İranla Azərbaycan arasında, xüsusən də mədəniyyət və incəsənət sahələrində əlaqələrin genişlənməsinə heç bir maneə yoxdur.
Bunu İranın mədəniyyət və islami oriyentasiya naziri Məhəmməd Mehdi İsmaili deyib.
Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə ilə görüşdə o, mədəni əlaqələrin əvvəlkindən də çox genişlənəcəyinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə bağlı siyasəti qardaşlıq, həmfikirlik və qarşılıqlı anlaşmaya əsaslanır.
İranın mədəniyyət naziri də Novruz bayramını iki ölkənin ortaq irsi adlandırıb və iki ölkə arasında mədəniyyət sazişlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Əlizadə öz növbəsində bildirib ki, Azərbaycan Respublikası İranla siyasi və iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələri də inkişaf etdirməyə çalışır.
Səfir Tehranda İran və Azərbaycan Respublikası arasında əlaqələrin qurulmasının 30-cu ildönümü mərasiminə işarə edərək, həmçinin iki ölkə arasında media sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.