MHP Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

0

XX əsrin ən ağır faciələrindən biri sayılan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təcavüzkar Ermənistanın silahlı dəstələri, Rusiyanın 366-cı alayının iştirakı ilə xüsusi amansızlıqla Xocalı şəhərində azərbaycanlılara qarşı etnik-milli nifrət zəminində soyqırım törədiblər.

Bu qətliamdan əvvəl, Xocalı şəhəri fevralın 25-də toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmuşdu. Nəticədə şəhərdə güclü yanğınlar baş vermişdi. Vəziyyətin həddindən artıq gərginləşdiyini, qorxulu hal aldığını görən Xocalı sakinlərindən təxminən 2500 nəfərə qədəri yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə qərar vermişdi. Ancaq Xocalını tərk etmək istəyənlər də, Xocalıda qalan sakinlər də tarixdə misli görünməmiş bir qəddarlıqla üzləşdilər. Belə ki, şəhəri yandıran quduz erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın hərbçiləri dinc xocalılara xüsusi amansızlıqla divan tutdular.

Tükürpədici vəşiliklərə məruz qalan Xocalı fevralın 26-da insanlıq tarixinin ən dəhşətli günlərindən birini yaşadı. Bu soyqırım zamanı 613 nəfər ödürülüb, 1000 nəfərə yaxın dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər uşaq isə valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb və onların 150-sinin taleyi indiyədək məlum deyil.

Bütövlükdə 7 mindən çox Xocalı sakini həyatından və yurd-yuvasından məhrum edilib. Bu, insanlığa, bəşəriyyətə qarşı törədilmiş, dünya tarixində misli görünməmiş bir genosid aktıdır. Bütün dünya ictimaiyyəti bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilib və soyqırımın günahkarları beynəlxalq məhkəmə qarşısında mütləq cavab verməlidir. Bu vəhşiliyi törətdiyini etiraf edən, əlləri dinc xocalıların qanına batan Serj Sərkisyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan kimi qatillərin cəzasız qalmağa, törətdikləri vəhşiliklərlə qürur duymağa mənəvi haqqı yoxdur.

Dünya birliyi vaxtilə alman faşizminin öndə gələn simalarını ədalət məhkəməsinin qarşısına çıxardığı kimi erməni faşizminin liderlərini və ideoloqlarını da Beynəlxalq Məhkəmənin mühakiməsinə verməlidir. Faşizmin ağı, qarası olmur. Alman faşizmi ilə erməni faşizminə fərq qoyulmamalıdır. Dünya birliyinin Hitler faşizmi ilə erməni faşizminə ikili münasibət sərgiləməyə mənəvi ixtiyarı yoxdur. Bu gün erməni faşizminin Xocalıda və bütün Qarabağda törətdiyi vəhşiliklərə göz yuman ölkələr sabah özləri də faşizmin fərqli təzahür formalarına məruz qala bilərlər.

Beynəlxalq təşkilatlar və dünya liderləri anlamalıdırlar ki, faşizm, separatizm və terrorizm bütün ölkələrin başı üzərindən asılmış “Damokl qılıncı”na bənzəyir. Odur ki, BMT başda omaqla bütün mütərəqqi qüvvələr son 30 il ərzində erməni faşizminin, erməni separatçılığının və erməni terrorizminin hər cürə dəhşətlərini yaşamış azərbaycanlıların acılarına biganə qalmamalıdırlar.

Biz Milli Həmrəylik Partiyası olaraq son 30 il ərzində işğalçı Ermənistanın və separatçı ermənilərin azərbaycanlılara qarşı və mədəniyyət ocaqlarımıza, dini məkanlarımıza, tarixi abidələrimizə, yaşayış yerlərimizə, təbiətimizə qarşı törətdikləri bütün vəhşilikləri və vandalizm siyasətini qətiyyətlə qınayırıq. Amma bunu da dərk edirik ki, təkcə qınamaqla iş bitmir. Erməni millətçiliyi, erməni şovinizmi və erməni faşizmi təkcə siyasi partiyaların və ictimai təşkilatların qınağı ilə ram olunan, cilovlanan deyil. Beynəlxalq birlik də erməni faşizminə qarşı bir an öncə hərəkətə keçməli, həm erməni silahlı qüvvələri və terror təşkilatlarının törətdiyi Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilməli, həm də yuxarıda adları qeyd olunan erməni faşizminin liderlərinin və ideoloqlarının cinayət məsuliyyətinə cəlb olunması, cəzalandırılması istiqamətində gərəkən addımlar atılmalıdır.

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə xilaskar Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində işğalçı Ermənistana sarsıdıcı zərbələr endirərək Xocalı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda canlarından keçən, şəhid olan bütün qəhrəman övladlarımızın intiqamını alıb. Lakin Xocalı soyqırımını törətmiş, insanlığa qarşı suç işləmiş erməni faşistlərinə qarşı “ikinci Nürnberq”in qurulması isə bilavasitə beynəlxalq birliyin üzərinə düşən vəzifədir. Biz beynəlxalq birliyi Xocalı soyqırımını törədənlərlə bağlı ədalətli qərar qəbul etməyə çağırırıq!

Milli Həmrəylik Partiyasının İdarə Heyəti ,
24 fevral 2022-ci il.
Bakı şəhəri.

 45 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »