Rusiyanın Ukraynaya hücumundan sonra, bu gün tərəflərin ikinci görüşü keçiriləcək. Sülh danışıqlarının birinci raundunda Ukrayna prezidenti Zelenski bildirib ki, Rusiya ilə aparılan danışıqlar hələlik Ukraynanın istədiyi nəticə ilə nəticələnməyib. Kreml administrasiyası “danışıqların nəticəsini şərh etmək üçün hələ tezdir” bəyanatını verib.
İctimairey.az Rusiyanın xəbər agentliklərinin verdiyi məlumata görə bildirir ki, bu gün iki tərəf arasında ikinci sülh danışıqlarının keçiriləcəyi açıqlanıb.
Danışıqların Belarus-Polşa sərhədindəki Brest bölgəsində aparıla biləcəyi iddia edilib. İlk danışıqlar masası Belarusun Ukrayna sərhədində yerləşən Qomel vilayətində baş tutub.
İLK GÖRÜŞMƏDƏ HEÇ BİR NƏTİCƏ ÇIXMADI
Ötən gün hər iki tərəf ilk görüşü keçirdi və Ukrayna Prezidenti Zelenski Rusiya ilə danışıqların hələlik Ukraynanın istədiyi nəticə ilə nəticələnmədiyini söylədi.
Ukrayna nümayəndə heyətinin iştirakçısı və Zelenskinin müşaviri Mixail Podolyak Rusiyanın hələ də son dərəcə qərəzli olduğunu bəyan edib.
Podolyak, “Təəssüf ki, Rusiya tərəfi hələ də başladığı dağıdıcı prosesə qərəzli baxışını davam etdirir” deyib.
Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski açıqlamasında gündəmdəki bütün maddələri bir-bir müzakirə etdiklərini ifadə edərək, “Ortaq mövqelərdə proqnozlaşdıra biləcəyimiz bəzi məqamlar tapdıq. ”
“VASİTƏÇİYƏ EHTİYAC YOXDUR”
Kreml administrasiyası Ukrayna-Rusiya nümayəndə heyətləri arasında sülh danışıqları ilə bağlı açıqlamasında “Danışıqların nəticəsini şərh etmək hələ tezdir” deyib.
Kremlin sözçüsü Dmitri Peskov, “Rusiya və Ukrayna nümayəndə heyətləri birbaşa danışıqlarda görüşür, vasitəçiyə ehtiyac yoxdur” deyib.
KREML: HEÇ BİR SANKSİYA BİZİM MƏQSƏDİMİZİ DƏYİŞƏ BİLMƏZ
Kremlin sözçüsü Dmitri Peskov Moskva və Kiyev arasında münaqişəyə görə bu filirləri səsləndirib.
Birbaşa Putin və Zelenski ilə, ölkə prezidentləri arasında görüşün planlaşdırılmadığını açıqlayıb.
Peskov, “Rusiya mülki hədəflərə hücum etməyib, termobor və kaset bombalarından istifadə edilməyib. Rusiya heç bir hərbi cinayət törətməyib” deyib. Peskov onu da vurğulayıb ki, heç bir sanksiyalar Kremlin Ukraynaya münasibətini dəyişdirə bilməz.
İKİNCİ GÖRÜŞ BELARUS-POLŞA SƏRHƏDİNDƏ KEÇİRİLƏCƏK
Danışıq prosesinin davam etdirilməsi mövzusunda razılaşdıqlarını vurğulayan Medinski, “Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü yaxın günlərdə Belarus-Polşa sərhədində baş tutacaq” deyib.
Medinski əlavə edib ki, hər bir nümayəndə heyəti növbəti görüşə qədər öz ölkəsinin dövlət başçısı ilə məsləhətləşəcək.
Belarusun xarici işlər naziri Vladimir Makey də Rusiya və Ukrayna arasında danışıqları son dərəcə əhəmiyyətli hesab etdiyini vurğulayaraq, “Nümayəndə heyətlərinin yekun bəyanatlarından ehtiyatlı və nikbin bir sıra razılaşmaların əldə edildiyini görə bilərsiniz. Biz buna şadıq. Görüş Belarus torpağında baş verdi, çünki Belarus bütün böhranları və problemləri həll etmək, yollar tapmaq üçün hər şeyi edəcək və etməyə hazırdır”.