Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında dünyasını dəyişib.
İctimairey.az xəbər verir ki, bu barədə qaboy ifaçısının qızı Gülşən xanım məlumat verib.
Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada sadə bir zəhmətkeş ailəsində dünyaya gələn Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır.
Atası Cəlil kişi İkinci Dünya Müharibəsində ayaqlarını itirmişdi. Əlil arabası ilə gəzirdi. Dülgərlik sənəti ilə məşğul olan atasının musiqiyə də marağı böyük olub. Ona görə də oğlunun musiqi məktəbində təhsil almağını istəyirdi. Hətta Kamilə bir nağara da düzəltmişdi. Musiqi məktəbində təhsil almağa başlayan Kamil təsadüfən eşitdiyi qoboy musiqi alətinin ifaçısı olmaq istəyir. Ancaq atası bu həvəsə qarşı çıxır. Kamil Cəlilov həmin illəri belə xatırlayır:
“Yeni çalmağa başladığım vaxtlarda atam qoboyumu sındırıb, məni döydü, sonra zirzəmiyə saldı. Atam əlil olduğuna görə ifam onun əsəblərinə toxunurdu. Hətta zirzəmidə özümə şərait yaradıb orda qoboy çalırdım. Bu çətinliklərimi görən anam məni oradan xilas etdi.”
***
Kamil Cəlilov Əhməd Bakıxanovun ansamblında qoşanağara çalır, eyni zamanda qoboy dərslərinə gedirdi. Bir gün Əhməd müəllim onu yanına çağırır və deyir ki, eşitmişəm qoboy da çalırsan. Gənc Kamil “Bayatı-kürd”ü ifa edir və Əhməd müəllim ona heyran qalır. Bundan sonra studiyaya gedirlər. Beləliklə, Kamil Cəlilovun ilk lent yazısı qeydə alınır.
Onu respublikada daha çox tanıdan 20 yanvar şəhidlərinin dəfni zamanı çaldığı “Zəminxarə” muğamı oldu. Kamil Cəlilov əvvəllər də bu muğamı ifa etmişdi, amma bu qədər əks-səda yaratmamışdı. İndi isə muğamın nisgili milyonların yas əhval-ruhiyyəsinə hopub onu daha da təsirli eləmişdi.
***
Kamil Cəlilov deyir, 20 Yanvardan sonra məni toylara yox, yas mərasimlərinə çağırdılar. Bu, mənim sənətkar həyatımda gözlənilməz bir dönüş oldu.
***
Yəqin, çoxları bilmir ki, 1977-ci ildə NASA-nın “Voyager 1” peyki ilə kosmosa göndərilən qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı “Çahargah ahəngi” adlı kompozisiya da var.
Allah rəhmət eləsin.