İctimaiRəy.az daxil olan məlumata görə-Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Rusiya təyyarələri üçün, üzv ölkələrin hava məkanını tamamilə bağlayır.
“Biz Aİ hava məkanını Rusiya [təyyarələri] üçün bağlayırıq. Biz Rusiyaya məxsus, Rusiyada qeydiyyatdan keçmiş və ya Rusiyanın nəzarətində olan bütün təyyarələrə qadağa qoyuruq. Bu təyyarələr nə yerə enə, nə havaya qalxa, nə də Aİ ərazisi üzərində uça bilməyəcək”, – deyə Ursula fon der Leyen bildirib.
O, əlavə edib ki, heç bir təyyarə, hətta özəl mülkiyyətdə olan təyyarələr üçün də istisna olmayacaq.
Bundan əvvəl Avropa İttifaqı ölkələrinin öz hava məkanını Rusiya aviaşirkətlərinin üzünə bağlamağı planlaşdırdığı bildirilirdi. Qadağanın tətbiqinin dəqiq tarixi göstərilməyib.
Bəzi ölkələr, o cümlədən Bolqarıstan, Böyük Britaniya, Latviya, Litva, Polşa, Rumıniya, Sloveniya, Çexiya və Estoniya Rusiyadan gələn hava daşıyıcılarına qadağa qoyan ilk ölkələr olub.