğənnilərin, yaradıcı kollektivlərin çıxışları təşkil olunub.
Səsvermə saat 19:00-dək aparılacaq.
Xatırladaq ki, Türkmənistan prezidenti postuna ümumilikdə doqquz namizəd Mərkəzi Seçki Komissiyasında qeydə alınıb. Üç siyasi partiya öz namizədlərini irəli sürüb. Altı namizəd vətəndaşların təşəbbüs qrupları tərəfindən irəli sürülüb.