Azərbaycanın Rusiyadakı səfirliyi “Prodekspo-2022” sərgisində erməni təxribatı ilə bağlı məlumat yayıb

0

Azərbaycanın Rusiyadakı səfirliyi fevralın 7-12-də Moskvada keçiriləcək “Prodekspo-2022” beynəlxalq ərzaq sərgisində iştirakı nəzərdə tutulan “Beydj Brendi Kompani” erməni şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı müxtəlif KİV və sosial şəbəkələrdə yayılan məlumatla əlaqədar açıqlama yayıb.

İctimairey.az xəbər verir ki, səfirlikdən AZƏRTAC-a bildiriblər ki, fevralın 3-də səfirliyin məsul diplomatları məsələ ilə əlaqədar sərginin keçiriləcəyi “Eksposentr” Mərkəzi Sərgi Kompleksinin müvafiq rəhbər işçiləri ilə görüşüblər.

Görüşdə “Beydj Brendi Kompani” şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı yayılan xəbərlərin narahatlıq doğurduğu diqqətə çatdırılıb və adıçəkilən şirkətin sərgidə iştirakının qəbuledilməzliyi vurğulanıb.

Cavab olaraq bildirilib ki, həmin şirkətin təqdim etdiyi sənədlərdə şirkət Yerevanda göstərilən ünvan üzrə qeydiyyata alınıb, “Prodekspo” saytında isə “Artsax” və ya “Dağlıq Qarabağ”ı əks etdirən hər hansı yazı və simvollar mövcud deyil. Qeyd edilib ki, sözügedən şirkətin baş ofisinin “Ermənistan, Artsax (Dağlıq Qarabağ), Stepanakert, Tumanyan küç., ev 50”də qeydiyyatda olması erməni informasiya saytı “spyur.am”da verilib. Həmin saytda son yenilənmə 2021-ci il martın 16-na aiddir ki, bu məlumat da hazırkı vəziyyəti əks etdirmir.

Xüsusi olaraq vurğulanıb ki, xoşagəlməz halları istisna etmək üçün müvafiq tapşırıqlar verilib. Qeyd edilən məlumat bir daha yoxlanılacaq və öz təsdiqini tapacağı təqdirdə, həmin şirkət sərgiyə buraxılmayacaqdır.

Məsələ səfirliyin xüsusi nəzarəti altındadır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »