Rusiyanın Ukraynaya hücumları 10-cu gündür ki, davam edir. Rusiya qüvvələri paytaxt Kiyevə doğru yolları və yaşayış məntəqələrini bombalayaraq irəliləməyə çalışır. Ukrayna əsgərləri isə, şəhərin girişində qurduqları və poladla dəstəklənən barrikadalar arxasında son və əsas müdafiələrini etməyi planlaşdırır. Döyüşlər davam edərkən, tərəflər mülki əhalinin təxliyəsi üçün, müvəqqəti və regional atəşkəs barədə razılığa gəliblər. Mariupol və Volnovaha şəhərlərində mülki əhalinin təxliyəsi üçün, humanitar dəhliz yaradılıb. Lakin Ukrayna Rusiya ordusunun atəşkəsə əməl etmədiyi səbəbilə təxliyyələrin dayandırıldığı açıqlanıb. Qırmızı Xaç da təxliyyələrin bu gün başlamayacağını açıqlayıb. Yeni açıqlama verən Rusiya prezidenti Putin ölkəsinə qarşı sanksiyaların müharibə elanına bənzər olduğunu bildirib.
Rusiyanın Ukraynaya hücumunun 10-cu günüdür. Bölgədə qarşıdurmalar davam edir.
Rus əsgərləri paytaxta doğru irəliləyərkən Kiyevin Xatne kəndi bombaların hədəfi olub. Bir çox evi alov bürüyüb, yanğınsöndürənlər yanğını söndürmək üçün səy göstəriblər.
Kiyevin şimal-qərbindəki Borodyanka qəsəbəsində baş verən partlayışlar nəticəsində bir çox bina və nəqliyyat vasitələri yararsız hala düşüb.
ABŞ rəsmiləri ötən gün Rusiyanın sonuncu hərbi karvanının hələ də Kiyevdən 25 kilometr aralıda olduğunu bildiriblər.
“SANKSİYALAR MÜHARİBƏ ELANINA BƏNZƏYİR”
Rusiya prezidenti Vladimir Putin son açıqlamasında “Ukraynada hər şey planlaşdırıldığı kimi gedir” deyərək, “Sanksiyalar müharibə elanına bənzəyir” deyib.
Putin Ukraynada hərbi infrastrukturun məhv edilməsi üzrə işlərin demək olar ki, başa çatdığını bildirsə də, Rusiyada hərbi vəziyyət və ya fövqəladə vəziyyətin tətbiqi planının olmadığını bildirib.
MÜLKİ ƏHALİNİN ÇIXMASI ÜÇÜN ATƏŞKƏS
Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə saat 10:00-dan etibarən mülki əhalinin Mariupol və Volnovaxanı tərk etməsi üçün müvəqqəti atəşkəs tətbiq edəcəklərini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada mülki şəxslərin Mariupol və Volnovaxanı tərk etmələri üçün humanitar dəhlizlərin açıldığı bildirilib.
Söz mövzusu dəhlizlərin Ukrayna tərəfi ilə razılaşma ilə açıldığına diqqət çəkən açıqlamada, “Moskva vaxtı ilə saat 10:00-dan etibarən mülki şəxslərin Mariupol və Volnovahanı tərk etmələri üçün müvəqqəti atəşkəs tətbiq olunacaq” ifadəsi işlədilib. Mülki şəxslərin Moskva vaxtı ilə saat 12:00-dan 17:00-a qədər Ukraynanın Mariupol şəhərini tərk etməsinə icazə veriləcəyini bildirib.
Rusiya səhər saatlarında Ukraynanın cənubundakı Azov dənizi liman şəhərini mühasirəyə alan qoşunlarının atəşi dayandıracağını və mülki şəxslərin keçməsinə icazə verəcəyini bildirib.
QIRMIZI XAC: evakuasiyalar BU GÜN BAŞLANMAYACAQ
Lakin Rusiya ordusunun Mariupolda atəşkəs rejiminə əməl etmədiyi barədə məlumatlar yayılıb. Bu səbəbdən yerli rəsmilər təxliyyələrin yubandığını bildiriblər.
Kiyev administrasiyası isə, Volnovahada da atəşkəsin dayandırıldığını bəyan edib. Qırmızı Xaç da təxliyyələrin bu gün başlamayacağını açıqlayıb.
Ukraynada Rusiya ordusu tərəfindən mühasirəyə alınan Mariupol şəhərinin meri Vadim Boyçenko dünən verdiyi açıqlamada, şəhər əhalisinin 5 gündür bombardman altında qaldığını və təxliyyə üçün təhlükəsizlik dəhlizi yaradılmalı olduğunu bildirib.
RUSİYA: BİZ 4 SU-27 TƏYYARƏSİNİ MƏHV ETMİŞİK
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya qüvvələrinin Ukraynada genişmiqyaslı əməliyyatlarını davam etdirdiyi vurğulanıb.
Bəzi qəsəbələrin ələ keçirildiyi bildirilən açıqlamada, Ukraynaya aid 4 Su-27 təyyarəsinin vurulduğu paylaşılıb.
Zelenski: BU GÜNDƏN BÜTÜN ÖLƏNLƏR SİZİN ÜZÜNÜZDƏN ÖLÜR
Dünən keçirilən NATO sammiti ilə bağlı gecə saatlarında danışan Zelenski sərt tənqidlər səsləndirib.
Zelenski açıqlamasında NATO-nun bu gün keçirilən sammitini “zəif və çaşdırıcı sammit” adlandırıb.
Hər kəsin Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd kimi görmədiyinin aydın olduğunu deyən Zelenski davam edib:
“Biz inanırıq ki, NATO ölkələri guya Ukraynanın səmasını uçuş üçün bağlamaqla Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq mif yaradır. Bu özünü hipnozdur. Bu gündən ölənlərin hamısı sizin üzündən ölür”.
BMT: UKRAYNADA ÖLƏN VƏ YARALANAN mülki vətəndaşların SAYI MİNDƏN KEÇİB
BMT baş katibinin sözçüsü Stefan Düjarrik Rusiyanın Ukraynanı işğalında indiyədək 331 mülki vətəndaşın həyatını itirdiyini bildirib.
24 fevral – 3 mart tarixlərində ölən və yaralanan mülki vətəndaşların sayının 1006-ya yüksəldiyini bildirən Düjarrik 1,2 milyondan çox insanın ölkəni tərk etdiyini bildirib.
Bununla belə, Ukrayna rəsmiləri ölənlərin sayının 2000-dən çox olduğunu bildirir.