Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna baxmayaraq Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhəddini keçmələrinə köməklik göstəriləcək.
Bu barədə Axar.az-a Azərbaycanın fəxri konsulluğundan məlumat verilib.
“Eyni zamanda Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu idarəsi və Xarkov Dəmir Yolu vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılıb. Xarkov şəhərini tərk etmək istətən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.
Eyni zamanda konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir və burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verir. Azərbaycanın fəxri konsulluğu olaraq Sizlərdən bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik.
Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”, – məlumatda qeyd olunub.