“RİA Novosti” xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Ukraynada bioloji tədqiqat obyektlərinin olduğunu açıqlayıb. Onun sözlərinə görə, Amerika tərəfi Rusiya qoşunlarının bu cür obyektləri öz nəzarəti altına almağa cəhd edə biləcəyindən narahatdır.
“Buna görə də biz ukraynalılarla birlikdə bu tədqiqat materiallarından hər hansı birinin Rusiya qüvvələrinin əlinə keçməsinin qarşısını almaq üçün işləyirik”, – deyə siyasətçi bildirib.
Bundan əvvəl Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə idarəsinin rəisi İqor Kirillov Ukraynada 30 bioloji laboratoriyanın fəaliyyət göstərdiyini bildirib və bioloji laboratoriyalarının orijinal materiallarını dərc edib
Hərbi idarənin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb ki, Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı ABŞ Müdafiə Departamenti tərəfindən maliyyələşdirilən ölkədə həyata keçirilən hərbi bioloji proqramın izlərinin təmizlənməsi ilə bağlı faktlar aşkarlanıb. O qeyd edib ki, Rusiya hərbçiləri Ukraynanın bioloji laboratoriyalarının əməkdaşlarından fevralın 24-də taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin xüsusilə təhlükəli patogenlərinin fövqəladə məhvinə dair sənədlər alıblar.
Konaşenkov əlavə edib ki, sənədlər hazırda radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rusiyalı mütəxəssisləri tərəfindən təhlil edilir və onların təhlilinin nəticələri yaxın vaxtlarda təqdim olunacaq. O, həmçinin bəyan edib ki, bu sənədlər “Ukraynanın bioloji laboratoriyalarında, bilavasitə Rusiya ərazisinə yaxın ərazidə bioloji silah komponentlərinin hazırlanmasının həyata keçirildiyini” təsdiqləyir.
Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq, Donbasın müdafiəsi üçün hərbi xüsusi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb. Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsib. Ukrayna prezidenti Vladimir Zelenski ölkədə ümumi səfərbərliyin tətbiq olunduğunu açıqlayıb.