Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin bir qrup sakini Tbilisidə parlament binası yaxınlığında aksiya keçirir.
İctimairey.az xəbər verir ki, onlar bu ilin yanvarın 4-dən itkin düşmüş həmkəndliləri, 42 yaşlı Nazim Nəbiyevin axtarışlarının bu günədək heç bir nəticə verməməsindən narazılıqlarını bildirirlər.
Yormuğanlı sakinləri parlamentin nümayəndəsi ilə görüş tələb edirlər.
Xatırladaq ki, N.Nəbiyev yanvarın 4-də Qardabani bələdiyyəsinin Qaracala kəndinə gedib. O, mal-qara almaq üçün üzərində 32 min lari pulla Kaspi rayonuna yollanmağa hazırlaşırdı. Yaxınları onun itkin düşməsini pulla əlaqələndirirlər.
Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrumetmə maddəsi üzrə cinayət işi açılıb.
Yormuğanlı sakinləri fevralın 4-də kənddə analoji aksiya keçiriblər. “Report”