Fevralın 12-də Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) növbəti – II Hesabat-seçki Qurultayı keçirilib.
İctimairey.az xəbər verir ki, qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndələri, Ukraynanın müxtəlif regionlarından gəlmiş 200 nəfərə yaxın təmsilçi, Ukraynanın dövlət rəsmiləri, deputatlar, jurnalistlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl Qurultay nümayəndələri ulu öndər Heydər Əliyevin Kiyevdəki abidəsini ziyarət edib, qarşısına tər çiçəklər düzüblər. Sonra Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə işinə başlayan Qurultayda Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UAR-ın baş katibi Ceyhun Məmmədovun moderatorluğu ilə keçən Qurultayda DİDK-nın sədr müavini Vaqif Seyidbəyov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərimizdən sonra diasporumuzun fəaliyyətində yeni bir mərhələ başladığını qeyd edib. V.Seyidbəyov DİDK-nın fəaliyyəti – Koordinasiya Şuraları, Azərbaycan Evləri, Qarabağ məktəbləri, gənclərlə iş istiqamətində həyata keçirilən layihələri və sairləri barədə məlumat verib. Diasporumuzu daha da inkişaf etdirmək, onun fəaliyyətini gücləndirmək üçün birlik və həmrəyliyimizi daha da möhkəmləndirməyin vacibliyini bildirib.
Dövlət Komitəsinin fəaliyyətini əks etdirən qısa videoçarxın nümayişindən sonra çıxış edən Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Kamal Xəlilov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşan Azərbaycan diasporunun bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini vurğulayıb. Ukrayna Azərbaycanlıları Radasının fəaliyyətini yüksək qiymətləndirən Kamal Xəlilov təşkilatın tarixi Vətənimiz Azərbaycan və dövlətimiz üçün əlindən gələni etdiyini diqqətə çatdırıb.
Ukrayna Ali Radasının deputatı Maryan Zablotskiy Ukraynada yaşayan soydaşlarımızı sadəcə Azərbaycan diasporu deyil, Ukraynanın bir parçası olduğunu, onların vətənpərvərliyini xüsusi qeyd edib.
Ukraynanın Etnosiyasət və vicdan azadlığı Dövlət Xidmətinin rəhbəri Yelena Boqdan Ukrayna cəmiyyətinə verdiyi töhfələrə, ölkənin ərazi bütövlüyünün qorunmasına göstərdiyi dəstəyə görə Azərbaycan diasporuna təşəkkürünü bildirib.
İrpen şəhər merinin müavini İrina Petrova Azərbaycan diasporu ilə qarşılıqlı əməkdaşlığın ildən-ilə inkişaf etdiyini, İrpendə akademik Zərifə Əliyeva adına parkının olmasını, ən yaxşı məktəblərdən birinə akademik Zərifə Əliyevanın adının verilməsini bu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, İrpen şəhərinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan diasporunun bir qrup üzvü xüsusi diplomla mükafatlandırılıb.
UAR-ın baş katibi Ceyhun Məmmədovun Ukrayna Azərbaycanlıları Radasının 3 illik fəaliyyətinə dair hesabat çıxışından sonra videoçarx təqdim olunub.
Daha sonra çıxış edən UAR-ın həmsədrləri Oleq Krapivin və Hikmət Cavadov Qurultay iştirakçılarına UAR-ın fəaliyyətinə göstərdiyi dəstəyə və tədbirə qatıldıqlarına görə təşəkkür ediblər. Qarabağ səfərindən sonra diasporumuzun qarşısında açılan yeni mərhələdə hədəflərə nail olmaq üçün birliyimizi möhkəmləndirməyin, hər bir azərbaycanlının, o cümlədən iş adamları və ziyalıların hüquqlarının qorunmasının vacibliyini qeyd ediblər.
Çıxışlardan sonra Ukrayna Azərbaycanlıları Radasında təmsil olunmaq üçün müraciət edən 23 təşkilatla UAR arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Diaspor rəhbərləri Murad Ömərov, Eldar Tağıyev, Şeyx Şakir və başqaları çıxış edərək Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun birlik və həmrəylik təşəbbüslərini təşkilatların dəstəkləməsini, bu gün daha 23 təşkilatın UAR-la əməkdaşlığa başlamasını alqışlayıblar.
Sonda səsvermə yolu ilə təşkilatın Əsasnaməsinə edilən dəyişikliyə uyğun olaraq İdarə Heyətinin tərkibi genişləndirilib və yeni üzvlər seçilib. Daha sonra İdarə Heyətinin üzvləri Ceyhun Məmmədovu UAR-ın icraçı direktoru seçib. Bundan başqa, təşkilatın tərkibində Ziyalılar, Gənclər və İş adamları Şuraları yaradılıb, onların üzvləri müəyyənləşdirilib. Daha sonra UAR-ın loqosunun dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülüb və yekdilliklə qəbul olunub.
Sonda Ukrayna Azərbaycanlıları Radasının II Qurultayının Bəyanatı oxunub və Qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.
Ukrayna Azərbaycanlıları Radasının II Qurultayı incəsənət ustalarının iştirak etdiyi ziyafətlə yekunlaşıb.
Qurultay yerli mediada geniş işıqlandırılıb. AZƏRTAC