Avropa Komissiyasının enerji komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün, fevralın əvvəlində Azərbaycanla danışıqlar aparmaq niyyətindədir.
İctimairey.az xəbər verir ki, Financial Times adı açıqlanmayan avropa rəsmilərinə istinadən yazır.
Qəzetin yazdığına görə, Aİ Ukraynada münaqişənin gərginləşəcəyi təqdirdə Qərbin sanksiyalarına cavab olaraq, Rusiyanın guya Avropaya qaz nəqlini kəsə biləcəyindən ehtiyat edir.
“Aİ fövqəladə vəziyyətdə qaz tədarükünü təşkil etmək ümidi ilə Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır”, – nəşr yazır.
Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, Brüssel həmçinin bəzi Asiya ölkələri ilə mayeləşdirilmiş təbii qazın mümkün tədarükü ilə bağlı danışıqlar aparır.
Bundan əvvəl, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi nümayəndəsi İbrahim Əhmədov bildirib ki, Bakı Avropaya qaz tədarükünün genişləndirilməsi imkanlarını öyrənir.
Kreml bəyan edib ki, Rusiya Avropaya qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərini həmişə qüsursuz yerinə yetirib və heç vaxt onun etibarlılığına şübhə etməyə əsas verməyib.