Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsinin zalında 9 milyon lariyə (təxminən 3 milyon dollar) dövlət vəsaitinin mənimsənilməsi işi üzrə məhkəmənin keçirildiyi zalda Ukrayna himnini oxuyub.
İctimairey.az xəbər verir ki, çərşənbə günü məhkəmə zalından görüntüləri Gürcüstanın Mtavari Arxi telekanalı yayıb.
Saakaşvili çıxışında bütün ittihamları əsassız adlandıraraq, prokurorları və məhkəməni korrupsiyada ittiham etməklə başlayıb. Bu, məhkəmə zalında ajiotaj yaradıb və tərəflər arasında sözlü atışma olub. Bundan sonra, vəkillər Ukrayna bayrağını Saakaşviliyə verib və telefonda Ukrayna himnini səsləndiriblər və keçmiş prezident də oxumağa başlayıb.
Proseslə paralel olaraq, Tbilisi Şəhər Məhkəməsinin həyətində Saakaşvilinin tərəfdarları eks-prezidentə dəstək üçün, ənənəvi aksiya keçiriblər. Onlar üzərində “#Freemisha””Ukraynaya eşq olsun” yazılmış plakat açdılar.