Moskva Bəyannaməsi tarixi zərurət idi

0

Cari ilin fevral ayının 22-də Moskva şəhərində Azərbaycan respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vlasdimir Putin arasında “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanmışdır. Bəyannamə Azərbaycanın çoxşaxəli müstəqil xarici siyasətinin növbəti qələbəsi kimi qəbul edilməlidir, çünki həmin sənəd də milli maraqlarımız tamamilə nəzərə alınmışdır.

Bildiyiniz kimi, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynadı. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”

Azərbaycan ilə Türkiyə arasında 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olundu. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri  müttəfiqlik səviyyəsinə yüksəltdi və Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə etdi.

Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir.  2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın qonşu Gürcüstan və İranla da münasibətləri yüksək səviyyədədir.

Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. NATO ilə münasibətlər uğurla inkişaf edir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirir. Rəsmi Bakı hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində maraqlıdır.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu barədə mövqeyi tam aydındır. Azərbaycan heç vaxt özünün üçüncü ölkələrə qarşı istifadə olunmasına imkan verməyib.

Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən aşağıdakı sənədlər imzalanmışdır: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqavilə; “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Bütün bunlar əsas verdi ki, yeni  müttəfiqlik sənədi imzalansın. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.

Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Bəyannamə ilə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələri aşağıdakılardır: Qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq; Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik; Milli maraqların aliliyi; Beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət; Qarşılıqlı fəaliyyət; Qafqaz və Xəzər regionlarında sabitlik naminə əməkdaşlıq; Tərəflərin təhlükəsizlik maraqlarının qorunması; Məsləhətləşmələr mexanizminin yaradılması; Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu; Uzunmüddətli sülh naminə əməkdaşlıq; Ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının alınması; Hərbi-texniki və siyasi əməkdaşlıq; Maliyyə institutlarının əməkdaşlığı; Tranzit-nəqliyyat fəaliyyətinin potensialının inkişafı; Atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq; İnformasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafı; Aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq; Səhiyyə sahəsində əməkdaşlıq; Parlamentlərarası əməkdaşlıq; Humanitar sahəsində əməkdaşlıq.

Bəyannamənin azərbaycan üçün xüsusi siyasi əhəmiyyəti vardır. Belə ki, Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən birsənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.

Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməmişdir.

Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi kimi, Rusiya ilə imzalanan Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. İmzalanmış Bəyannamə Azərbaycanı daha da gücləndirir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, bir konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi peşəkar diplomatiya, habelə siyasi iradə, güc və müvafiq bacarıqların təzahürüdür.

Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi və Rusiya ilə imzalanmış Moskva bəyannaməsi arasında çox ciddi fərqlər vardır. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, Rusiya ilə imzalanmış sənəd isə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir birinə yardım göstərirlər (hərbi yardım da daxil olmaqla). Rusiya ilə imzalanmış bəyannamədə bu cür müddəalar yoxdur.

Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistanın vəziyyətdən sui-istifadə imkanlarını məhdudlaşdırır. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcəklər.

İmzalanmış Bəyanat münasibətlərə xələl gətirməyəcək. Rəsmi Bakı və ya rəsmi Moskva digər ölkələrlə münasibətlərində sərbəstdirlər və imzalanmış Bəyanat Ukrayna-Azərbaycan əlaqələrinə xələl gətirməyəcəkdir. Bəzi maraqlı şəxslərin, siyasi qrupların Bəyannamənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında  yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir.

İmzalanmış Bəyannamə haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, “Rusiya və Azərbaycan arasında çox geniş müqavilə-hüquq bazası vardır. İki ölkə arasında 245 sənəd imzalanıb. Lakin 22 fevral tarixində imzalanmış Bəyannamə münasibətləri müttəfiqlik səviyyəsinə çıxarır”.

Həmin sənəd üzərində praktiki iş bir il bundan əvvəl başlanmışdır. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılmışdır.

Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar.

2020-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 ili tamam olur. Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da mövcuddur.

Azərbaycan və Rusiya “3+3” əməkdaşlıq platformasında birgə fəaliyyət göstərirlər. Platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra əməkdaşlıq imkanları artacaqdır. Regionda kommunikasiyaların açılması məsələsi də müzakirə olunur. Humanitar sahə həmişə prezidentlərin diqqət mərkəzində olmuşdur. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı bir çox məsələlərə işarə edir. Azərbaycanda ali məktəblərin rus bölməsində minlərlə tələbə təhsil alır və rus dilində təhsilə maraq getdikcə artır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətləri iştirak edir. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb. Bu sahə əməkdaşlığın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaqdır.

Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində Rusiyanın rolu böyükdür. Otuz ilə yaxın, – qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə, bu, artıq niyyətlərin göstəricisi kimi qəbul olunmalıdır.

Rəsmi İrəvanın 9 (10) noyabr 2020-ci il tarixli Bəyannaməyə əsasən üzərinə götürdüyü öhdəliyə görə, bütün erməni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalı və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyalar açılmalıdır. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yollarının axtarışında Rusiya bizim əsas tərəfdaşımızdır. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcəkdir.

Azərbaycana müharibə istəmir. Lakin ərazi bütövlüyümüzü hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazırıq. Inanırıq ki, Rusiya və Azərbaycan birgə səyləri nəticəsində Qafqazda, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi və dayanıqlı sülhün təmin olunmasında böyük nailiyyətlər əldə olunacaqdır.

Gülbəniz Cəfərova- Odlar Yurdu Universitetinin məzunu, Nərimanov rayonun fəal gənci

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »