Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi yekunlaşdırılır

0

Beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi yekunlaşdırılır.

İctimairey.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  verilən məlumata görə, tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Agentliyin rəhbərliyinin nəzarəti ilə keyfiyyətlə aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Yolboyu işlərin fiziki tərəqqisi 80 faiz təşkil edir. Tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72,5 santimetr, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 santimetr təşkil edəcək.

Yolboyu torpaq yatağının tikintisi işləri yekunlaşmaq üzrədir. Layihə üzrə hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.

Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi suötürücü boru inşa edilir. Layihə ərzində zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.

130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Azərtac

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »