Fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İctimairey.az-a Göygöl rayon prokurorluğundan daxil olmuş məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.