ADAU-da tədbir: Xocalı soyqırımı – insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir

0

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

İctimairey.az xəbər verir ki, əvvəlcə faciə qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi yad olunub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Xocalı faciəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə, insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu deyib. Xocalı faciəsinə ilk siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladan rektor bildirib ki, məhz onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevral Xocalı soyqırımı və Milli Matəm Günü elan olunub.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və Təlim-tərbiyə işləri üzrə prorektor Aidə Qasımova çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlərin həyata keçirildiyini və bu işdə hər bir soydaşımızın fəal iştirak etməli olduğunu bildirib.

Həmçinin Mühəndislik fakültəsinin professor-müəllim heyətindən nümayəndələr çıxış edərək, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunların Xocalı faciəsi kimi soyqırımlarını pislədiyini vurğulayıblar.

Sonda fakültə tələbələrinin poetik kompozisiyaları və Xocalı faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Azərtac

 

 61 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »